Saat:13:17
Haqqımızda

Saakaşvilinin və Gürcüstanın siyasi taleyi...

2021-10-19 12:09:00

Saakaşvilinin və Gürcüstanın siyasi taleyi...

VMHP-nin təkrar seçkilərdə məğlubiyyəti eks-prezidentin və ölkənin gələcəyini şübhə altına ala bilər

Sabiq prezident Mixail Saakaşvilinin Gürcüstana qayıtması ölkə vətəndaşları və Qafqaz regionunda baş verən hadisələri izləyən bir çox müşahidəçi üçün gözlənilməz "sürpriz" oldu. Necə ki, o, özü də hökumətə “sürpiz” hazırladığı mesajını verirdi.

Gizli şəkildə bərə ilə ölkəyə gəldi, 4 gün “gözəgörünməz” olaraq qaldı, bir neçə şəhəri gəzdi, nəhayət sonda özü yerini elan etdi və milyarder Bidzina İvanişvilinin oliqarx rejiminin nümayəndələri tərəfindən həbs edildi.

Saakaşvili yaydığı videomesajlarla “Gürcü arzusu“ hökuməti ilə sanki “gizlənqaç” oynadı. O, ölkənin müxtəlif istiqamətlərində çəkilən görüntüləri paylaşmaqla, “gəlin məni tutun”, - deyə İvanişviliyə meydan oxudu.

Əslində, son aylarda rejimin zəifləmə mərhələsinə qədəm qoymasının əlamətləri görünürdü. Bu, həm AB rəsmisi Şarl Mişelin seçki qalmaqalının yaratdığı siyasi böhranı aradan qaldırmaq üçün “Gürcü arzusu”nu 43%-lik baryerə razı salmsı, həm də sentyabrın 13-də məxfi materialların internetə sızması ilə özünü biruzə verdi. Hansı ki, sentyabrın 13-də Gürcüstan təhlükəsizlik strukturlarında çalışmış şəxslər “Həkim Paşa” ləqəbi ilə 3 minə yaxın fayl yaydılar. Bu fayllar DTX-nın son illərdəki izləmə və dinləmə fəaliyyətlərini əks etdirirdi. Gürcü cəmiyyətində ənənəvi olaraq nüfuzu və mövqeləri çox güclü olan kilsə haqqında ifşalar xüsusilə şok effektinə səbəb oldu. Bəzi din adamlarının adlarının ən müxtəlif cinayətlərə, o cümlədən qanunsuz biznes, narkomaniya, rüşvət, casusluq əməllərinə qarışdığı, bəzilərinin isə Rusiya ilə əlaqələri ifşa olundu. Gürcüstan patriarxı II İlyanın sövet dövründə KQB agenti olması, onun təxəllüsünün ortaya çıxması - “İveriyalı”, Axalxalaki mitropoliti Nikolay Paçuaşvili ilə keçirdiyi görüşlər, Gürcüstanın siyasi qüvvələri, eləcə də Luqar laboratoriyası ilə bağlı Danilov soyadlı rusiyalıya məlumat ötürülməsi müqabilində 30 min dollar pul alması, Patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, protoierey Andriy Caqmaidzenin uşaqlarına Rusiya vətəndaşlığı almağa çalışması, “Müqəddəs ata”ların rahibələrlə münasibətləri, pedofiliya, insest, DTX-nın səfirlikləri, xüsusən ABŞ, Avropa Birliyi və İsrail səfirlərini dinləməsi, bütün bu ifşaların ardından Saakaşvilinin hələ Ukraynada olarkən “mən iqtidarım dövründə bu dinləmələrə icazə vermirdim” deyə şərh verməsi mövcud hakimiyyətin ölkəni idarə etməkdə axsaması və kifayət qədər “yetərsiz olduğunu” göstərmişdi. “Gürcü Arzusu”nu hakimiyyətə gətirən 2012-ci il seçkilərindən öncə Qldani həbsxanasında məhbuslara ağır işgəncələr verilməsi barədə videoların yayılması xalq arasında qəzəblə qarşılanmış və Saakaşvili hökumətinin məğlubiyyətində rol oynamışdı. Yəqin ki, Saakaşvili hökumətini bu yolla laxlatmağa nail olan “Gürcü arzusu” hökuməti özü də eyni quyuya düşəcəyini təxmin edir və bu istiqamətin qarşısını almaq üçün Türkiyə-Rusiya tandemininin yanında yer almaqla, hakimiyyətini sürdürməyin zəmanətini təmin etmək fikrindədir. 

