RUSLARA İNANMAQ OLARMI? - Bu qədər rəzalətdən sonra da biz yenə Moskvaya boylanırıq

2022-11-15 12:17:00

RUSLARA İNANMAQ OLARMI? - Bu qədər rəzalətdən sonra da biz yenə Moskvaya boylanırıq

Müstəqilliyin əsas şərtlərindən biri keçmişin heç bir uydurmaya, saxtakarlığa yol vermədən dəqiq öyrənilməsidir. Azadlığa çıxmış xalqın gənc nəsli pis-yaxşı sələflər barədə dəqiq məlumatlara malik olmalıdır. O qövm, o xalq yoxdur ki, keçmişində utanc gətirən, faciəli, xatırlananda gözlər yaşardan məqamlar, vaqiələr olmasın. Məsələ onların necə şərh edilməsində, necə təqdim olunmasında, nəhayət, kimlərin bu barədə danışmaq hüququndan gedir. Vay o gündən ki, qələm satqın əlində olsun.

Bəzi sadəlövhlər rusların bizlərə qarşı açıqdan-açığa namərd münasibətinə məəttəl qalırlar. Axı bizim bunlara bir pisliyimiz keçməyib. İki əsrdən çox vaxt ərzində yeraltı, yerüstü sərvətlərimizi demək olar ki, müftə daşıyıb aparıblar. Rusiya cəmiyyətinin nə qədər tör-töküntüsü varsa hamısını Bakıya töküb. Bakıda kirayədə qalan rus yox idi. Beynəlmiləlçilik pərdəsi altında ruslaşma siyasəti elə məharətlə aparılıb ki, zavallı millət soyadlarının da dəyişilməsinə sakit-sakit dözüb.

...Qafqaz xalqlarının azadlıq uğrunda mübarizələrini qan içində boğan çar generallarına mədhiyyələr söyləyən Puşkinə heykəl qoyduq. Bu həmin Puşkindir ki, ağır vuruşdan sonra süqut etmiş Lənkəran qalasının yaralı fədailərini qırmış  general Kotlyaverskini mədh etmişdi.  Murtuz ağa Muxtarov kimi nəcib kişinin bağ evində bizim lakey xislətli hökumətimiz Yeseninin şərəfinə muzey açdı. Ölkənin ideoloji təhlükəsizliyi üçün cavabdeh olan hakim YAP-ın ədalı “analitikləri” bilirlərmi ki, Yesenin XI ordunun hissələri ilə Güney Azərbaycanda olanda hansı pəstahlardan çıxıb?! Bakını qana bələmiş “komissarların” şəninə şeir yazan bu macəraçı subyekt bir şair kimi bizim ən zəif qələm sahiblərindən də qat-qat aşağıda durur. Bunu, rus dilini rusun özündən də yaxşı bilən, mən deyirəm.

Yaxşı yadımdadır bir tədbir keçiriləndə Mərkəzi Komitənin əmri ilə ziyalıları Mərdəkana yığardılar, nitq irad edən kim, şeir deyən kim... Adam əlindən tərpənmək olmurdu... Sabir poeziya günü qeyd olunanda isə onun şəhərin ortasındakı heykəlinin yanında cəm olanları barmaqla saymaq olardı. Nəyi də olmasa, Moskva irticası əsarət altına aldığı xalqın gəncliyinə naqislik, natamamlıq hissini aşılamağı bacarırdı. Missionerlər öz yerində, amma əsas zərbə qüvvəsi seminariyalarda, universitetlərdə, gimnaziya və digər məktəblərdə rus dilində təhsil almış, savadlanmış gənclər idi. Ucsuz, bucaqsız imperiyanı nəzarətdə saxlamaq, idarə etmək üçün savadlı məmur təbəqəsi lazım idi. Rus üsuli-idarəsi məmurların azlığı ucbatından məcbur olub yerli camaatın imkanlı, varlı zümrəsinin övladlarını təhsil müəssisələrinin yaxınına buraxırdı. İndi baxırdı, o məktəblərin divarları arasından kim necə çıxırdı. Onların içində rejimə sidq-dillə inanıb qulluq edənlər də vardı, xalqının dadına çatmaq istəyənlər də. Xalqın isə ən mənfur düşmənləri onda da, indi də ruslaşmışlar idi, yəni birdəfəlik olaraq qövmünə, adət-ənənəsinə, mədəniyyətinə arxa çevirənlər.

Anatoliy Zöhrabbəyov Sovet hakimiyyəti dövründə tərtəmiz rus təhsili almışdı. Ondan tək bir roman, “Odlu diyar” qalıb. Əcəl qoymadı ki, o romanın ikinci hissəsini yazsın. Rizə-rizə doğransam da bu nakam gəncin misilsiz əsərini Süleyman Rəhimov Əli Vəliyev, Əbülhəsən, Bayram Bayramov, İlyas Əfəndiyev kimi sovet məddahlarının əsərləri ilə yanaşı qoymaram.

Rus pravoslav müstəmləkə üsul-idarəsinin niyyəti bəlli idi, manqurtların köməyi ilə sıravi azərbaycanlının beyninə yeridirdilər ki, onun kübarı zalım, əxlaqsız, din xadimi qaragüruhçu, kasıbı, yəni rəiyyəti Novruzəli, sənətkarı isə usta Zeynal kimi məxluqdur. Nicat yolu rus üsuli-idarəsi qarşısında səcdədə durub, onun salamatlığı üçün Allaha dua etməkdədir. Müsəlmanların həmişə başaşağı, xəcil durması, öz keçmişlərindən, adət-ənənələrindən utanmaları rus istibdadına əl verirdi. Bizim əksər maarifçilərimizin də ifrat dərəcədə “geriliyə, xurafata qarşı mübarizəsi” rus irticasının məkrli planlarına uyğun idi. İşdir şayəd bir ayıq, Avropada, ya da Rusiyanın özündə yaxşı təhsil almış azərbaycanlı çəm-xəm edib, anti-islam, anti-türk təbliğatı susdurmaq istəyəndə onu iki-üç, cümlə ilə yerində oturda bilirdilər. Yəni çox danışma sizdə baş verənlər barədə biz yox, özünüzün ziyalılarınız yazıb. Vəcdə gələndə daha o tərif yoxdur ki, M.F.Axundovun üzərinə yağdırmayaq.

Amma bir bəni-Adəm soruşmur ki, niyə bu kişinin əsərlərində nəzir üçün axtarasan belə, bir müsbət personaj yoxdur. Onun sinəsindəki reqaliyalar adi dilmanca verilənlərdən deyil. Otuz il bundan əvvəl, mən opponentlərimin çıxışlarını yəqin edəndən sonra demişdim, məni söyməmişdən əvvəl, o kişinin sinəsini bəzəmiş orden və medalların statusunu, nə münasibətlə, kimlərə verilməsini dəqiq öyrənin, sonra üstümə gəlin. Mən isə bilirdim, amma nə onda, nə də indi bəzi əsrarları açmağa əlim gəlmir. İmkanlı müsəlman kişilərdən bir neçə arvad saxlamasını lağa qoyan bizim dost-doğma maarifçimiz məgər bilmirdi ki, rus kəndində bütün, bəli, bəli bütün qız-gəlinlər mülkədarın halal malı sayılırdılar. O kimi istəsəydi yatağına çəkə bilərdi və qızın, gəlinin atası, əri bunu özləri üçün başucalığı sayırdılar.

Zinakarlıqda rus kübarları dünyada bəlkə də lap birinci yerdədirlər. Bunu mən demirəm, özləri yazırlar. Bəzi məlumatları oxuyanda adam quruyub qalır. İmperiyanın güclənməsində müstəsna rol oynamış, ən yüksək titullara layiq görülmüş Qriqoriy Potyomkin doğma bacısının beş (!!) qızı ilə yaşayırmış. Bunu rus tarixçisi yazır, mən özümdən uydurmuram.

Məişətimizdə natəmizliyin olmasından ləzzət ala-ala yazan bizim bəzi maarifçilər görəsən I Pyotrın bu məşhur fərmanından xədərdar idilər? Bu məlumatı mən Şaşkovun 1896-cı ildə nəşr olunmuş “Rus qadınının tarixi” əsərindən götürmüşəm.

Fərmanda deyilir: “Hüzurumuza gələn əcnəbi elçilər, qonaqlar burada olan üfunətdən özlərini qoruya bilmirlər. Əmr edirəm, saraya gələn bütün qadınlar heç olmasa ayda bir dəfə çimsinlər. Əks təqdirdə heç nəyə məhəl qoyulmadan cəzalanacaqlar!”

Böyük şairimiz cəfakeş Sabirimizin təbirincə desək, “cühəla xabgahı” sayılan Şirvanın üç böyük yaşayış məskənində Şamaxıda, Basqalda və Lahıcda ona qədər hamam gecə-gündüz işləyirdi. Tarixi bilinməyən Lahıcın kanalizasiyası təmirsiz, qəzasız neçə qərinədir ki, işləyir. Məsəl var: “Evdəki sarsaq deməsə, çöldəki heyvan deməz!”. İllər boyu hər əlində qələm tutan nəməkbəhəram öz doğma xalqının üzərinə çirkab atmasaydı, nə rus, nə erməni, nə multani cürət edib ünvanımıza hərcayi-hərcayi danışmazdı.

Firuz HAŞIMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.134075