Saat:07:30
Haqqımızda

RUSLARIN SÜLHMƏRAMLILARINI DA ÇIXARDIQ, “OV”-larını ÇIXARA BİLMƏDİK – “Bizdə əksər insanlarda qul psixologiyası var, hamı gözləyir ki...”

2024-05-04 15:36:40

RUSLARIN SÜLHMƏRAMLILARINI DA ÇIXARDIQ, “OV”-larını ÇIXARA BİLMƏDİK – “Bizdə əksər insanlarda qul psixologiyası var, hamı gözləyir ki...”

Sabir Rüstəmxanlı: “Valideynin milli təfəkkürü, milli şüuru olsa, uşağının soyadını dəyişər, hamı yuxarıdan tapşırıq gözləyir”

Ceyhun Məmmədov: “İnsanlar özləri şüurlu formada bu məsələdə addım atmalı, rus mənşəli sonluqlardan imtina etməlidirlər”

Ötən ay hər birimiz böyük bir tarixi hadisəyə şahidlik etdik. 2020-ci ildən Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının hərbi kontingenti qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl bölgəni tərk etməyə başladı.

May ayının sonlarına doğru tam olaraq yekunlaşması gözlənilən bu proses sözsüz ki, ölkədə hərkəs tərəfindən arzulanan və gözlənilən bir hadisə idi. Çünki “sülhməramlı” təyinatlı olsa belə, hər hansı bir ölkənin hərbi qüvvələrinin Azərbaycan torpaqlarında olması müstəqilliyimiz və strateji təhlükəsizliyimiz üçün bir təhlükə mənbəyi idi. Lakin Azərbaycanın siyasi arenadakı növbəti zəfərindən sonra bu təhlükə tamamilə aradan qalxmış oldu.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün rus sülhməramlılarının bölgədən çıxarılması qədər hər birimizi narahat etməli olan vacib bir məsələ müstəqillik qazandığımız gündən bu yana hələ də öz həllini tapmayıb. 4 il ərzində sülhməramlıları torpaqlarımızdan çıxarmağa nail olsaq da, 32 ildir milli mənsubiyyətimizi bildirən, şərtləndirən soyadlarımızın rus mənşəli “ov”, “yev”, “ova”, “yeva”sonluqlarınndan qurtula bilməmişik.

Kimlər üçünsə hələ də rus soyad sonluğunu daşımağımız kiçik bir amil hesab edilə, “rusbaşlar” üçün isə hətta prestij sayıla bilər. Ancaq bütövlükdə millət üçün başqa bir millətin soyad sonluğunu daşımaq utancverici bir faktdır. Bu, millətin öz kökünə, keçmişinə hələ də laqeyd münasibətini, başqa bir millətin soyad sonluğunu daşımağın nə qədər təhlükəli olduğunu dərk etmədiyini göstərir. Halbuki soyad sonluqlarımızız “ov” və “yev”-ləşdirilməsinin Pavel Sisianovun Gəncəni, Mixail Levandovskinin Bakını işğal etməsindən elə də ciddi bir fərqi yoxdur...

Məlumat üçün bildirək ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul etsə də, bu məsələ uzun illər müxtəlif müstəvilərdə müzakirə edilsə də, prosedur sadələşdirilsə də, cəmiyyət rus, fars mənşəli soyad sonluqlarını dəyişməyə maraq göstərməyib. Ədliyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, il ərzində soyadındakı rus mənşəli sonluqlardan 100-200 nəfər civarında vətəndaş imtina etmək üçün quruma müraciət edir.

Əhalinin 80 faizinin soyad sonluğu rus mənşəlidir

Azərbaycandakı tədqiqat mərkəzlərindən birinin iki il öncə açıqladığı məlumata görə, Azərbaycanda soyad sonluğu “ov”, “yev”-lə bitən vətəndaşların sayı ölkə əhalisinin 80 faizini təşkil edir. Yalnız 10 faiz əhalinin soyad sonluğu “lı”, “li” şəkilçisi ilə bitir. Yerdə qalan 10 faiz əhalinin soyadı isə fars mənşəli “zadə” sonluğu ilə bitir.

Bütün bunlar azmışkən Azərbaycanda yeni doğulan uşaqlara da valideynlər tərəfindən şüursuzcasına rus, fars və s. mənşəli soyad sonluqları qoyulur. Bu, olduqca düşündürücü və bir o qədər də məyusedici məqamdır. Çünki bu gün heç bir postsovet ölkəsində soyadı rus mənşəli sonluqla bitən əhalinin sayı bu qədər yüksək deyil.

Hətta Rusiyanın strateji müttəfiqi, illərdir rus assimlyasiyasına məruz qalan Qazaxıstanda bu gün əhalinin 40 faizə yaxını asrtıqü milli mənşəli soyad daşıyır...Bizdə isə 32 ildir prsoses kütləvi deyil, fərdi şəkildə davam edir və bu səbəbdən də say baxımından nəzərəçarpacaq artımlar gözə dəymir.

Bu zaman haqlı olaraq belə bir sual ortaya çıxır: soyad sonluqlarının milliləşməsinə millət niyə belə laqeyiddir?

Bu barədə deputat Sabir Rüstəmxanlı “AzPolitika”-ya şərhində bildirib ki, müstəqillik illərindən öncə belə sözügedən məsələ akutal olub və daim diqqətdə saxlanılıb: “Biz hələ 1980-ci illərdən mətbuatda bu mövzunu işıqlandırmışıq. Azərbaycan müstəqil olduqdan sonra isə bununla bağlı qərarlar qəbul etmişik ki, hər kəs soyadındakı “ov”, “yev” sonluqlarının üzərindən “xətt” çəksin. Bilirsiniz, hətta çukçalar da, Afrikanın ən geridə qalmış tayfaları da öz milli heysiyyətlərini, tarixi ənənələrini nəzərə alıb, yad ad, soyaddan imtina edirlər. Amma biz - Azərbaycan türkləri bundan qopa bilmirik. Çünki bizdə əksər insanlarda qul psixologiyası var. Hamı gözləyir ki, kimsə nəsə əmr eləsin və ya tapşırsın. Bütün millət haqqında bunu demək olmaz, amma bizim əksəriyyətimizdə milli şüur yoxdur. Çoxları bunun anlamını belə dərk etmir”.

Deputat bu məsələdə valideynlərin üzərinə böyük yük düşdüyünü deyir: “Ədliyyə Nazirliyinin soyad sonluğunu təyin etməklə bağlı heç bir qadağası yoxdur. Valideyn desin ki, “mənim övladımın soyadını “ov”, “yev” yazma”. Valideynin milli təfəkkürü, milli şüuru olsa, uşağının soyadını dəyişər. Bu gün hamı yuxarıdan tapşırıq gözləyir. Necə ki, vaxtilə əlifba Heydər Əliyevin 2001-ci ildəki bir sərəncamı ilə dəyişdi, indi də gözləyirlər ki, prezident sərəncam versin. Hesab edirəm ki, yaşlı insanların soyadını dəyişməsinə ehtiyac yoxdur, onlar bu adla tanınırlar. Amma yeni gələn nəslin soyadını dəyişməsinə nə mane olur axı? Vətəndaşda niyə bu təfəkkür yoxdur? Əsas məsələ budur. Yeni doğulan uşaq türk oğlu türkdürsə, buna nə qədər ərəb, fars, rus adı qoymaq olar? Valideyn öz uşağının adını, soyadını milliləşdirməyi başa düşməlidir. Bu gün qazaxlarda türkçülük şüuru bizdən qat-qat irəlidədir”.

88 deputat hələ də rus soyad sonluğundan imtina etməyib ...

