Saat:14:32
Haqqımızda

“Saakaşvili sərhədi qanunsuz pozmayıb…”

2021-10-05 10:16:00

“Saakaşvili sərhədi qanunsuz pozmayıb…”

İlham İsmayıl: “Saakaşvilinin Gürcüstana gəlməsi həm onun, həm də Qərbin qərarıdır”

“Mənə elə gəlir ki, Saakaşvilinin elanına ciddi yanaşmayıblar…”

“Görünür, Saakaşvilini Gürcüstana gətirən qüvvələr daha peşəkarcasına işləyiblər...”

"Saakaşvili Ukraynadan çıxan zaman Zeliniskinin də xəbəri olmayıb. Görünür, bu, Qərblə müəyyənləşdirilib. Yəqin elə manevrlər ediblər ki, təhlükəsizlik xidməti onun gəlişini gözləməyib"

Gürcüstanın eks-prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili ötən həftə, yəni oktyabrın 1-də Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb. O, 2 oktyabr şənbə günü keçirilən yerli seçkilər ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəlib. Bu barədə informasiyanı CNews portalı mənbəyə istinadən yayıb. Nəşr iddia edir ki, Saakaşvili yük maşını ilə Gürcüstan sərhədini keçib. Bundan əlavə, mənbə avtomobilin sürücüsünün kimliyini də açıqlayır.

“Saakaşvilini, yük maşınının sürücüsü Elguca Tsomaya Gürcüstana gətirib. Tsomaya Abaşdandır”, – sürücünün qohumu söyləyib.

Mənbənin sözlərinə görə, Elguca uzun müddətdir treyler sürücüsü işləyir və Gürcüstandan Ukraynaya göyərti daşıyır. Nəşr həmçinin iddia edir ki, Gürcüstanın eks-prezidentinin həbs olunduğu mənzil də Tsomayaya məxsusdur və Saakaşvilinin Gürcüstana gəlişindən onun ən yaxın qohumlarının da xəbəri olmayıb.

Dərc olunan versiyaya görə, Tsomai-in qoşqusu Poti şəhərində Gürcüstan dövlət sərhədini keçib. “Treyler Potiyə girib, burada Elguca maşını dəyişib və Saakaşvilini şəxsi avtomobili ilə Batumiyə aparıb. Mişanın yerləşdirdiyi videolar axşam saatlarında Batumidə çəkilib, amma sosial şəbəkələrə Tbilisidən yüklənib".

Digər bir iddiaya görə isə, Saakaşvili Gürcüstana NATO gəmisində gəlib. Amma bu halda ayağı Gürcüstan torpağına dəyər-dəyməz onu həbs etmək böyük skandala səbəb ola bilərdi.

Bütün hallarda, məsələnin kontroldan çıxması o deməkdir ki, Saakaşvili və ona havadarlıq edən Qərb dairələri Gürcüstan kəşfiyyatçılarını əməlli-başlı ələ salıb. Çünki Gürcüstanın xüsusi xidmət orqanları onu ən azı vətəndaşı olduğu Ukraynada gələcəyi ilə bağlı çıxışlar edən zaman nəzarətə götürməli, hər addımından xəbərdar olmalı idi.

Mövzuyla bağlı təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla həmsöhbət olduq. Ekspert "Hürriyyət"in əməkdaşının suallarını cavablandırdı:

- Sizcə, Saakaşvilini Gürcüstana hansı qüvvələr gətirib?

- Saakaşvilinin Gürcüstana gəlməsi həm onun, həm də Qərbin qərarıdır. Bu, birbaşa onunla razılaşdırılıb. Ehtimal olunur ki, Gürcüstanın indiki rəhbərliyi illərdir ki, Rusiya ilə yaxınlaşma siyasətini getdikcə artırır. Eyni zamanda, diplomatik əlaqələrin qurulmasına cəhd edilir. Bu isə Qərbin maraqlarına ziddir. Saakaşvilinin Gürcüstana gəlməsi onun tərəfdarlarını daha da fəallaşdıra bilər. Əsasən də Qərbin təsiri getdikcə Gürcüstana daha da arta bilər. Nəticədə, Rusiya yenidən proseslərdən kənarda qalacaq.

Məsələnin çətin tərəfləri də var. Proseslər fonunda Gürcüstanda qarışıqlıq müşahidə edilə bilər.

- Saakaşvilinin gəlişindən Gürcüstan təhlükəsizlik orqanlarının xəbərdar olmaması nədən xəbər verir?

- Təhlükəsizlik qüvvələrinin Saakaşvilinin gəlişindən xəbərdar olmaması mümkündür. Ola bilsin ki, Gürcüstan təhlükəsizlik orqanlarının hər şeydən xəbər tutmaları, Ukraynada Saakaşvilini izləmələri mümkün olmasın. Rəsmi məlumatda qeyd olunur ki, Saakaşvili sərhədi qanunsuz keçib. Amma faktiki olaraq sərhədi qanunsuz pozmayıb. Gəlməmişdən iki gün əvvəl gəlməsiylə bağlı məlumat da paylaşıb. Məlumata görə, Saakaşvili Ukraynadan çıxan zaman Zelenskinin də xəbəri olmayıb. Görünür, bu, Qərblə müəyyənləşdirilib. Yəqin elə manevrlər ediblər ki, təhlükəsizlik xidməti onun gəlişini gözləməyib. Hətta o, gəlişiylə bağlı paylaşım etməsinə baxmayaraq, yenə də onun sərhəddən keçməsinə mane ola bilmədilər. Məhz sərhədi keçəndən sonra həbs edilibdir. Görünür ki, Saakaşvilini Gürcüstana gətirən qüvvələr daha peşəkarcasına işləyiblər.

