“SABAH ERMƏNİSTAN TARİXİNDƏ ƏN AĞIR GÜN OLA BİLƏR” – “İlkin şərt erməni qoşununun Zəngəzurdan çıxarılmasıdır...”

2021-11-25 15:45:00

“SABAH ERMƏNİSTAN TARİXİNDƏ ƏN AĞIR GÜN OLA BİLƏR” – “İlkin şərt erməni qoşununun Zəngəzurdan çıxarılmasıdır...”

Noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüş öncəsi Ermənistanda siyasi gərginlik və qeyri-müəyyənlik mühiti hökm sürməkdədir. Ermənistanın siyasi dairələrində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin müzakirə edəcəyi mövzularla bağlı müxtəlif mülahizələr səsləndirilir, hətta bəzi mətbu orqanlar və politoloqlar konkret sənədlərin imzalanacağını iddia edirlər. Ümumilikdə isə erməni cəmiyyətində pessimizm o həddə çatıb ki, bu prosesdə Ermənistanın xeyrinə olan hansısa məqamın yer alacağına inananların sayı olduqca azdır.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Nikol Paşinyan hökumətinə müxalif olan qüvvələrin birləşdiyi “Azadlıq hərəkatı” sabahkı görüşlə bağlı “həyəcan təbili” çalıb. Təşkilatı təmsil edən sabiq deputat, qatı millətçi baxışlarıyla tanınan Sofya Ovsepyan sabahkı üçtərəfli görüşün Ermənistanın təkcə müasir tarixi deyil, bütünlükdə erməni tarixi üçün həlledici gün ola biləcəyini deyib: “Baş nazir onun özünə məqbul olan sənədi razılaşdırmaq üçün görüşəcək (Üçtərəfli görüşü nəzərdə tutur-red.). Hansı ki, bu sənəd Ermənistanın Tavuş, Ararat, Sünik, Vaydazor vilayətləri və Qarabağ üçün nekroloq olacaq.”

Göründüyü kimi, erməni siyasətçi ətrafında müzakirə aparılacağı və imzalanması gözlənilən sənədin Ermənistanın Zəngəzur da daxil olmaqla, bir sıra bölgələrinin və Qarabağın taleyində həlledici rol oynayacağını, hətta bununla da həmin ərazilərin itiriləcəyini, bunun Ermənistan üçün “nekroloq” xarakteri daşıyacağını iddia edib. Əslində, bu, təkcə Ovsepyanın deyil, erməni cəmiyyətinin böyük hissəsinin gözləntisidir.

Bu arada sabahkı danışıqlarla bağlı Ermənistanın aparıcı mətbu orqanlarından olan “Hraparak” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzet hökumətdəki mənbələrinə istinadla yazıb ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Ermənistanın qarşısına qoyulan şərtlərdən biri də erməni qoşunlarının Zəngəzurdan çıxarılmasıdır: “Demarkasiya və delimitasiyaya başlanması üçün ilkin şərt Sünikdən (Zəngəzur-red.) ordunun çıxarılmasıdır. Baş nazir Nikol Paşinyan imzalanacaq sənədin sadəcə demarkasiya və delimitasiya ilə bağlı komissiyanın yaradılmasına aid olacağını söyləsə də, artıq bəzi dairələr sənədin bir sıra bəndlərinin detallarını müzakirə edirlər”.

Hələ ki, qəzetin yaydığı bu məlumatla bağlı hər hansı rəsmi açıqlama verilməyib. Lakin məntiqlə doğrudan da Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin ərazisində erməni qoşununun mövcudluğu mümkünsüzdür və böyük ehtimalla qəzetin yaydığı bu məlumat yaxın gələcəkdə öz təsdiqini tapacaq.

aAzPolitika.info