"Rusiyanın silah ehtiyatının azalması hərbi elitada çaxnaşmaya səbəb olur" - KƏNAN NOVRUZOV

"Yəqin ki, yaxın vaxtlarda Ukrayna Baxmutda irəliləyişə nail olacaq, bu isə məhz Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" arasındakı gərginlik fonunda baş verəcək"
""Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırlaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq Baxmut istiqamətində cinahları yarır. Priqojin daha əvvəl də Rusiya Müdafiə Nazirliyini tənqid etmiş, silah-sursat çatışmazlığından şikayət etmişdi. Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" arasında gərginlik var. Proqnozlaşdırdığımız kimi, ziddiyət getdikcə artır". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin hərbi resurslarının tədricən tükəndiyini vurğulayan ekspert bildirib ki, Ukraynadan fərqli olaraq Rusiyanı silahla təmin edə biləcək cəmi bir neçə dövlət var: "Bu sırada xüsusilə Çin və İranı göstərmək olar. Amma onlar da Qərbin ehtimal olunan təzyiqlərindən narahat olduqları üçün ehtiyatlı davranırlar. Odur ki, Rusiyanın silah ehtiyatı getdikcə azalır. Və bu da təbii ki, hərbi elitada çaxnaşmaya səbəb olur. Bu mənada, mövcud gərginliyin artan templə davam edəcəyi gözləniləndir".
Kənan Novruzov hesab edir ki, Priqojinin Ukraynanın ehtimal edilən əks- hücum əməliyyatları ilə bağlı məhz indi danışması diqqət çəkir: "Niyə o indiyədək bu barədə bir söz deməmişdi? Axı rəsmi Kiyev xeyli vaxtdır ki, əks- hücum əməliyyatlarının anonsunu verir. Görünür, "Vaqner" rəhbəri səsləndirdiyi bu fikirlərlə həm də Rusiya Müdafiə Nazirliyini hədəf alıb. O, növbəti dəfə müdafiə naziri Sergey Şoyqunun və onun komandasının səriştəsizliyini göstərmək istəyib. Əlbəttə, Ukrayna Silahlı Qüvvələrinin Baxmutda əks-hücum əməliyyatlarına başlaması tamamilə realdır. Hətta, bəlkə də, artıq prosesə start verilib. Ancaq Priqojinin açıqlamasının həm də təbliğat xarakterli olması qətiyyən istisna deyil. Yəqin ki, yaxın vaxtlarda Ukrayna Baxmutda irəliləyişə nail olacaq. Bu isə məhz Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" arasındakı gərginlik fonunda baş verəcək. Tərəflər arasında ziddiyət artıqca Ukrayna bundan istifadə edəcək. Əvvəl də dediyimiz kimi, gələcəkdə Priqojinin "səhnədən çıxarılması", o cümlədən ona qarşı sui-qəsd mümkündür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya