"Rusiyanın qələbə qazanmaq şansı yoxdur, parçalanma ehtimalı isə böyükdür" - SƏRDAR CƏLALOĞLU
"Artıq güclü, şişirdilmiş Rusiya və onun təsir gücü aradan qalxacaq, dünənə qədər onun təsirində olan ərazilər Çin, Türkiyə, ABŞ və digər dövlətlərin nəzarətinə keçəcək"
"Xankəndi iqtisadi zonasının Azərbaycanın suverenliyinə qaytarılmasının Rusiya-Ukrayna müharibəsinin vəziyyəti ilə əlaqələndirilməsinin qəti əleyhinəyəm"
"Türkiyə BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanı layiqincə əvəz edəcək, beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı kimi daha təsirli addımlar atacaq"
"Artıq ABŞ və Avropa Rusiya ilə əvvəlki formada danışmayacaq, çünki Rusiya məğlub olan tərəfdir və gücsüzlüyü üzə çıxdı!"
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Rusiya-Ukrayna müharibəsinin sonu, BMT-nin formatının dəyişdirilməsinə dair çağırışlar, o cümlədən Putin-Zelenski görüşünün baş tutma ehtimalı, Putin hərbi fəaliyyət zonasını genişləndirməsinin mümkünlüyü, Azərbaycanın Xocalını, Xankəndini nəzarətə götürməsi üçün yaranmış fürsət və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
"Rusiya-Ukrayna savaşı dünya müharibəsinin yeni bir modifikasiyasıdır"
- Sərdar bəy, Rusiya-Ukrayna müharibəsinin sonu necə görürsünüz?
- Əslində, buna Rusiya-Ukrayna savaşı baxmaq tamamilə yanlışdır. Çünki bu, dünya müharibəsinin yeni bir modifikasiyasıdır. Yəni, faktiki olaraq üzdə iki dövlət bir-biri ilə vuruşur, ancaq bu dövlətlərin hər birinin özünün cəbhəsi var. Belə ki, səhnədə iki dövlət görünsə də, əslində vuruşan daha çoxdur. Bu baxımdan, mən bunu 3-cü dünya müharibəsinin yeni variantı kimi hesab edirəm və düşünürəm ki, Rusiyanın bu müharibədə qələbə qazanmaq üçün heç bir şansı yoxdur.
- Söhbət 3-cü dünya müharibəsindən düşmüşkən, necə düşünürsünüz, müharibənin cəhbəsi genişlənə və faktiki olaraq digər dövlətlərin də prosesə birbaşa qoşulması gözlənilirmi?
- Yox, belə bir gözlənti yoxdur. Burda əsas məsələ odur ki, digər dövlətlər birbaşa prosesə girişərsə, o zaman bu müharibənin sahəsi genişlənər. Odur ki, ABŞ, həmçinin Avropa yaratdığı stabilliyin, sosial infrastrukturun dağılmasını istəmir. Çünki hər dəfə dünya müharibələrində Avropa tamamilə dağılıb. Buna görə də ən yaxşı variant müharibəni Ukrayna ərazisində aparmaqdır. Sirr deyil ki, hazırda Rusiya ABŞ-la, NATO ilə vuruşur. Düzdür, bilavasitə əlində silah tutanlar ukraynalılardır, lakin texnikanı, maddi dəstəyi, sursatı verən və digər zəruri yardımı edən ABŞ, Avropadır. Onu da qeyd edim ki, Rusiya özü NATO ilə vuruşmağa gücünün çatmayacağını etiraf edib. Belə ki, Putin bunu müharibənin əvvəlində bəyan etmişdi. İndi də faktiki olaraq, görünür ki, Rusiyanın həqiqətən də NATO-ya gücü çatmır. Ümumiyyətlə, tarix də sübut edir ki, daimi güclü ölkə anlayışı yoxdur. Bildiyiniz kimi, vaxtilə mövcud olan bütün imperiyalar sonda süquta uğrayıb. Odur ki, xalqın çoxluğu, böyük döyüş keçmişi o demək deyil ki, bu, daim belə davam edəcək. Yəni, Rusiya da öz keçmişi, xəyallar üzərində müasir güc ifadə edirdi. Halbuki, keçmiş artıq keçmişdə qalıb. Hətta Rusiyanın ən qatı millətçi jurnalisti Solovyov belə, dolayısıyla ordularının gücsüzlüyünü etiraf edib. Rusiya bu dərəcədə zəif, çarəsiz bir vəziyyətdədir.
"Üzü yaza getdikcə Ukraynanın əli güclənəcək və Avropadan daha böyük dəstək almaqla Rusiya ordusunu daha ağrılı günlər gözləyir"
- Sözlərinizdən belə çıxır ki, bu müharibə Rusiyanın hərbi qüdrəti, onun ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifi alt-üst etdi...
- Bəli, bu müharibə Rusiya dövləti, eyni zamanda onun ordusu ilə bağlı yaranmış mifi tamamilə dağıtdı. Bundan sonra artıq dünya yeni geopolitik mərhələyə qədəm qoyacaq. Belə ki, artıq güclü, şişirdilmiş Rusiya və onun təsir gücü aradan qalxacaq, dünənə qədər onun təsir dairəsində olanlar azad olunacaq. Həmçinin, Avropa xeyli genişlənəcək, Türkiyə Türk Dövlətləri Birliyini yarada biləcək. Bir sözlə, dünənə qədər Rusiyanın təsirində olan ərazilər Çin, Türkiyə, ABŞ və digər dövlətlərin nəzarətinə keçəcək. Yəni, dünyada ciddi geopolitik dəyişikliklər baş verəcək. Rusiyanın isə parçalanmasına dair ehtimallar həddən artıq böyükdür.
- Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, Putin hərbi fəaliyyət zonasını genişləndirə, NATO üzvü olan ölkələrdən birinə qarşı hücuma keçə bilər. Sizcə, bu versiya nə qədər realdır?
- Əgər Rusiya Ukraynadan çıxa bilsə, o zaman belə bir hücum reallaşa bilər. Ancaq Rusiya Ukraynadan çıxa bilməyəcək. Hələ yaz yeni gəlir, meşələr çiçəklənəcək və partizan döyüşləri üçün daha münbit şərait yaranacaq. Bu isə o deməkdir ki, hər kolun, ağacın altı rus əsgərləri üçün məzar olacaq. Unutmaq lazım deyil ki, 2-ci Dünya Müharibəsində Hitlerin belini qıran partizan hərəkatı Ukrayna və Belarusda başlamışdı. Odur ki, üzü yaza getdikcə Ukraynanın əli güclənəcək və Avropadan daha böyük dəstək almaqla Rusiya ordusunu daha ağrılı günlər gözləyir. Düşünürəm ki, belə davam edərsə, proses Ukraynanın xeyrinə həll olunacaq. Rusiya Ukraynanı 48 saat ərzində tutmağı planlaşdırırdı, lakin 20 günə yaxındır ki, Kreml məqsədinə nail ola bilmir. Məhz bu, onu deməyə əsas verir ki, müharibə Rusiyanın məğlubiyyəti ilə yekunlaşacaq.
"Xankəndini azad etməyimiz Rusiya-Ukrayna müharibəsinin vəziyyətindən deyil, Azərbaycan-Türkiyə münasibətlərinin yeni səviyyəyə qaldırılmasından asılı olacaq"
- Belə bir məlumat yayılıb ki, Rusiya Qarabağdakı "sülhməramlı" kontingentini, o cümlədən Gümrüdəki 102-ci hərbi bazasının 800 hərbçisini Ukraynaya göndərir. Necə düşünürsünüz, Xocalını və Xankəndini nəzarətə götürmək üçün bu fürsətdən yararlana bilərik?
- Ümumiyyətlə, çalışmalıyıq ki, Qarabağ məsələsini bu cür fürsətlərlə əlaqələndirməyək. Yəni, biz suveren dövlət kimi öz suverenliyimizi bütün ərazilərimizdə yaymaq iradəsini ortaya qoymalıyıq. Tutaq ki, Rusiya qalib gəldi, belə çıxır ki, biz Xankəndi iqtisadi zonasından imtina etməliyik?! Ona görə də mən Xankəndi iqtisadi zonasının Azərbaycanın suverenliyinə qaytarılmasının Rusiya-Ukrayna müharibəsinin vəziyyəti ilə əlaqələndirilməsinin qəti əleyhinəyəm. Azərbaycan xalqı öz torpaqları üzərində suverenliyini müəyyən etməlidir. Bu isə, yəni Xankəndini azad etməyimiz Rusiya-Ukrayna müharibəsinin vəziyyətindən deyil, Azərbaycan-Türkiyə münasibətlərinin yeni səviyyəyə qaldırılmasından asılı olacaq. Ona görə də məhz bu sahədə ciddi iş görməliyik. Hesab edirəm ki, prezident İlham Əliyevin qardaş Türkiyəyə son səfəri də məhz bu istiqamətdə atılmış ciddi bir addımdır.
"Rusiya artıq BMT-nin Təhlükəsizlik Şurasında veto hüquqa malik ölkə kimi beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edə bilməz"
- Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra BMT-nin indiki formada mövcud olacağına dair ciddi şübhə etdiyini deyib. Sizcə, müharibədən sonra format dəyişə bilər?
- Təbii ki, əgər Rusiya uduzarsa, onda BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum ediləcək. O da ola bilər ki, BMT-nin Təhlükəsizlik Şurası yenidən formalaşdırılsın, struktur dəyişiklikləri ola bilər. Çünki BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ olan ölkə - Rusiya beynəlxalq hüququn bütün normalarını kobud surətdə pozaraq dünyada sülhü və əmin-amanlığı təhdid edən addım atdı. Söz yox ki, bu addımın da çox ciddi siyasi, hüquqi və iqtisadi nəticələri olmalıdır. İqtisadi nəticələri məlumdur, reparasiya (Beynəlxalq hüququn subyektinin digər subyektə qarşı törətdiyi beynəlxalq hüquqpozma nəticəsində vurulmuş ziyana görə maddi məsuliyyət forması - V.B.) olunacaq və Ukraynaya ziyan ödəniləcək. Lakin bunun bir də siyasi nəticəsi olmalıdır. Siyasi nəticəsi isə odur ki, Rusiya artıq BMT-nin Təhlükəsizlik Şurasında veto hüquqa malik ölkə kimi beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edə bilməz. Bu səbəbdən də bu hüquq onun əlindən alınmalıdır.
- Bəs, hazırda hansı ölkə bu missiya üçün real və ən şanslı namizəddir?
- Düşünürəm ki, ən şanslı ölkə məhz qardaş Türkiyədir. Odur ki, Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ əlindən alındıqdan sonra müsəlman və türk dünyasının təmsilçisi kimi Türkiyə bu missiyanı layiqincə icra edə bilər. Hazırda Rusiya-Ukrayna müharibəsində əsas diplomatik mərkəzlərdən biri kimi məhz Türkiyə çıxış edir. Antalya Diplomatik Forumu, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə olan etibarı, o cümlədən İsraillə Türkiyənin yaxınlaşması onu göstərir ki, Türkiyə BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanı layiqincə əvəz edəcək, beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı kimi daha təsirli addımlar atacaq.
"Hazırda yalnız bir çıxış yolu var ki, o da Rusiyada iqtidar dəyişikliyi baş verməli, Putin hakimiyyətdən getməli və yeni hakimiyyət onun apardığı siyasətdən imtina etməlidir"
- Sərdar bəy, BMT sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsi gündəmə gələ bilər?
- Məncə, bu, hələlik real görünmür. Çünki Rusiya-Ukrayna müharibəsi kiçik dövlətlər arasında olan müharibə deyil. Həm də hələlik Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ qalmaqdadır və o, bu hüququndan istifadə edərsə, BMT sülhməramlılarının Ukraynaya göndərilməsi mümkün olmayacaq. Həm də bu, elə böyük bir cəbhədir ki, orda sülhməramlı missiyası yerinə yetirmək üçün gərək ən azı Ukraynanın qoşunu qədər sülhməramlı ola. Sülhməramlılar isə əsasən 2-3 min nəfərdən ibarət olur. Odur ki, bu, həm iqtisadi, həm də hərbi cəhətdən əlverişli deyil. Bundan başqa, əgər bu gün Rusiya özünü bütün NATO dövlətləri ilə düşmən elan edibsə hansı dövlət sülhməramlı missiyası ilə gəlib orda dura bilər?! Odur ki, hazırda yalnız bir çıxış yolu var ki, o da Rusiyada iqtidar dəyişikliyi baş verməli, Putin hakimiyyətdən getməli və yeni hakimiyyət onun apardığı siyasətdən imtina etməlidir. Yəni, Rusiya tamamilə yeni siyasi kurs götürməlidir.
"Rusiya Ukrayna ilə müharibədə uduzarsa, o zaman Putinin hakimiyyətdə qalma şansı olmayacaq"
- Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Vladimir Putinin devrilməsinə gətirib çıxaracaq?
- Əslində, son parlament seçkiləri Rusiyada Vladimir Putinin nüfuzunun olduqca aşağə düşdüyünü bir daha sübuta yetirdi. Sonradan Navalninin həbsi ilə bağlı baş verənlər də təsdiqlədi ki, Rusiyada çox böyük müxalif cəbhə var. Sadəcə, ruslar təhkimçilik şüuruna malik olduqları üçün hakimiyyətdə kim olursa-olsun ona tabe olmağa meyillidirlər. Amma Rusiya Ukrayna ilə müharibədə uduzarsa, o zaman Putinin hakimiyyətdə qalma şansı olmayacaq. Heç Qərb də bunu qəbul etməyəcək. Əslində baxsaq, hazırda Putin Qərblə müharibə edir.
"Hesab edirəm ki, heyətlərin növbəti görüşlərində Rusiya Ukraynanın haqlı tələblərini yerinə yetirməyə məcbur olacaq"
- Necə düşünürsünüz, yaxın vaxt ərzində Putinlə Zelenskinin görüşünün şahidi ola bilərik?
- Ukrayna və Rusiya nümayəndə heyətinin üçüncü görüşündən sonra Zelenskinin təmsilçisi bildirdi ki, əvvəllər Rusiya bizimlə ultimatum dili ilə danışırdı, lakin indi onlar bizi çox diqqətlə dinləyir və artıq ultimatum tonu yoxdur. Yəni, Rusiya artıq Ukrayna ilə problemi necə həll etmək, hansı formada uzlaşma barədə danışıqlarda maraqlı görünür. Hesab edirəm ki, heyətlərin növbəti görüşlərində Rusiya Ukraynanın haqlı tələblərini yerinə yetirməyə məcbur olacaq. Çünki hər şey müharibə cəbhəsində irəliləyişdən, əldə edilən uğurlardan, göstərilən ciddi müqavimətdən asılıdır. Əgər Rusiya müharibə cəhbəsində irəliləyə bilmirsə, o zaman diplomatik sahədə də heç cür irəliləyə bilməz. Onu da qeyd edim ki, artıq Ukrayna tərəfi Rusiyanın məğlubiyyətindən danışır. Ümumiyyətlə, Rusiya Ukraynada elə ciddi zərbə aldı ki, müharibənin ikinci günü məcbur olub atom silahını və xaricdən muzdlu döyüşçülərin gətirilməsini gündəmə gətirdi. Bu onu göstərir ki, Rusiya özü vuruşa bilmir. Muzdlu əsgərlərə gəlincə, bu, Rusiyanın iqtisadi imkanları daxilində deyil. Çünki iqtisadi sanksiyalar Rusiyanı gündən-günə daha bərbad günə qoyur, ölkəni çökdürür. Belə olan halda isə muzdlu döyüşçüləri saxlamaq heç də asan olmayacaq. Yəni, bütün bunlar artıq Rusiyanın uduzduğunu açıq şəkildə göstərir. Atom bombasına gəlincə, bu, gülünc bir məsələdir. Putinin bu cür ağılsız addım atmaq imkanı da yoxdur. Heç Qərb də buna imkan verməz. Atom təhdidi olacağı təqdirdə, həmin bombalar elə Rusiyanın öz ərazisində partlayacaq.
"Əslində, Qarabağ müharibəsində ermənilər yox, məhz ruslar uduzdu, çünki onların texnikası Rusiyanın idi və hərbi əməliyyatlarına ruslar rəhbərlik edirdi"
- ABŞ mediası iddia edir ki, Rusiya Ukraynada başlatdığı əməliyyata dəstək üçün Çindən hərbi texnika istəyib. Sizcə, bu məlumat nə dərəcədə doğrudur?
- Ola bilər ki, məlumat doğru olsun. Çünki qeyd etdiyim kimi, Ukrayna savaşı göstərir ki, Rusiya özü vuruşa bilmir. Əslində, Qarabağ müharibəsində də ermənilər yox, məhz ruslar uduzdu. Çünki onların texnikası Rusiyanın idi və hərbi əməliyyatlarına ruslar rəhbərlik edirdi. Odur ki, ikinci Qarabağ savaşı Rusiyanın uduzmasının təcrübəsi idi. Ukraynada isə Qərb düşünülmüş şəkildə Rusiyanı daha böyük oyuna çəkdi və artıq Putini dizə gətirirlər. Öncədən də nəticə məlum idi. Yəni, dəqiq bilirdilər ki, Rusiya bu müharibədə məğlub olacaq. Rusiya adicə logistikanı, ordunun təchizatını belə, təmin edə bilmir. Belə ki, yanacaq vaxtında çatmadığı üçün kalonlar irəliləyə bilmir, ukraynanılar isə bundan istifadə edib onları darmadağın edirlər. Bütün bunlar bir daha onu sübuta yetirdi ki, Rusiya ciddi müharibə aparmaq iqtidarında olan dövlət deyil. Bu səbəbdən də artıq ABŞ və Avropa Rusiya ilə əvvəlki formada danışmayacaq. Yəni, bundan sonra Rusiyaya diqtə ilə danışacaqlar. Çünki artıq Rusiya məğlub olan tərəfdir və gücsüzlüyü üzə çıxdı!
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU
