“Rusiyapərəst qüvvələrin ciddi siyasi oyunçuya çevrilməsi mümkün deyil” - MÜSAHİBƏ
Natiq Cəfərli: “Artıq Azərbaycan generalları Rusiyada təhsil almış generallar deyil...”
“Hansısa partiyanın Ramiz Mehdiyevlə əməkdaşlığını çox güclü faktlarla sübut etmək lazımdır...”
Rusiya-Ukrayna arasında artıq 4 ildir davam edən müharibə diplomatik cəbhədə gərgin vəziyyət alıb. Məlum olduğu kimi, bir neçə gün öncə Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri Cenevrədə görüşdülər. Ötən gün isə Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri bir araya gəldilər. Dekabrın 2-də isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfər edəcəyi açıqlanıb.
Maraqlıdır ki, Azərbaycandakı siyasi çevrələrdə Ukrayna ilə bağlı mövcud durum necə dəyərləndirilir və Uitkofun Moskvaya səfəri nə vəd edir? Bu və ya digər mövzu ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Hürriyyət”ə müsahibəsini oxucularımıza təqdim edirik.
- Natiq bəy, son günlər Ukrayna ətrafında baş verən siyasi proseslərlə bağlı nə deyə bilərsiniz? Sizcə, müzakirələr müsbət sonluqla yekunalaşacaqmı?
- Əslində, məsələ göründüyündən daha bəsitdir. Bəzi dünya mediası bunu daha çox qəlizləşdirir, amma məncə, göründüyündən daha bəsitdir və Trampın hətta seçkidən öncə elan etdiyi strategiyaya uyğundur. Tramp seçkidən öncə də ikili təzyiq siyasəti yürüdəcəyini söyləmişdi. İndi təzyiqin hər iki “ayağı” işləyir. Yəni Rusiyaya, “Lukoyl”a, “Rosneft”ə qarşı sankisyaları sərtləşdirir. İndi rus neftinin endirimlə, çox çətinliklə dünya bazarına çıxmaq imkanı var. Bu da Rusiya üçün həddindən artıq ciddi bir problem yaradır. Neft alışında yaxın tərəfdaşlarından biri olan Hindistan belə, yavaş-yavaş Rusiya neftindən imtina etməyi düşünür və həddindən artıq böyük endirimlər tələb edir, hətta keçən həftə rus nefti 36-38 dollara satılırdı. Yəni bu təziyiqin birinci “ayağı”dır.
İkinci “ayağı” da - Zelenski, Ukrayna təəssüf ki, daha zəif durumdadır. Həm korrupsiya skandalı var. Bu, ciddi şəkildə Zelenskini və komandasını silkələyir. Bunun amerikanların birbaşa iştirakı ilə həyata keçirildiyini düşünürəm, həm də silahda, pulda, vəsaitdə, dəstəkdə Qərbdən tam asılı olan bir Ukrayna var. Əgər razılaşma olmasa, dəstəyin azalacağı ilə bağlı da xəbərdarlıqlar olub. Mayamidəki görüşdə Trampın təkliflərinin son versiyası razılaşdırılıb, ən azından Ukrayna tərəfindən iradlar nəzərə alınıb. İndi işçi qaydada bu sənəd Uitkoff tərəfindən Moskvaya aparılır ki, orada da işçi qaydada Rusiyanın təklifləri və iradları, hansını qəbul edib, hansını qəbul etməməsi o danışıqların əsas leytmotivi olacaq. Yəni bu işçi qrupların işi ilin sonuna qədər çox gərgin iş qrafikində davam edəcək. Mənə elə gəlir ki, ilkin razılaşma Milad atəşkəsi, Yeni il atəşkəsi ola bilər. Çox güman ki, Milad, Yeni il bayramı münasibətilə ilkin razılaşma müvəqqəti atəşkəs olacaq. Bu, bir həftə, on gün, iki həftə də ola bilər. Məsələn, dekabrın 25-dən yanvarın 7-nə qədər ola bilər. Pravoslav Milad bayramı yanvarın 7-nə düşür. 25-də isə kotoliklərin və protestantların Milad bayramıdır. Yəni 25 dekbar - 7 yanvar arası müəyyən bir atəşkəs oluna bilər. Amma bu, qalıcı bir atəşkəsə və sülhə çevriləcəkmi? Burada hələ ciddi suallar var.
- Həm hərbi, həm də diplomatik cəbhədəki qarşıdurmada Ukrayna uğursuzluğa düçar olarsa, bu, Rusiyanın Cənubi Qafqazla, xüsusilə dövlətimiz Azərbaycanla bağlı planlarına necə təsir edəcək?
- Təbii ki, Ukrayna indi Rusiyanın bütün resurslarını, ehtiyatlarını, diqqətini özünə cəlb edib və Rusiyanın Orta Asiyada və Cənubi Qafqazda mövqeləri zəifləyib. Amma bu, həm də bir obyektiv prosesdir. Rusiyanın Orta Asiya və Cənubi Qafqaz siyasətində mövqeyinin zəifləməsi obyektiv reallıqdır və bunu da Rusiya anlayır. Yəni bu, o demək deyil ki, Rusiya Ukraynada müəyyən üstünlük qazanan kimi gücünü dərhal Cənubi Qafqaza və yaxud Orta Asiya respublikalarına çevirəcək. Bu, o qədər də inandırıcı gəlmir. Çünki Rusiya hələ uzun müddət öz yaralarını sağaltmalıdır. Bu, birinci məsələdir.
İkinci məsələ isə Ukraynada müvəqqəti sülh ola bilər. Ukrayna ilə Rusiya arasında güllük-gülüstanlıq olacağı, bütün münasibətlərin düzələcəyi mümkün deyil. Ona görə də Moskva Rusiya-Ukrayna cəbhəsində uzun müddət çoxlu sayda qoşun saxlamağa məcbur qalacaq. Yəni oradan qoşunlarını çəkə bilməz, çəkən kimi atəşkəsin pozulması baş verə bilər ki, Ukrayna da atəşkəsin pozulmasında Rusiyanı günahlandıraraq, itirdiyi əraziləri geri qaytarmağa çalışa bilər.
Xatırlayırsınızsa, Trampın 28 bənddən ibarət ilk planında bu barədə bir bənd var idi ki, tərəflərdən biri razılaşmanı pozarsa, digər tərəfin buna hərbi cavab vermək haqqı doğur. Yəni bu məsələ də var. Bəli, Cənubi Qafqazda, Orta Asiyada müəyyən təhlükələr ola, problemlər yarana bilər. Amma Rusiyanın əlini-qolunu sallayaraq, Ukrayna cəbhəsində bütün problemlərini həll etdiyini düşünüb, tam gücü ilə, öz “ayı siyasəti” ilə Cənubi Qafqaza və yaxud da Orta Asiyaya hansısa bir formada təzqyiqləri artıracağına inanmıram. Çünki Rusiyanın resursları buna yetərli deyil.
- Məlum olduğu kimi, bir neçə gün öncə SSRİ bayrağı ilə Bakı şəhərində yürüşə çıxan bir qrup şəxs saxlanıldı və barələrində cinayət işi açıldı. Bəzi siyasətçilər, siyasi şərhçilər bu hadisənin Rusiyanın təxribatı olduğunu dedilər. Bu halda, Rusiyanın Cənubi Qafqazda, xüsusən Azərbaycanda proseslərə, hadisələrə müdaxilə etməyəcəyini demək olarmı?
- Bu kiçicik bir insidentin ola bilər ki, “ayaq”ları var. Hansısa formada Kremlin müxtəlif dairələrinin təsiri ola bilər. Mən bunu istisna etmirəm. Yəqin ki, istintaq bunu araşdıracaq. Amma bilirsiniz, Cənubi Qafqazda cəmiyyətlər artıq dəyişib. Yəni rusiyapərəst qüvvələrin nə Azərbaycanda, nə Ermənistanda, nə Gürcüstanda açıq şəkildə xalqdan dəstək görməsi, hansısa bir formada ciddi siyasi oyunçuya çevrilməsi mümkün deyil. Ona görə, bunu Rusiya da anlayır. Yəni 3-5 nəfərlə ölkədəki siyasi vəziyyətə, hansısa iqtisadi proseslərə təsir etməyi absurddur, mümkün deyil. Yəni bu, çoxdan baş verib, Azərbaycanda ictimai rəyi Rusiya 90-cı illərdən itirib, 20 Yanvar hadisəsindən, Xocalı faciəsindən, Qarabağın işğal edilməsindən itirib. Ermənistanda isə son Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra ictimai rəyi tam itirib. İndi Paşinyanı bəyənməyənlər, onun rəqibləri ruspərəst olduqlarına görə, pislə çox pis arasında seçim etsələr, yenə Paşinyanı seçirlər. Eçmiəzdindəki son seçkilər bunu sübut etdi. Gürcüstanda isə İvanaşvili komandasının adına ruspərəst qüvvələr deyirlər. Bu, tamamilə mənasız və absurd yanaşmadır. Gürcüstanın indiki komandası ruspərəst deyil. Rusiya ilə normal münasibətlər saxlamaq, pul qazanmaq istəyənlərdirmi? Bəli, indi kim Rusiyadan pul qazanmaq istəmir ki?! Bu gün Hindistan da, Çin də bunu istəyir. Hətta Ermənistanın özü keçən il 14 milyard dollarlıq ticarət dövriyyəsinə çatmışdı. Yəni hamı pul qazanmaq istəyir. Amma ictimai rəydə gedin sorğu keçirin, on gürcüdən səkkizi Rusiyanı işğalçı adlandıracaq. Rusiyanı qəbul etmədiyini, Abxaziyanı və Cənubi Osetiyanı məhz Rusiyanın işğal etdiyini söyləcəyəcək. Yəni ictimai dayaqları olmayan istənilən siyasi hərəkat istənilən ölkədə uğursuzluğa düçar ola bilər və düçar da olacaq. Axı, onun dayaqları, təməlləri olmalıdır.
- Natiq bəy, Azərbaycanda ictimai rəyi Rusiya 90-cı illərdən itirib. Ancaq bilirsiniz ki, bir müddətdir Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi qaldırılıb və o, Rusiyanın dəstəyi ilə hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Həmçinin, bir qrup müxalifətçi də bu işlə əlaqədar saxlanılıb, barələrində cinayət işi açılıb, ittiham olunur. Sizcə, bu halda, Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi etməsi ehtimalı realdırmı?
- Mümkün deyil. Ona görə də ifşa olundu. Bizdə hakimiyyət daxilində həmişə “5-ci kolon” olub. Yəni Rusiyanın adamları bizdə cəmiyyətdə ictimai, aktiv proseslərdə çox az olub. Hətta Gürcüstana, Ermənistana nisbətən qat-qat az olub. Gürcüstanda günü bu gün də Rusiyanın birbaşa maraqlarından çıxış edən marginal partiyalar var. Ermənistanda Sərksiyanla, Köçəryan var ki, onların partiyaları Rusiya ilə daha iç-içədirlər. Amma Azərbaycanda Rusiya ilə açıq şəkildə siyasət yürüdən belə siyasi cərəyanlar və siyasi partiyalar, ictimai hərəkat olmayıb. Bizdə Rusiyaya qulluq edən, Rusiyanın dedikləri ilə davranan insanlar hakimiyyətin daxilində olub və gördüyümüz də odur ki, 2019-cu ildən bəri kifayət qədər ciddi “təmizləmə əməliyyatı” gedir. Hakimiyyətin daxilində ruspərəst quvvələrin “təmizlənmə”sinin şahidi oluruq. Bu, orduda da baş verir. Artıq Azərbaycan generalları Rusiyada təhsil almış generallar deyil. Demirəm ki, xüsusi xidmət orqanlarında, dövlət orqanlarında, nazirliklərdə tamamilə təmizlənib, bunu iddia etmək üçün çox tezdir, amma ciddi “təmizləmə əməliyyatı” gedir.
O ki qaldı hansısa bir partiyanın Ramiz Mehdiyevlə əməkdaşlığına, bunu çox güclü faktlarla sübut etmək lazımdır. Bu məsələnin siyasi qiymətini vermək olar, şəxsən biz 15-20 il qabaq bununla bağlı ictimai çıxışlarımızda danışırdıq. 10 il qabaq da danışmışıq ki, belə bir ehtimal var, amma bu, siyasi qiymətdir. Hüquqi qiyməti isə istintaq orqanları inandırıcı bir şəkildə verməlidir.
- Rusiya neftinin qiymətinin enməsinə toxundunuz. Bilirsiniz ki, Azərbaycan neftinin də qiymət son vaxtlar gah enir, gah da qalxır. Bildiyiniz kimi, neftin qiyməti büdcədə 65 dollardan götürülüb. Bu halda, neftin qiymətinin enməsi büdcəyə necə təsir edəcək?
- Birincisi, büdcədə yox, icmal büdcədə 65 dollar götürülüb. Yəni Neft Fondunun büdcəsi bura daxildir. Yəni neftin qiyməti sabah 5 dollar da olsa, Neft Fondunda olan ehtiyatları nəzərə alsaq, nə qədər manat şəkilində Azərbaycan büdcəsinə transfer olunmalıdırsa, o qədər də olunacaq. Neftin qiymətinin birbaşa büdcə transfertlərinə dəxli yoxdur. İcmal büdcəyə ciddi dəxli var. Neftin qiyməti düşdükcə, Azərbaycanın gəlirləri azalır. Gəlirləri azalanda Neft Fonduna daxil olan vəsait, Azərbaycanın ticarət dövriyyəsində müsbət saldo azalır. Hətta çox güman ki, mənfiyə doğru gedəcək. Gələn il neftin qiyməti 50-55 dollar olsa, bizim ticarət dövriyyəmizdə son 20 ili götürsək, ilk dəfə mənfi saldo yarana bilər. Yəni bütün bunlar Azərbaycanın nə qədər neftdən asılı olduğunu göstərir. Bütün bunlar hökumət üçün bir çağırışdır. İllərdir biz bu barədə danışanda hökumət “narahatçılıq yoxdur, biz qeyr-neft sektorunu inkişaf etdiririk” deyirdi. İndi o rəqəmləri biz görmürük, qeyri-neft sektoru neft sektorunu əvəz edə bilmir.
- Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bugünlərdə Türkiyədə Qara dəniz sahillərində Rusiyaya məxsus iki neft tankeri hücum məruz qalıb. Bu neft tankerlərini Ukrayna hərbi dəniz qüvvələrinə məxsus PUA-ların vurduğu barədə məlumat yayılıb. Bu hadisənin Türkiyə və regionun təhlükəsizliyinə təsirlərini necə dəyərləndirirsiniz?
- Qazaxstana məxsus “Novorosiysk” neft terminalının, tankerlərin vurulması Qazaxstanın etirazına səbəb oldu. Mən düşünmürəm ki, Türkiyə tərəfi də bundan məmnundur. Sadəcə, Ukrayna tərəfi danışıqların indi qızışdığı bir dövrdə onların da nəyə qadir olduğunu göstərmək istəyir. Ukraynanın enerji sektorunu Rusiya darmadağın edib, Ukrayna xalqını istiliksiz, işıqsız, sussuz qoyur, faktiki olaraq xalqa qarşı çox böyük amansızlıqla mübarizə aparır. Ukrayna tərəfi “bizim də əlimizdə “koz” var, biz də neft tankerlərini, ticarət dövriyyəsini Qara dənizdə tamamilə dayandırarıq” mesajını verirlər. Mən düşünmürəm ki, Türkiyə bundan məmnundur, onun birbaşa maraqlarına toxunmayan məsələlər olduğuna görə. Çünki bu, Türkiyəyə gələn neft deyildi, dünya bazarına çıxarılacaq neft idi. Ona görə, Ankara kəskin reaksiya vermədi. Amma mən əminəm ki, diplomatik kanallarla Türkiyə bu məsələ ilə bağlı Ukrayna ilə ciddi təmaslar qurur.
- Yəni bunun Türkiyə-Ukrayna münasibətlərinə mənfi təsiri ola bilərmi?
- Müəyyən təsirləri olacaq. Amma bu, hansısa bir ictimai açıqlamalarla yox, diplomatik kanallarla yoluna qoyulamağa çalışılacaq.
CAVİD
