Saat:11:05
Haqqımızda

“Rusiyanın qulu olan bir ölkə deyir ki...” - İlham Əliyev

2022-11-26 09:08:00

“Rusiyanın qulu olan bir ölkə deyir ki...” - İlham Əliyev

“Mən onları təhqir etməyə çalışmıram. Mən bu postmüharibə dövründə hiss etdiklərimi və gördüklərimi deməyə çalışıram. İndi sülh haqqında, Azərbaycanla münasibətlərin normallaşması haqqında eşitdiyimiz səsləri işğal vaxtında biz eşitmirdik”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Konfransda “Paşinyan nə istəyir? Nəyə görə o, gündə yeddi dona girir? Bunu Rusiya, Fransa və ya İrana görə edir? Yoxsa, Paşinyan bu qüvvələri manipulyasiya edir?” kimi sualları cavablandıran dövlət başçısı qeyd edib ki, iğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz:

“Baxın, görün, nə dərəcədə qeyri-adekvat olmalısan ki, NATO-nun ikinci ordusuna malik, müstəqil xarici siyasət yürüdən və dünyada hər kəsin onun mövqeyi ilə hesablaşmalı olan ölkəyə qarşı ərazi iddiaları irəli sürəsən. Hətta Finlandiya və İsveç terrorçulara sığınacaq verilməsi ilə bağlı Türkiyənin legitim tələbləri ilə hesablaşmalıdır. Bu kiçik, yoxsul, asılı, Rusiyadan asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. Bu, zəhərli şüurdur. Müharibə onlar üçün bir şansdır. Bundan qurtulmaq şansıdır. Beynəlxalq ictimai rəyi manipulyasiya etməkdən qurtulmaq şansıdır, “böyük tarixi” və “böyük xalqı” haqqında uydurduğu hekayələrdən qurtulmaq şansıdır. Paşinyana gəldikdə, ola bilsin, mənim fikirlərim uyğunsuz olacaq. Sadəcə, sizə məlumat vermək istəyirəm, çox obyektiv və bəzilərinin dediyi kimi “no comment” şəklində. İşğal zamanı mənim cənab Paşinyanla bir neçə görüşüm olub. Mən bizim 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin sammitində birinci görüşümüz haqqında bir dəfə danışmışam. Yeri gəlmişkən, həmin gün sentyabrın 27-si idi. Düz iki il sonra həmin gün İkinci Qarabağ müharibəsi başladı. Bu görüşdən sonra, - mən təfərrüatlara varmaq istəmirəm, - biz razılaşdıq ki, sərhəddə atəşkəs rejimini gücləndirəcəyik. Biz atışmaları dayandıracağıq və bu da baş verdi. Bir il ərzində bu baş verdi. Bu il ən sakit il idi və bu ildə demək olar ki, heç bir itkimiz olmadı. Bəs sonra nə baş verdi? O yəqin, bunun zəiflik əlaməti olduğunu düşündü və sonra bu məşhur bəyanatlar səsləndi ki, “Qarabağ Ermənistandır”, “Yeni ərazilər uğrunda yeni müharibə aparılacaq”. Sonra təxribatlar oldu, iyul ayında, avqust ayında və sairə.

Onun indi dedikləri o vaxt dediklərindən fərqlidir. Mən həmişə sual edirəm ki, kimin kim olduğunu başa düşmək üçün onlara həqiqətən də bu müharibə lazım idi? Mən çalışırdım başa salam, çalışırdım deyəm ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik. Bu, mənim sitatımdır: “Müharibə başlasa, biz sizi məhv edəcəyik”. Bu, cəsurluq və ya təbliğat əlaməti deyildi, bu, reallıq idi. Biz nəyə qadir olduğumuzu bilirdik. Biz onların nəyə qadir olduğunu bilirdik. Hətta onlara başqa ölkələr tərəfindən hərbi dəstək göstərilsəydi, - mən fiziki hərbi dəstəyi nəzərdə tuturam, - bu, bizi dayandırmayacaqdı. Bizim motivasiyamız var idi, biz belə davam etməkdənsə ölməyə hazır idik”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR