Saakaşvili: “Gürcüstana başqa cür də qayıda bilərdim“

2021-10-14 17:59:00

Saakaşvili: “Gürcüstana başqa cür də qayıda bilərdim“

"Risk etmədim, çünki başqa ssenari ilə dönsəydim, yəni vurmaq, partlatmaq, dağıtmaq... qarşıdurma olacaqdı. Sonra isə hər şeyə görə bizi günahlandırmaq çox asan olardı”.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvili Gürcüstanın "Mtavari Arxi" telekanalına verdiyi müsahibəsində deyib.

O bildirib ki, Gürcüstana səs-küylə qayıtmaq istəmirdi.

Saakaşvili müsahibəsində ötən ilin 90-cı illərindən, yəni gəncliyindən bəri Zviad Qamsaxurdiya haqqında çox düşündüyünü söyləyib:

"Həmişə özümü onun yerinə qoymağa çalışmışam, bizə müstəqillik gətirən və ətrafı tərəfindən tərk edilmiş prezidentə görə çox üzülürəm. Qayıdışımı, onun yaşadıqları ilə bir başa paralel şəkildə düşünmürəm, çünki geri dönmək istədiyim üçün gəldim və buradayam. Düşünürəm ki, bu, tariximiz üçün həqiqətən kritik bir andır".

Xatırladaq ki, Zviad Qamsaxurdiya müstəqil Gürcüstanın ilk prezidenti olub. Daxili qeyri-sabitlik və 1992-ci ildəki iğtişaş, Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib-çıxardı.

1990-cı illərdə hökumət qüvvələrinin təzyiqi səbəbindən Qamsaxurdiya mühafizəçiləri ilə birlikdə dağ kəndlərində gizlənirdi.

31 dekabr 1993-cü ildə Qamsaxurdiya Xibula kəndində vəfat edib.

Rəsmi versiyaya görə, intihar etdiyi bildirilsə də, sui-qəsd nəticəsində öldürüldüyü versiyası da Gürcüstanda bu günə qədər dolaşır.