Adətən belə həssas məqamlarda xalqa örnək olmaq üçün məşhur şəxslərdən, siyasətçilərdən, yazıçılardan, sənət adamlarından bu cür nümunəvi addımlar gözlənilir. Ancaq gəlin baxaq görək bu gün soyadını milliləşdirmiş parlamentimizdə neçə deputat var? Millət vəkili statusu daşıyan neçə deputat milli təsübkeşlik nümunəsi göstərib?

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu gün parlamentdəki 125 deputatdan cəmi 20 nəfəri rus və fars sayad sonluğundan imtina edib, sayadını milliləşdirib – Musa Qasımlı, Əli Hüseynli, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Tahir Kərimli, Azər Kərimli, Erkin Qədirli, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fəzail İbrahimli, Tahir Mirkişili. Məlahət İbrahimqızı, Elşad Mirbəşir oğlu, Fazil Mustafa, Aqil Abbas, Zahid Oruc, Ramil Həsən, Fatma Yıldırım və Nigar Arpadarai.

Hazırda Milli Məclisdə soyadı “ov”, “yev”lə bitən 88 deputat var. Deputatlardan 8 nəfərinin soyadı isə fars mənşəli şəkilçi “zadə” ilə bitir – Əminə Ağazadə, Aydın Mirzəzadə, Asim Mollazadə, Əliabbas Salahzadə, Cavanşir Paşazadə, Ziyad Səmədzadə, Pərvin Kərimzadə, Mahir Abbaszadə.

"Biz müstəqilik və soyadlarda “ov”, “yev” sonluqlarından imtina etməliyik”

Bu mövzu ilə bağlı millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da “AzPolitika”-ya şərhində bildirdi ki, sözügedən problem dəfələrlə parlamentdə müzakirə olunub. 

Deputat qeyd edib ki, bu məsələ daha çox vətəndaşlardan asılıdır: “Vətəndaşlar özləri könüllü formada soyadlarını dəyişməlidirlər. Ən azından yeni dünyaya gələn övladlarının soyadlarında bu məsələni nəzərə almalıdırlar. Təəssüf ki, bu gün valideynlər bu məsələdə həssaslıq nümayiş etdirmirlər. Bu “ov”, “yev” bizə sovet dönəmindən qalan bir mirasdır. Biz indi müstəqil ölkəyik və bu mənada insanlar özləri şüurlu formada bu məsələdə addım atmalı, rus mənşəli sonluqlardan imtina etməlidirlər. Bu, daha çox könüllü və vətəndaşın öz təşəbbüsü ilə olmalıdır”.

C. Məmmədov əlavə edib ki, bu, milli şüurun gücləndirilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırlması baxımından da olduqca önəmli məsələdir:“Bu istiqamətdə geniş marifləndirmə, təbliğat aparılmalı, yönləndirmə olmalıdır. Düşünürəm ki, bunun üçün gələcəkdə hansısa bir formada qanunun qəbul olunması məsələsi də nəzərdən keçirilə bilər. Amma qeyd etdiyimiz kimi, bu daha çox könllü olmalı, insanımız özü buna getməlidir. Digər tərəfdən, bu gün görürük ki, rəsmi dilimiz Azərbaycan dili olsa da, insanların bir hissəsi rus dilində danışmağa üstünlük verir. Bu, milli şüur məsələsi olduğundan media da, müasir qurumlar da bu istqamətdə fəal iş aparmalıdırlar. Biz müstəqilik və bu mənada soyadlarda “ov”, “yev” sonluqlarından imtina etməliyik”.

“Ov”, “yev”-dən qurtulmaq cəmi 10 manata başa gəlir

Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə yazaraq soyadının sonluğuna dəyişiklik edə bilər.18 yaşına çatmayanların isə soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir.

Digər tərəfdən, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür.

Belə ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında “soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.

Ərizəyə qeyd olunan sənədlər əlavə olunur:

1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;

2. İstifadəçinin 3×4 ölçüdə elektron formatda fotoşəkli;

3. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.

Onu da qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194595