SABİQ İCRA BAŞÇISI AZTƏMİNATLI İŞÇİLƏRİN DƏ PULUNU TALAYIB - Məbləğ açıqlandı

2022-04-25 16:23:00

SABİQ İCRA BAŞÇISI AZTƏMİNATLI İŞÇİLƏRİN DƏ PULUNU TALAYIB - Məbləğ açıqlandı

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi pulların bəziləri məlum olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, cinayət materiallarında qeyd edilib ki, o, işlədiyi müddət ərzində aztəminatlı işçilərin 152 600 manat pulunu ələ keçirib.

Belə ki, Neftçala rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında 2017-ci ildə çoxmənzilli binaların əsaslı təmirinə cəlb olunaraq “Master-İnşaat-Servise” MMC-yə göndərilmiş 93 nəfər aztəminatlı işçilərin 64 nəfəri, 2018-ci ildə “Master-Ofis” MMC-yə göndərilən 49 nəfər aztəminatlı işçilərin 40 nəfəri (işə qəbul edilib çıxanlar nəzərə alınmaqla) çoxmənzilli yaşayış binalarının təmirində işləmədiklərini, İ.Vəliyevə bağlılığı olan fərdi təsərrüfatlarda (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Günərzi” Qayğı Mərkəzi-baxça, “Taxıl” ASC, “YURDUM” restoranı, “Betonzavod”, “keçi ferması”, Neftçala sənaye məhəlləsində kənd təsərrüfatı alətləri istehsal edilən sex, heyvan kökəltmə ferması, “Təmir-Bərpa” MMC-yə məxsus ticarət mərkəzi-bazarda və digər) işlədiklərini bildirib.

Daha sonra keçmiş icra başçısı büdcə vəsaiti hesabına 2017-ci ilin iyul-dekabr aylarında 64 nəfərə 69 600 manat, 2018-ci ildə 40 nəfərə 83 000 manat olmaqla, ümumilikdə 152 600 manat əməkhaqqı hesablanaraq “KapitalBank” ASC-nin Neftçala filialından ödəniş kart hesablarına köçürülməsi müəyyən olunub.

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya