Saat:04:00
Haqqımızda

“Rusiyaya bağlı bəzi qüvvələrin müharibə ritorikası...” - ADP danışıqlar yolunu MƏQBUL HESAB EDİR

2024-04-01 22:42:55

“Rusiyaya bağlı bəzi qüvvələrin müharibə ritorikası...” - ADP danışıqlar yolunu MƏQBUL HESAB EDİR

“Yeni müharibə Azərbaycanın milli maraqlarına uyğun deyil”

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, İdarə Heyəti ilk öncə Azərbaycan-Ermənistan arasında sülh danışıqları sahəsində son durumu müzakirə edib.

Müzakirələr zamanı son günlər Azərbaycan-Ermənistan arasında mövcud olan şərti sərhədə Ermənistan tərəfindən hərbi qüvvələrin cəmləşməsinə diqqət çəkən toplantı iştirakçıları regionda yeni müharibə riskinin yaranmasından narahatçılığını ifadə edib. Hesab edilib ki, Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanması Azərbaycanın milli maraqlarına uyğun deyil, iki dövlət arasında mübahisəli məsələlər yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Eyni zamanda iki ölkə arasında indiki mübahisəli vəziyyətin uzun müddətli davam etməsinin nəzarətdən çıxan aktiv münaqişəyə çevrilmə riskini, regionda kənar qüvvələrin özlərinin geopolitik maraqlarını təmin etməyə cəhdlər göstərməsini, münaqişəli vəziyyətin hər iki tərəfi silahlanmağa vadar etməsini nəzərə alaraq Azərbaycan-Ermənistan arasında qarşılıqlı etimada əsaslanan sülh sazişinin imzalanmasının vacibliyi qeyd edilib.

İdarə Heyəti son zamanlar ölkə mətbuatında Rusiyaya bağlı bəzi qüvvələrin müharibə ritorikasına diqqət çəkib, bu ritorikanın Azərbaycan üçün təhlükəli gələcək vəd etdiyini bildirirək, yolverilməz olduğunu bildirib.

İdarə Heyəti qonşu Ermənistanın son zamanlar Avropaya və Qərbə doğru inteqrasiya istiqamətində atdığı addımlar ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə qeyd edilib ki, Azərbaycan xalqının da iqtisadi, siyasi və təhlükəsizlik maraqları Qərbə doğru inteqrasiyadan keçir, ona görə də Azərbaycan hakimiyyətinin Ermənistan kimi Avropa və Qərblə əlaqələrini yüksək səviyyədə qurması arzuolunandır.

İdarə Heyəti qardaş Türkiyədə 31 mart tarixində keçirilən bələdiyyə seçkiləri və onun nəticələri ətrafında müzakirələr aparıb. Müzakirələr zamanı bu seçkilərin azad, bərabər, şəffaf və demokratik qaydada keçdiyi bildirilib və Türk xalqının iradəsinin təcəssümü kimi dəyərləndirilib.

İdarə Heyəti son günlər Lənkəran rayon İcra Hakimiyyəti başçısını öldürmək istəyən şəxsin tutulması ətrafında cəmiyyətdə terror təhlükəsi ilə bağlı yaşanan narahatçılıqlara toxunub. İndiki mürəkkəb geosiyasi şəraiti nəzərə alınaraq İdarə Heyəti hakimiyyəti bu cür təhdidlərin qarşısının alınması istiqamətində adekvat tədbirləri görməyə çağırıb.

İdarə Heyəti taksi xidməti ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərardan, yəni yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulan qadağadan dolayı bu sahədə çalışan vətəndaşların böyük bir qisminin işsiz qalacağı ilə bağlı yaranmış narahatçılıqlara da toxunub. Qeyd edilib ki, bu xidmət sektorunda fəaliyyət göstərən şəxslərin yeni avtomobillərə əlçatanlığını təmin etmək məqsədilə dövlət həmin şəxslərə güzəştli şərtlərlə yeni avtomobilləri kreditə verməlidir.

İdarə Heyəti Ukrayna prezidenti V.Zelenskinin müəyyən şərtlər daxilində Rusiya prezidenti V.Putinlə danışıqlara hazır olması ilə bağlı verdiyi bəyanata da toxunub. Bu bəyanatı müsbət addım kimi dəyərləndirən İdarə Heyəti Ukrayna ilə Rusiya arasında davam edən və getdikcə daha çox insan fəlakətinə, iqtisadi sarsıntılara yol açan, dünyanı iqtisadi böhranla üz-üzə qoyan, təhlükəli qütbləşmə yaradan, insanlığı nüvə təhdidi ilə hədələyən bu müharibəyə son qoyulması üçün beynəlxalq hüquq normaları çərçivəsində hər iki ölkəni ədalətli sülh danışıqlarına səsləyib.

İdarə Heyəti 31 mart 1918-ci ildə Azərbaycanlıların kütləvi surətdə soyqrım hadisəsinin növbəti ildönümü ilə bağlı fikir mübadiləsi aparıb. Müzakirələrdə bu qanlı hadisə XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələrindən biri kimi dəyərləndirilib. Azərbaycan dövlətinə, ərazi bütövlüyünə və müstəqilliyinə təhlükələrin hələ də mövcud olduğunu qeyd edən İdarə Heyəti xalqımızı daim ayıq-sayıq olmağa, bu təhlükələri dəf etmək üçün milli birliyi qorumağa və əsl vətəndaş mövqeyi nümayiş etdirməyə çağırıb.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159321