Qeyd edək ki, Gürcüstanın Parlament heyəti, Xarici əlaqələr üzrə komitənin sədri Nikoloz Samxaradzenin başçılığı ilə, 18-19 oktyabr 2021-ci ildə Türkiyəyə səfər çərçivəsində Ankaraya yola düşüblər. Gürcü media resursları parlamentin mətbuat xidmətinə istinadla bildirirlər ki, Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici işlər üzrə komitə sədrlərinin üçtərəfli illik görüşü keçiriləcək. Tərəflər Qara dəniz bölgəsində vəziyyəti, üçtərəfli əməkdaşlığın gündəmini, regional əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər. Bu görüşlər əslində Türkiyə və Rusiyanın başında durduğu “3+3” platformasına hazırlıq üçün nəzərdə tutulur və əvvəl rəsmi Tiflisin bu platformaya qoşulmağa dair “tərəddüd içində” olması ifadə olunsa da, səfərin baş tutması göstərir ki, gürcü hökuməti kənarda qalmaqdansa, iştirakı tərcih edib.

Eyni vaxtda ABŞ Müdafiə Naziri Lloyd Ostin Gürcüstana səfərə gəlir və Tvitterdə, “ABŞ Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsində onun avro-atlantik  məkana inteqrasiyasında kömək etməyi öhdəsinə götürüb və mən bu görüşləri çox gözləyirəm”, - deyə paylaşım etdi. Bundan əvvəl də Pentaqon xəbər vermişdi ki, idarə rəhbərliyi Ukrayanaya, Gürcüstan və Rumıniyaya səfəri çərçivəsində Qara dəniz bölgəsinin təhlükəsizliyi məsələsini müzakirə edəcək. Eləcə də elan edəcək ki, NATO-nun qapıları Gürcüstan və Ukrayna üçün açıqdır. Amma burada bir nüans var - Gürcüstan 2008-ci ildə də “silahlandırıldı” və rusların hücumuna məruz qalaraq ərazi itirdi. Silahlandırmaqla iş bitmir, işin başqa tərəfi ordunun hərbi hazırlıq potensialı, kontingentin həcmidir.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, hazırda Ukraynanın da eyni əsasla silahlandırılması aparılır, silhalarla ürəklənib Rusiya ilə savaşa girsin deyə.

Yeri gəlmişkən, “The Washington Post” qəzeti yazır ki, ABŞ prezidenti Co Baydenin vəzifəsində olduğu bir ildən az müddətdə Vaşinqtonun bəzi müttəfiqləri onun administrasiyasının xarici siyasətindən ehtiyatlanırlar. Nəşr Latviya Prezidenti Egils Levitsin sözlərindən sitat gətirir: "Amerikanın geri döndüyünü inkar etmək mümkün deyil ... Bəzən daha güclüdür, bəzən də o qədər də güclü deyil". Qəzet, həmçinin Baydenin ABŞ siyasətində əslində dəyişikliklər etdiyi ölkələrdən "həyəcanverici şəkildə uzaqlaşdığını" qeyd etdi. Bu, məsələn, Tramp hakimiyyəti dövründə malik olduğu imtiyazlı statusunu itirmiş Səudiyyə Ərəbistanıdır.

Qəzet davam edərək, “ABŞ forpostları Vaşinqtonun siyasətində açıq-aşkar hiss etməyə başladılar: ABŞ müttəfiqləri və tərəfdaşları ilə bağlı öhdəliklərindən tədricən imtina edir. Gürcüstana qarşı 2008-ci ildə atdığı addımla “U dönüşü” etdiyi kimi...”.  Nəşr yazır ki, Baydenin siyasi kursu Trampın eyni "hər şeydən əvvəl Amerika" siyasətidir, sadəcə fərqli ad altında həyata keçirilir.

Onu da qeyd edək ki, bu şüarı daha fərqli şəkildə, rus atalar sözündəki-"köynəyiniz bədəninizə daha yaxındır" şəklində ifadə etmək də  mümkündür. Bu isə o anlamı verir ki, ABŞ forpostları, xüsusən Baltikyanı ölkələr və Ukrayna daha sakit və nəzakətli olmalıdır - yəqin ki, Kremlə qarşı. Çünki “hökmdar, çox güman ki, köməyə gəlməyəcək”, deyə son nöqtəni qoyur...