- Sakaşvilinin Gürcüstana necə və yaxud hansı yollarla keçməsi ilə bağlı nə deyə bilərsiniz…

- Belə məsələlərdə dəniz yolundan istifadə edərək, gəmi vasitəsilə keçmək daha ağlabatandır. Hesab edirik ki, Saakaşvili də dəniz yolu vasitəsilə gəlib. Yəqin ki, detallar daha sonra məlum olacaq. Düşünürəm ki, qanunsuz keçməyin ən asan yollarından biri su yoludur.

- Bəzi məlumatlarda onun NATO-nun gəmisində gəldiyi iddia edilir...

- Bilirsiniz ki, NATO-nun hərbi gəmilərindən Qara dənizdə yalnız Türkiyə və Ruminiya gəmiləri hərəkət edir. Bu ölkələrin gəmilərində keçmək ehtimalı da var. Amma faktiki olaraq Qara dəniz haqqında qanuna görə, NATO gəmisi yox, Türkiyənin və ya Rumuniyanın öz gəmisi keçə bilər. Qaydaya görə, keçməmişdən öncə xəbərdarlıq edilməlidir. Qara dənizdə başqa ölkənin gəmisi 30 və ya 40 gündən artıq qala bilməz. Hər halda gəmilər gəlməmişdən öncə əvvəlcədən xəbərdarlıq edilir. Mənə elə gəlir ki, Saakaşvili də məhz NATO gəmisi vasitəsilə deyil, başqa ölkələrdən birinin gəmisiylə gəlib.

- Gücüstan Azərbaycanla həmsərhəd ölkədir. Saakaşvilinin gəlişindən Gürcüstan təhlükəsizlik qüvvələrinin xəbərdar olmaması və sərhədi rahat şəkildə keçməsi, gələcəkdə Azərbaycanla sərhəddə də hansısa təhlükədən xəbər verirmi?

- Məsələyə məhz Saakaşvilinin sərhədi keçməsinə əsasən qiymət vermək olmaz. Gürcüstanla Azərbaycan arasında kəskin  münasibətlər müşahidə edilmir. Bu o demək deyil ki, Gürcüstan sərhədindən Azərbaycana nəsə keçirsə, bundan xəbərimiz olmayacaq. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin dediklərindən də məlum olur ki, burda tamam başqa versiya hazırlanırmış. Qeyd olunur ki, müxalifət qüvvələrindən kimlərinsə öldürülməsi və hansısa ssenariylə qarışıqlıq salınması planı hazırlanıb. Hər halda təhlükəsizlik qüvvələri işləməsəydilər, Saakaşvili məhz elə Tiblisiyə gəlib çıxa bilərdi. Əgər, onların məlumatı olmasaydı, o, Batumidə həbs edilməzdi. Düşünürəm ki, kimlərsə plan üzərində işləyib. Bəlkə də onun tutulmasında başqa ölkələrin də köməyi dəyib. Bunu Gürcüstan xüsusi xidmət orqanlarının zəifliyi kimi qiymətləndirmək olmaz. Burda onun sərhədi gizli şəkildə keçməsindən söhbət getmir. Sərhədi açıq şəkildə keçsə də həbs edilir, keçmə də həbs edilir. Bir tərəfin məqsədi Saakaşvilinin gizli şəkildə sərhədi keçə bilməsi, qarşı tərəfin də məqsədi onun həbsidir. Bu baxımdan əvvəlcədən də bilinirdi ki, o, hansısa formada saxlanılacaq. Yadınızdadırsa, Gürcüstan höküməti ilkin bəyanatlarında qeyd edirdi ki, Saakaşvili Ukraynadan çıxmayıb. Sonradan məlum oldu ki, o, nəinki Ukraynadan çıxıb, hətta Gürcüstan ərazisini də keçib.

- Saakaşvili oktyabrın 2-də vətəninə dönəcəyini bəyan etmişdisə, deməli, Gürcüstanın xüsusi xidmət orqanları onu ən azı bu ərəfədə Ukraynada nəzarətə götürməli, hər adımından xəbərdar olmalı idi…

- Görünür, Saakaşvilini Ukraynada nəzarətə götürə bilmək Gürcüstan xüsusi xidmət orqanlarının əlində deyil. Ola bilsin ki, Ukraynada olan zaman müəyyən qədər nəzarətdə olub, amma informasiya nəzarəti və onun hər dəqiqəsinin izlənilməsi mümkünsüz olub. Elə adamlar olub ki, başqa görkəmdə gediblər və heç kimin də xəbəri olmayıb. Mənə elə gəlir ki, Saakaşvilinin elanına bəlkə də ciddi yanaşmayıblar. Ciddi yanaşsalar da, onu başqa dövlətin ərazisində nəzarətə götürmək və izlənilməsi müəyyən dərəcədə çətindir. 

 

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR