Saat:13:46
Haqqımızda

“RUSİYANIN REGİONDAKI ROLU SARSILIB, ANCAQ...” - “Ermənistanla sülh bağlamaq “bütün problemlərimizi həll etdik” demək deyil”

2023-06-23 09:38:00

“RUSİYANIN REGİONDAKI ROLU SARSILIB, ANCAQ...” - “Ermənistanla sülh bağlamaq “bütün problemlərimizi həll etdik” demək deyil”

“Pressklub”un rəhbəri Arif Əliyev “AzPolitika.info”ya geniş müsahibəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları, Rusiya və Qərbin maraqları, münaqişənin həlli perspektivləri və güc tətbiqinin yenidən gündəmə gəlməsi zərurəti barədə sualları cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirk:

- Arif bəy, sülh danışıqlarının getdiyi ərəfədə yenidən sərhəddə, Qarabağ ərazisində qarşıdurma yarandı. Hətta Laçın yolundakı sərhəd buraxılış məntəqəmiz atəşə tutuldu və orada hərəkət dayandırıldı. Bütün bu olaylar Moskva görüşündən sonraya təsadüf edir. Bu fakt Rusiyanın regionda təsir gücünün qaldığından xəbər verirmi? Hadisələri necə qiymətləndirirsiniz?

- Rusiyanın regiondakı rolunda sarsılma var. Amma Rusiyanın hələ də burada gedən proseslərə ciddi şəkildə müdaxilə etmək gücü mövcuddur. Bunu təkcə Azərbaycan, Ermənistan, Gürcüstan kimi kiçik regional dövlətlər yox, ABŞ və Avropa Birliyi də hiss edir. Rusiya bu bölgədə öz qoşunu ilə iştirak edən yeganə xarici qüvvədir.

Digər tərəfdən, burada Rusiya ilə keçmişdən bağları olan və indi də qalan insanlar, rəhbərlər, siyasəti müəyyən edən şəxslər fəaliyyət göstərir.

Rusiya üçün heç bir mənəvi sədd yoxdur. Təxribatlar sülh müqaviləsi imzalansa belə uzun müddət olacaq. Bu, təkcə Ermənistanla bağlı olan məsələ deyil. Burada ümumiyyətlə, çox geniş kommunikasiya xətlərinə bağlı olan məsələlər var. Ona görə də Ermənistanla sülh bağlamaq “bütün problemlərimizi həll etdik” demək deyil.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyunun 20-də yayımlanan bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan münaqişənin həllində Üçtərəfli bəyanata əsaslanmalıdır və Rusiyanın mövqeyi konkret olaraq bundan ibarətdir. Bildiyiniz kimi, hazırda sülh prosesində Qərb çox aktiv tərəfdir və onun təklifləri ətrafında müzakirələr gedir. Sizcə, Bakı və İrəvan Rusiyanın təklifini nəzərə ala bilərmi? Üçtərəfli formatda sülhün hansısa perspektivi varmı?

- Format olaraq, əlbəttə, nəzərə alırlar və hər dəfə də bunu qeyd edirlər. Amma reallığa gəldikdə Üçtərəfli müqavilə artıq yoxdur. Zatən bu sənədin hüquqi əsaslarıyla bağlı çoxlu suallar var idi. Bu, daha çox siyasi sənəd kimi qiymətləndirilirdi. Real olaraq bu sənəd Azərbaycanın bir sıra rayonları Ermənistan hərbi qüvvələri tərəfindən boşaldılana qədər işləyirdi. Düzdür, orada da bir sıra sual doğuran məqamlar var idi. Hazırda bu müqavilənin bir dənə də olsun işlək və pozulmayan bəndi yoxdur - istər Rusiya, istərsə də Ermənistan tərəfindən. Azərbaycan da buna adekvat tədbirlər görüb. Bu sənəddə yerinə yetirilməsi mümkün olan bəndlər yerinə yetirilib. Ermənistan qoşunlarının çıxarılması, kommunikasiya xətlərinin açılması, Rusiya sülhməramlılarının rolu ilə bağlı bəndlər isə yerinə yetirilməyib. Hazırda danışıqlar üç platformada gedir – Avropa, ABŞ və Rusiya. Biz dəqiq deyə bilmərik ki, hansı platformada daha böyük irəliləyiş əldə olunub. ABŞ tələsik şəkildə qərar qəbul etdirmək istəyir, Avropa tələsmədən, bir az vaxt aparan formada buna nail olmağa çalışır, Rusiya isə məsələni mümkün olduğu qədər uzatmağı düşünür. Gördüyünüz kimi, bütün bu maraqlar bir-biri ilə ziddiyyət təşkil edir.

- Azərbaycan tərəfi bildirir ki, Ermənistan Xankəndində hələ də mövcudluğunu qoruyan qondarma rejimə qarşı öz təsir imkanlarından sona qədər istifadə etmir. Siz də qeyd etdiniz ki, sülh müqaviləsi imzalansa belə, problem qalacaq və Rusiyanın müdaxiləsi davam edəcək. Sizcə, Ermənistanın Xankəndinin də sülh müqaviləsinə əməl etməsimini təmin edəcək hansısa imkanları varmı?

- Hazırda Ermənistanın əsas istəyi öz başını qorumaqdır. Paşinyan dəfələrlə qeyd edib ki, bizim ərazimiz budur, bunu tanıyın. Biz gördük ki, prinsipcə, beynəlxalq mühitdə də bu cür dəyişikliyi həyata keçirmək son nəticədə məqbuldur. Ermənistanın Xankəndi və ətrafında qalan ermənilərə təsirinə gəldikdə, mənim fikrimcə, bu gün Ermənistanın onlara təsiri sıfıra bərabərdir.

- Amma maliyyə verir...

- Bəli, amma maliyyənin ora haradan verildiyini araşdırmaq lazımdır.

-Dövlət büdcəsindən ayrılır...

- Çünki bu maliyyənin büdcəyə hansı formada düşdüyü aydın deyil. Avropa ölkələrindən biri tərəfindənmi, yoxsa, Rusiyanın burada iştirak var? Mən deyərdim ki, bu gün əksinə, Qarabağda qalan ermənilərin Ermənistana təsir imkanları var və bu, çoxdan olan bir məsələdir. Sadəcə, indiki mərhələdə daha eybəcər bir forma alıb. Məhz bundan istifadə edib Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirmək cəhdi oldu. Bu gün də o cəhd davam edir. Əhali hələ bunu tam qəbul etməsə də, Ermənistanın Xankəndi ilə bağlı ciddi siyasi iddiası görünmür. Bu, o demək deyil ki, 15 və ya 20 ildən sonra vəziyyət dəyişə bilməz. Biz ən azı son 100 illikdə görmüşük ki, hər 15-20 ildən bir bu məsələ bu və ya digər formada qaldırılıb. Amma hazırda Ermənistan bütün diqqətini yalnız özünün müstəqilliyinin qorunmasına və gələcək inkişafının təminatına yönəldib. O, Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında bir maneə kimi çıxış etmir. Azərbaycan üçün başqa meneələr var...

 

- O zaman Azərbaycan ikitərəfli qaydada Qarabağ mövzusunu Rusiya ilə danışa bilərmi?

- Şübhə etmirəm ki, bu, çoxdan baş verib. Təbii ki, ikitərəfli söhbətlər olub. Amma burada iki məsələyə diqqət etmək lazımdır. Birincisi, bu gün problemin həlli təkcə Rusiya və Azərbaycandan asılı deyil. Belə olsaydı, Vaşinqtona ya da Brüsselə səfərlər etməyə ehtiyac olmazdı. İkincisi, geniş mənada burada Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşmür. Əgər bu maraqlar üst-üstə düşsəydi, problem çoxdan həll olunmuşdu. Biz Rusiya rəhbərliyinin çıxışlarında da açıq formada belə fikirlərin şahidi olmuşuq. Məsələn, Putin “Valday”da söylədi ki, “Bu məsələnin iki həll yolu var. Vaşinqton deyir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Biz isə deyirik ki, indi sülh müqaviləsi imzalansın, sonra bunun başqa variantları da var. İndi Ermənistan rəhbərliyi əgər Vaşinqtonla əlaqə qurmaq istəyirsə, qoy qursun”.

- Bu, açıq şəkildə şantaj idi...

- Bəli, həm də şantaj idi. Rusiya açıq şəkildə bəyan etdi ki, hazırkı vəziyyət qalsın, Azərbaycanla Ermənistan barışsın, sonra gələcəkdə baxarıq, görək, hansı formada bu problemi həll etmək istəyəcəklər. Bu yanaşma tərzi Azərbaycana sərf etmir. Təsadüfi deyil ki, Azərbaycan bütün təzyiqlərə baxmayaraq, rus sülhməramlılarına mandat vermir. Xatırlayırsınızsa, Moldova rus qoşunlarına bu manadatı vermişdi. Onun müddəti bitən zaman Rusiya nə dedi? Dedi ki, biz problem həll olunandan sonra buradan gedəcəyik, hələ ki, problem həll olunmayıb. Biz eyni yanaşma tərzini burada da görəcəyik.

Bütün bunlara baxmayaraq, əlbəttə, söhbətlər, danışıqlar gedir. Bakıya gəmilər də, təyyarələr də gəlir, rəhbərlər müxtəlif formatlarda görüşürlər və s. Amma bu cür danışıqların 90 faizi aysberq kimi su altında qalır. Bizim onlar haqqında məlumatımız yoxdur və yəqin ki, belə olmalıdır.

- Azərbaycan cəmiyyətində Qərbin münaqişənin həlli ilə bağlı mövqeyi pozitiv qəbul olunur. Paşinyan da dedi ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin təzyiqlərinin nəticəsidir. Amma ekspert camiyəsində belə bir narahatlıq var ki, Qərb hansısa formada Qarabağın ermənilərin yaşadığı ərazilərə beynəlxalq nəzarəti təmin etmək istəyir. Sizcə, burada Qərbin mövqeyi tam olaraq nədən ibarətdir?

- Qərbin istədiyi birinci məsələ Rusiyanın regiondan çıxarılmasıdır. Amma Rusiyanın Ukraynada böyük və faciəvi bir məğlubiyyəti baş verməsə, bu, mümkün deyil. Çünki Rusiyanın hərbi qüvvələri burada oturub və digər imkanları da qalmaqdadır. İkinci məsələ odur ki, Orta Asiyadan keçən böyük enerji xətləri bizim regiondan keçdiyi üçün, burada sabitlik və təhlükəsizlik məsələsi böyük önəm kəsb edir. Söhbət çox böyük iqtisadi və enerji layihələrindən gedir. Bu layihələrin çəkisi heç də bölgənin özünün çəkisindən az deyil.

Təbii ki, burada başqa məsələlər də var. Birincisi, onlar ehtiyat edirlər ki, Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra erməni əhalisi oradan gedəcək. Bunu da çoxları müxtəlif səbəblərə görə istəmir. Söhbət heç də ondan getmir ki, Azərbaycan erməniləri oradan çıxaracaq. Söhbət 30 illik müharibədən sonra ağır psixoloji diskomfortdan, insanların uzun müddətdən sonra dil tapmasından gedir. Qərbdə hər hansı təxribatların baş verməsindən narahatdırlar. Bunun baş verməməsi üçün hansısa formada zəmanət istəyirlər. Qərbin istəyi Azərbaycandan hüquqi və inzibati cəhətdən formalaşdırılmış bir zəmanət almaqdır. Burada həmçinin, dini və milli təəssübkeşlik də rol oynayır. Məsələn, Fransanın mövqeyi kimi.

Biz deyirik ki, Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir və mövqelər yaxınlaşdırılır. Tərəflər sülh müqaviləsinin imzalanmasıyla bağlı dəfələrlə prinsipial razılaşmanın əldə olunduğunu bildiriblər. Ermənistanın rəhbəri açıq şəkildə deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, kommunikasiyaların açılmasının tərəfdarıyıq. Yanaşı qoyanda görürsən ki, bunlar hamısı beş bənd üzrə üst -üstə düşən məqamlardır.

- Amma Qarabağda qalan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərdə fikir ayrılığı var və ortada olan təkliflər suverenliyimizə xələl gətirə bilər...

- Sülh müqaviləsi çərçivəsində bunların heç biri olmayacaq. Bunun indi baş verib-verməməsinin səbəbi yuxarıda dediyimiz məqamlarla bağlıdır. Bu məsələlər hələ razılaşdırılmayıb.

- Biz gördük ki, 44 günlük müharibədən sonrakı mərhələdə güc tətbiqi diplomatiyada irəliləyişlərə səbəb olur, yəni Ermənistanın mövqeyində ciddi dəyişikliklər baş verir. Sizcə, Azərbaycan yeni irəliləyişlər üçün Qarabağda və ya şərti sərhəddə Ermənistana təzyiq üçün güc tətbiq edə bilərmi?

- 2020-ci ilin avqustunda bu sualı sizə versəydilər, güc tətbiqinin mümükün olduğunu deyərdiniz?

- Çox çətin...

- Bu gün də həmin vəziyyətdir. Yəni, heç nəyi istisna etmək mükün deyil. Əgər divardan tüfəng asılıbsa, sonda ondan atəş açılacaq... Bölgədə bu qədər qüvvə, hərbi texnika və təxribat varsa, əlbəttə ki, o qığılcım yarana bilər. Bu, 2020-ci ildəki müharibdən daha böyük məsuliyyət tələb edəcək. Xatırlayırsınızsa, ölkə başçısı Moskvadakı görüşdə dedi ki, bizim ərazi iddiamız yoxdur və bunu düşünmək üçün çox böyük fantaziyaya malik olmaq lazımdır. O, əslində bu sözü Paşinyana ünvanlamamışdı. Bu, müəyyən dairələrə verilən mesaj idi. Ümumiyyətlə, Moskvadakı görüşdə Paşinyan və Əliyev arasında yaşanan söz dueli də bir mesaj idi. Həmin görüşdə Putin imkan vermədi ki, Qazaxıstanın Prezidenti bu mübahisəyə müdaxilə etsin. Sonra deyilənə görə, o, çox maraqlı bir fikir söyləmək istəyirmiş.

Yəni, bölgədə bəzi yüksəkliklərə nəzarətin təmin edilməsi üçün lokal hərəkətlər olub. Bu yüksəkliklər adi bir qayalıq kimi görsənə bilər. Amma onların hər birinin ayrıca strateji əhəmiyyəti var. Bəzən, bu yüksəkliklər böyük bir ərazinin götürülməsində əhəmiyyətli rol oynayıb. Hazırda heç nəyi istisna etmək olmaz, hər şey mümkündür. Amma qeyd etdiyim kimi, bunun çox yüksək məsuliyyət tələb edəcəyini unutmamaq lazımdır. Digər tərəfdən, bu məsuliyyət güc faktorundan istifadə ehtimalını xeyli dərəcədə azaldır.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Load Time (S) : 0.713379