Ruslar Türkiyəyə axın edir – təyyarə biletləri çatışmır

2022-06-09 16:55:00

Ruslar Türkiyəyə axın edir – təyyarə biletləri çatışmır

Yayın ortasına qədər bütün biletlər satılıb

Hürriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Turist Operatorları Assosiasiyası  yayın ortalarına qədər olan müddətə Türkiyəyə uçuş biletlərinin demək olar ki, artıq satılıb bitdiyini bəyan edib.

Səkkiz aviaşirkət Rusiyanın 17 şəhərindən Türkiyə kurortlarına birbaşa uçuşlar təşkil edir. 2021-ci ildə isə 18 şirkət 46 şəhərdən uçuşlar təşkil edirdi.

Açıqlamada deyilir: “İyunun ilk həftəsi ərzində Rusiyadan Antalyaya 452 uçuş olub və 100 min nəfərdən artıq turist Türkiyəyə gedib. Bu dinamikanın dəyişməyəcəyi təqdirdə, ümumilikdə ay ərzində 500 min nəfərdən çox rusiyalı Türkiyəyə səfər edəcəkdir. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 42% azdır”.

2020-ci ildə Kovid-19 məhdudiyyətləri üzündən uçuşlar dayandırılmış, 2021-ci ildə isə eyni səbəbdən uçuşlara 22 iyun tarixindən sonra icazə verilmişdi.

Rusiya (lizinq problemləri ilə bağlı) uçuşları məhdudlaşdırdığından uçuşların 90%-ni Türkiyə aviaşirkətləri həyata keçirir. İyulun 1- qədər Rusiyadan həftədə 450 uçuşun həyata keçirilməsi razılaşdırılıb.

Bir sıra ölkələr tərəfindən Rusiyaya qoyulmuş sanksiyalar səbəbindən Türkiyədə istirahətə tələbat artıb. Lakin təyyarə biletlərinin qıtlığı səbəbindən turistlər çətinliklərlə qarşılaşır.  Hazırda iyul ayının birinci yarısına qədər tarixdə uçuşların biletləri satılıb.

Assosiasiyadan verilən açıqlamada deyilir: “Hətta qiymətlərin bahalaşması da turistləri narahat eləmir – qıtlıq şəraitində onlar istənilən qiymətə bilet almağa hazırdırlar. Tələb təklifi xeyli üstələyir – xüsusilə də uçuşların az olduğu bölgələrdə”.

Yay ərzində Antalyaya 2,9-3 milyon turistin gedəcəyi bildirilir. Bu, 2019-cu illə müqayisədə 45%, 2021-ci illə müqayisədə 17% azdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya