SABİQ NAZİR DƏ DEPUTAT OLDU - Parlamentin iqtisadi blokunda təmsil oluna bilər
Yeni parlamentdəki maraqlı simalardan biri də sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov olacaq.
Hurriyyet.az xəbər verir ki, MSK-nın açıqladığı rəsmi nəticələrə görə, Əsədov Heydər Xanış oğlu 51 saylı Şirvan seçki dairəsindən 67 faiz səslə deputat mandatı qazanıb.
Son iş yeri Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsi olan H.Əsədov 2 may 2024-cü il tarixində yenidən, daha 5 illiyinə bu vəzifəyə təyin edilmişdi. Rektor kreslosunu deputat mandatına dəyişən Əsədovun peşəkar iqtisadçı, maliyyəçi olduğunu nəzərə alsaq, onun parlamentin iqtisadi blokunda önəmli yerlərdən birini tutacağı gözləniləndir.
Xatırladaq ki, H.Əsədov 1995-ci ildə Maliyyə nazirinin müavini təyin edilib, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib. 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub.
H. Əsədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.
“AzPolitika.info”