Qayıdaq Gürcüstana. “Gürcü arzusu” hələ 2013-cü ildə, hakimiyyətə gəldikdən sonra Saakaşviliyə qarşı siyasi motivli cinayət ittihamları irəli sürərək, onu Gürcüstandan getməyə məcbur etdi. Saakaşvili Ukraynaya köçdü, orada ev tikdi və Ukrayna vətəndaşlığının sahibi oldu və Ukrayna siyasətinin fəal iştirakçısı oldu. Yeri gəlmişkən burada qeyd etmək yerinə düşər ki, Saakaşvili Vaşinqtona bağlı fiqurdur və Ukraynaya da Rusiya ilə çatları dərinləşdirməkdə ABŞ xəttini təmsil etmək üçün getdi. Çoxlarına elə gəlirdi ki, o, heç vaxt Gürcüstana qayıtmayacaq, baxmayaraq ki, onun Vahid Milli Hərəkat Partiyası hələ də ölkədəki əsas müxalif qüvvə idi və Saakşavili də burada yetərli siyasi əks-səda yaradan siyasətçi idi. İndi Gürcüstanda oliqarx təbliğatı Saakaşvilinin qayıdışını qeyri-adekvat adamın çıxılmaz addımı kimi təqdim etmək üçün əlindən gələni edir.

Bəs, Gürcüstanın keçmiş prezidentini "çarəsiz" kimi təqdim etmək tutarlı bəhanədirmi? Deyilənlərə görə, dünyanın bir çox aparıcı universitetləri Saakaşviliyə iş və yüksək maaş təklif edirdi.

Ölkənin hazırkı hökumətini isə, Moskvanın bütün istəklərini və şıltaqlıqlarını necə cəldliklə yerinə yetirdiklərini nəzərə alaraq, Kremlin əməkdaşları adlandırmaq olar.

Əslində, Saakaşviliyə qarşı "müharibə" də təxminən 20 il əvvəl Kremldən başlamışdı. Kreml öz nüfuz dairəsinə daxil etməkdən imtina etmədiyi ölkənin ABŞ layihəsi olan gənc siyasətçinin səyləri ilə geridəqalmış, korrupsiyalaşmış Gürcüstanı təhlükəsiz və iqtisadi baxımdan cəlbedici Avropa dövlətinə çevirməsi, ölkənin onun nüfuz dairəsindən çıxarılması, hətta rus işğalçı qoşunlarının Abxaziyadan çıxarılmasını tələb etməsi ilə barışa bilmir ki, 2008-ci il müharibəsi ilə onu qıcıqlandıran Saakaşvilini cəzalandırdı. Amma Rusiya Gürcüstanın ərazi bütövlüyünün itirilməsində nə qədər suçlu idisə, Qərb də Tifıisi yem kimi Kremlin qarşısına atmaqla eyni dərəcədə suçlu idi. Əgər Saakaşvili uğurlu islahatlarla yanaşı, Gürcüstanın ərazi bütövlüyünün bərpasına da nail ola bilsəydi, bu, Rusiyanın imperiya siyasətinin faktiki olaraq çökməsi demək olardı - buna Kreml icazə verə bilməzdi.

Kütləvi saxtakarlıqlar nəzərə alınmaqla mütləq “hakimi-mütləq”lik şəraitində belə, son bələdiyyə seçkilərində oliqarx “Gürcü arzusu”, məlumatlara görə, ümumi səs sayının yarısını belə qazana bilmədi. Rəsmi məlumatlara görə, gürcü əhalisinin 54% -i müxalifətə səs verib, bunun 30% -i Vahid Milli Hərəkatın payına düşüb.

Sabiq prezidentin qayıdışının təşkil edilməsinin arxa planında 3 variantın olmasını güman etmək olar. Hazırkı vəziyyətdə Saakaşvilinin vətənə qayıtması yerinə yetirilməmiş seçki vədləri, bahalaşma və əhalinin gəlirlərinin azalması fonunda İvanişvili üçün “baş ağrısı” oldu. Bəzi məlumatlara görə, həbsdən əvvəl Saakaşvilini Kiyevə "sakitcə" qayıtmağa inandırmışlar və hətta şərtlərinə razı olacağı təqdirdə VMH-a seçkilərdə "qələbəni təmin etməyi" təklif etmişlər. İnsanlarda Saakaşvilinin addımı “vətənpərvərliyi təcəssüm etdirsə də”, Vaşinqtonun Qafqazda Pentaqon rəhbərinin səfərləri timsalında aktivləşməsi deməyə əsas verir ki, sabiq prezidentin qayıdışının özü tərəfindən nəzərdə tutulan, həmçinin ABŞ-la razılaşdırılan niyyəti təmsil etdiyi “siyasi oxun” Gürcüstanda mövqelərini Rusiya-Fransa tandeminə qarşı möhkəmləndirməsinə dəstək verməkdir. Buna həm Pentaqonun rəhbəri Lloyd Ostinin bu günki Tiflis səfəri, həm də NATO-nun xüsusi nümayəndəsi Xavyer Kolominin planlaşdırılan Azərbaycan, Ermənistan və Gürcüstan səfəri dəlalət edir. Onun sözlərinə görə, NATO Cənubi Qafqazla əməkdaşlığını aktivləşdirmək istəyir, amma əlbəttə 2008-ci il rus-gürcü müharibəsinin nəticələrini hesaba almaq şərtdir. Bununla belə, Saakaşvilinin qayıdışını Vaşinqtonun Paris-Moksva tandeminə qarşı həmləsinin bir hissəsi kimi dəyərləndirmək olar.

Deyilənlərdən başqa onu da qeyd etməliyik ki, Ukraynada Saakaşvilinin həbs olunmasının təfərrüatları ilə bağlı maraqlı yanaşmalar mövcuddur. Məsələn, bir Ukrayna nəşrində yazıldığına görə, Gürcüstanın baş naziri axtarışda olan şəxslərin ələ keçirilməsində göstərdikləri köməyə görə rəsmi Kiyevə təşəkkür edib - xüsusən də Ukraynanın Gürcüstana təhvil verdiyi hərbi polis rəisi Megis Kardavanı xatırlayıb. O cümlədən Saakaşvili işində köməyə görə təşəkkür çatdırılıb. Nəşrin yazdığına görə, Saakaşvilinin Potiyə yola düşdüyü Odessa limanında sərhədçilər məntəqədən uzaqlaşdırılıb. Məlumatlara görə, bir vaxtlar Poroşenko onu Gürcüstana təhvil verə bilmədi, bu səbəbdən Saakaşvilini “təhdid olunmadığı Varşavaya itələmək” məcburiyyətində qaldı, çünki o zaman Saakaşvili ABŞ-ın dəstəyinə sahib idi.

Nəşrin yazdığından belə çıxır ki, ABŞ indi Saakaşvilidən dəstəyini geri çəkib... Əgər bu versiya doğrudursa, Saakaşvilinin gürcü hökumətinə təhvil verilməsindən Ukrayna tərəfinin xəbəri olubsa, bu hakimiyyətə böyük təsirə malik, Rusiyaya yaxın oliqarxların məsələdə iştirakının olduğunu ağla gətirə bilər. Məsələn, bir müddət əvvəl Ukrayna hakimiyyətindən Vatikana bağlı Avakov kənarlaşdırıldı. Onun ardınca Vaşinqtona bağlı Saakaşvili, ardınca isə Vladimir Zelenskinin komandasının əsas üzvlərindən biri, bir sıra ukraynalı mütəxəssislərin fikrincə, Ukrayna liderinin "siyasi balanslaşdırıcı eqosu" olan keçmiş siyasi strateq Dmitri Razumkov Ali Radanın başçısı vəzifəsindən azad edildi. Yəni Ukrayna hakimiyyətinin tərkibi dəyişdirilir və Saakaşvili də “istənilməyən fiqur” halına gəlib və “mədəni şəkildə” kənarlaşdırılıb.

Saakaşvilinin “neytrallaşdırılması”nın 3-cü ehtimalı kimi isə “Gürcü arzusu”nun Vaşinqtona bağlanmasını şərtləndirmək üçün “təhdid” olan sabiq prezidentin təhvil verilməsinə şəraitin yaradılması versiyasını nəzərdən keçirmək olar. Əgər Ukrayna tərəfinin bu məsələdə iştirakı variantı doğrudursa, demək razılaşmanın olmasından söhbət gedə bilər. Qara dəniz hövzəsində ABŞ-ın daimiliyinə “göz yummaq” qarşılığında Moskva ilə Parisin Vaşinqtona qarşı loyallığı mümkündür ki, burada da məqsəd Türkiyənin əleyhinə çıxmaqdir. Bu versiyanın doğruluğa nə qədər yaxın olub-olmadığı Gürcüstandakı seçkilərin 2-ci mərhələsinin ardınca “Gürcü arzusu” hökumətinin taleyinin həll edilməsindən sonra bəlli olacaq.  

Hadisələrin inkişaf ssenarisindən üç qüvvənin - Fransa, ABŞ və Rusiya arasında Gürcüstanın taleyinin necə həll olunacağını görəcəyik...

Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR