Rusiyanın Paşinyanı devirmək, ABŞ-ın erməni lideri xilas etmək planı… - TƏHLİL

2023-09-12 14:21:38

Rusiyanın Paşinyanı devirmək, ABŞ-ın erməni lideri xilas etmək planı… - TƏHLİL

Böyük güclər Cənubi Qafqazda yenidən üz-üzə gəlir: qanlı savaş ehtimalı getdikcə çoxalır…

Son günlər Rusiya Federasiyasının Cənubi Qafqazda guya “yeganə müttəfiqi” olan Ermənistanla münasibətləri xeyli pisləşib. Yəqin ki, artıq bu münasibətləri yaxşılaşdırmaq şansı da yoxdur. Hərçənd, əks-çağırışlar da eşidilir.

Getdikcə böyüməkdə olan Rusiya-Ermənistan qovğası və çatların dərinləşdiyi Moskva-İrəvan münasibətlərinə bir neçə bucaqdan baxaq. Əgər İrəvan qəti anti-Rusiya yolu tutubsa, hazırda belə görünür, deməli, Fransa artıq Ermənistana böyük vədlər edib. Heç də təsadüfi deyil ki, Ermənistan hakimiyyəti Rusiya ilə "razborka"larında mümkün olan hər fürsətdə bəlağətli düşmən jestlərinə və ultimatum dilinə keçib. Eyni zamanda, Ermənistan Respublikasının özündə ictimai rəy ifrat dərəcədə anti-Moskva və rusofobiya istiqamətinə keçib və Rusiya artıq “düşmən” və “işğalçı" sözləri ilə anılır. Hətta belə bir fikir də səslənir ki, bundan sonra separatçıların - “Artsax” və ya Ermənistanın başına nə gəlsə yalnız Rusiya günahkar olacaq. Bu, Ermənistan parlamentinin sədri Alen Simonyanın son ultimatumundan da görünür:

“Məsələ belədir: Rusiya öz prezidentinin altından imzasını atdığı öhdəlikləri yerinə yetirməyə hazırlaşır, yoxsa yox? Söhbət Laçın dəhlizinin maneəsiz fəaliyyətindən gedir. Orada 120 min soydaşımız girov götürülüb və 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, eni beş kilometr olan Laçın dəhlizi Rusiya qoşunlarının nəzarəti altında olmalıdır. Sual budur ki, bu gün belədirmir? Yox belə deyil...

Qarabağlıları qorumalı olan Rusiya bu gün onları blokadada saxlayır. Rusiya öz hərəkətsizliyi ilə Dağlıq Qarabağı blokadada saxlayır. Qoy dürüst olsunlar, desinlər ki, problemi həll etməyə gücləri çatmır. Deməli, Rusiya ilə münasibətləri pisləşdirən Ermənistan deyil. Rusiya bu gün sadəcə olaraq bölgəmizdən çəkilir, öz iqtisadi maraqlarını güdmək üçün bölgəmizi Türkiyə ilə spekulyasiya mövzusuna çevirməyə çalışır...

Bizim Rusiya ilə ən azı iki çox ciddi sənədimiz var - Ermənistan-Rusiya müqaviləsi və KTMT müqaviləsi. Xahiş edirəm öhdəliklərinizi yerinə yetirin. Müqəddəs yer heç vaxt boş qalmaz. Onu kimdən asılılığı olmadan dolduracağıq. Əsas odur ki, sərhədlərimiz qorunsun”.

Əlsində, bu açıqlama tamamilə Rusiyaya meydan oxumadır. Bu, Rusiyaya ultimatumudur ki, “ya bizim sizə dediyimiz hər şeyi edirsiniz, başqa bir dövlətin (indiki halda Azərbaycanın) suverenliyini pozaraq onun ərazisində bizim istəklərimizi yerinə yetirirsiniz, ya da siz bizim düşmənimizsiniz, sizi regiondan qovacağıq və sizi başqaları ilə əvəz edəcəyik”.

Bu gün heç kim Rusiya ilə belə əmredici ultimatumlarla danışmır, hətta onun geosiyasi rəqibləri belə. Erməni millətçiləri özlərinə Rusiya ilə “günahkar qulları” kimi davranmağı "rəva görürlər".

Bundan əlavə, spiker Alen Simonyan bəyan etmişdi ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statusunu ratifikasiya etmək niyyətindədir. Bu sənədə əsasən, Ermənistan hakimiyyəti Rusiya lideri Vladimir Putini həbs etməyə və əgər o, Ermənistan ərazisində görünsə BCM-ə ekstradisiya etməyə borcludur.

“Böyük ehtimalla, Roma Statusu ratifikasiya olunacaq. Sənəd müzakirə olunur. Müzakirə edəcəyik, anlayacağıq ki, bunun nə kimi faydaları ola bilər. Faydalarsa çoxdur, çünki ölkəmizə qarşı müharibə cinayətləri olub və edilir. Bizə bu lazımdır, ölkəmizə bu lazımdır”, - deyə Alen Simonyan deyib.

Alen Simonyanın ultimatumları Ermənistan hakimiyyətinin yeganə anti-Rusiya jesti deyil. ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı (məqsəd ABŞ-ın Rusiya ilə müharibədə Ukraynaya yeni yardımı ilə bağlı danışıqlardır) Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı Kiyevə “elçi” göndərdi. Simvolik olaraq hamıya bildirmək istədi ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə İrəvan ikincinin tərəfindədir. Bilmək olmaz, bəlkə Paşinyan Anna Akopyanla ABŞ dövlət katibinə "ismarıc çatdırırmış".

Baxmayaraq ki, Ermənistan hələ də Ukraynaya qarşı müharibədə Kremlə çox zəruri olan silahlar üçün mikrosxemlər və digər komponentləri tədarük etməklə, Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Mümkündür ki, İrəvan özü də sanksiyalara tuş gəlməmək üçün “kompensasiya etməyə” başlayacaq və bu da Rusiya üçün çox ağrılı zərbə olacaq.

Rusiyanın özündə erməni millətçiləri və təbliğatçıları Ukrayna ilə müharibəyə fokuslanıblar və guya bu müharibədə Moskvanın “uğurları”nı şişirdirlər ki, bu da artıq Rusiyanın Ukrayna torpaqlarını ələ keçirməsində deyil, “Ukraynanın əks-hücumunun ləngiməsində” və “son edilən silah yardımınının cılızlaşdırılmasında” ifadə olunur. Gözümüzün qabağında Rusiyanın düşməninə çevrilən Ermənistanın həqiqətən nə edəcəyini heç kim bilmir.

Ermənistanın özündə də ruspərəst qüvvələr tamamilə gözümçıxdıya salınıb və ruhdan düşmüş görünür. Onlar artıq “Rusiya ilə dostluq naminə” mitinq və aksiyalar təşkil etməyə belə cəsarət etmirlər. Revanşistlərin hakimiyyətə gəlişi ilə Ermənistanda “rusiyapərəst çevriliş”in baş verə biləcəyinə ümid edənlər sakitləşə bilər. Onun şansları sıfırdır. Rusiya Ermənistandakı hakimiyyəti Ukraynadakı kimi yalnız hərbi təcavüz yolu ilə dəyişə bilər, lakin indi Gümrüdəki 102-ci hərbi bazanın qüvvələri bunun üçün kifayət etmir.

Bununla belə, rusiyayönlü erməni lobbisinin Kreml rəhbərliyini atmağa vadar edə biləcəyi addımın Rusiya üçün intihar, Cənubi Qafqaz regionu üçün isə fəlakətə səbəb olan “ümidsizlikdən doğan addım” ehtimalı artır. Söhbət Ermənistana “hərbi dəhliz”dən keçmək, orada hakimiyyəti dəyişmək və “Artsaxı xilas etməyə” başlamaq üçün Gürcüstana hərbi müdaxilədən gedir ki, bu da əlbəttə, çılğın bir macəradır. Lakin onun riski hələ də qalır. Əslində, Rusiyanın Ukraynaya 2022-ci il hücumu da Rusiyanın "özünəqəsd" addımı idi.

Rusiya ilə Ermənistan arasında gərginliyin bol-bol fraqmentləri yaşanarkən digər məqama diqqət edək. Belə də deyə bilərik ki, Simonaynın Rusiyayla ultimatum dilində danışmasının əvəzində Moskva Paşinyanı növbəti "erməni genosidi”nin perspektivinin müəllifi kimi göstərməyə çalışdı. Həm də Rusiya ermənilərinin dili və səsilə.

Sanki bir ağızdan səs-səsə veribmiş kimi, demək olar, bütün Rusiya və Rusiyayönlü KİV-lər Azərbaycanın Ermənistana qarşı “qaçılmaz müharibə təhlükəsi” mövzusunu təbliğ etməyə başladılar ki, “Nikol Paşinyanın Rusiyaya xəyanəti ucbatından Rusiya ermənilərin köməyinə gələ bilmir” və guya yeni “soyqırım” təhlükəsi gözlənilir. “Soyqırım”ın baş verməməsi üçün Paşinyan hökumətini təcili olaraq devirmək, həmçinin “Ermənistan və Artsaxı xilas etmək üçün” Rusiyanı təcili yardıma çağırmaq isə yeganə ağlabatan çıxış yoludur.

Amma Ermənistanda dövlət çevrilişi etməyə qadir mütəşəkkil siyasi qüvvə yoxdur və belə bir qüvvənin meydana çıxacağı da gözlənilmir. Radikal rusiyayönlü müxalifətin qalıqlarını Paşinyan rejimi “təmizləyir”, hətta son günlər rusiyayönlü blogerləri və jurnalistləri həbs etməyə başlayıb. Buna görə də, çox güman ki, erməni millətindən olan şəxslərlə kifayət qədər “zənginləşmiş” “Vaqner”-dən istifadə edərək Ermənistanda “kənardan” çevriliş hazırlayırlar.

Prinsipcə, “Vaqner”-in Ermənistandakı çevrilişdə və “Artsax” uğrunda sonrakı müharibədə iştirak üçün əvvəlcədən hazırlaşdığına şübhə yoxdur. Ola bilsin ki, Ermənistanda gələcək əməliyyatlara “tuşlanmış” müzdlu “Vaqner” Ukrayna cəbhəsindən ehtiyata çıxarılıb.

Lakin Kremlin Ermənistanla bağlı planları 23-24 iyunda "Vaqner üsyanı" ilə pozuldu. "Vaqner" Ermənistan və “Artsax”a doğru hərəkət etmək əvəzinə, Moskvanın üstünə getdi və bu, Rusiyada vəziyyəti qarışdırdı. Üsyana Belarus prezidenti Aleksandr Lukaşenko müdaxilə etdi və üsyan alovu “söndürüldü”. 2 aydan sonra Kremlin "aman verdiyi" Priqojin Tver bölgəsi üzərində təyyarə qəzasına salınaraq aradan götürüldü.

Kremlin "Artsaxı xilas etmək" planı haqda erməni teleqram kanalları yazır. Məsələn, "@bagramyan26" teleqram kanalının məlumatına görə, Priqojinin ölümü zamanı Ermənistanda 3000-ə yaxın muzdlu vaqnerçi olub. Bu yaxınlarda isə onlara 2000-ə yaxın müqaviləli əsgər (əsasən Rostovdan etnik ermənilər) qoşulmuşdu. Görünən odur ki, etnik erməni transferi Priqojinin "xeyri-duası" ilə olub.

Buradan da belə bir sual meydana çıxır ki, Priqojinin ölümünün əsas təşkilatçıları, o cümlədən Kreml və ya onun fransız “tərəfdaşları” (“Afrika işləri” ilə bağlı Yevgeni Priqojinə “sualları” olan) niyə əlverişli məqam gözləyirdilər və "təsadüfi təyyarə qəzaları" təşkil etməyə tələsmirdilər.

Son iki ayda mətbuatda Belarusdakı "Vaqner" düşərgələri haqqında çox danışıldı. Həm də Suvalki dəhlizini açacağı və digər fantaziyalar söhbət mövzusu oldu. Baxmayaraq ki, Belarusla Rusiyanın Kalininqrad vilayəti arasındakı Suvalki dəhlizi NATO ölkələrinin ərazilərindən keçir. Bir muzdlu ordunun onu "yarmaq" əməliyyatı prinsipcə mümkün deyil. Amma "Vaqner"i başqa bir dəhlizin – Zəngəzur məsələsinin gündəmdən çıxarılması üçün istifadə etmək olardı. Buna görə də, Belarusdakı "Vaqner" hekayəs çox güman ki, sadəcə məsələnin "məlumat fonu" idi. Və bütün bu 2 ay ərzində yəqin ki, "Vaqner" muzdlularının məqsədyönlü şəkildə Ermənistana köçürülməsi və bu ölkədə gələcək “əməliyyatların” idarə edilməsinin təşkili olub.

Aydındır ki, Rusiya və Fransanın Ermənistanla bağlı maraqları indi heç də üst-üstə düşmür. Həm Rusiya, həm də Fransa erməni millətçiliyi və ermənilərin xarici ərazilərə iddialarını dəstəkləyir. Amma Paşinyan üzünü Fransaya döndərib və Paris onun devrilməsindən qətiyyən məmnun deyil. Görünür, Fransa xüsusi xidmət orqanlarında “Vaqner”çilərin Ermənistana ötürülməsi barədə dəqiq məlumat var idi. Buna görə də suala hələ də dəqiq cavab yoxdur ki, Priqojinin aradan götürülməsinin təşəbbüskarı kim idi? Həm də bu kimin maraqları üçün və necə “tam vaxtında” baş verdi?

Bu, təbii ki, kifayət qədər qisasçı Kreml rəhbərliyinin Priqojini aradan götürmək marağını inkar etmir. Ancaq şübhələri özlərindən yayındırmaq üçün Afrikanın bir yerində bunu edə bilərdilər. Ən maraqlı nüans isə budur ki, “erməni xüsusi əməliyyatı”, yaxud Paşinyanın devrilməsi əməliyyatının Priqojinin köməyi baş tutmasından sonra "Vaqner" rəhbərinə sui-qəsd həyata keçirilə bilərdi. Axı, “başı kəsilmiş Vaqner” strukturunun rəhbərliyini ələ keçirməyə çalışmaqdansa, qurumu yaraqlılar arasında nüfuzlu lideri Priqojin vasitəsilə idarə etmək daha asan və effektivdir.

Görünür, Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi seçməsinin səhvi və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml də Ermənistanda dövlət çevrilişi ssenarisinə sanksiya verib. Bu planın məqsədi ölkədə mövcud olan “Vaqner” yaraqlılarından istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Putin üçün “son damla” isə erməni-amerikan birgə hərbi təlimləri oldu.

“Hazırda Ermənistanda “Vaqner”çilərin sayı 12 minə çatıb. Hərəkət etmək əmri srağagün üçün idi. Rusların əsas "stavkası" çoxlu rus agentlərinin olduğu ordunun, kəşfiyyat xidmətlərinin və polisin yüksək rəhbərliyinədir. Orta və aşağı səviyyələrdə rusların dəstəyi çox azdır. Rusiyanın Paşinyanın yerinə layiqli namizədləri yoxdur (həm Köçəryan, həm də Sarkisyan ofsaytdadır).

İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin varlığını nəzərə alsaq, uğur ehtimalı olduqca aşağıdır. Bununla belə, Qarabağın təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində sabitliyin pozulmasına "stavka" edilir. Prosesin davamında isə İrəvan merliyinə rusiyayönlü namizədlərin (Tandilyan - Ruben Vardanyanın namizədi, Marutyan - Patruşevin namizədi, Tevanyan - Köçəryanın namizədi) kartlarının oynanılacağını da "@bagramyan26" telegram kanalı xəbər verir.

İrəvandakı seçkilər bağlı Kremlin əməliyyatlarının “nöqsan” və onun “təcili müdaxilə xarakterini” də hiss etmək olar. Aydındır ki, Ermənistanda mövcud hakimiyyəti dəyişmək üçün parlament seçkiləri işə yaramayacaq, bu səbəbdən bələdiyyə seçkilərindən, daha konkret 2023-cü il sentyabrın 17-nə təyin edilmiş İrəvan Ağsaqqallar Şurasına seçkilərdən istifadə etmək qərara alınıb. Prinsipcə, bu seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olar – onların favoriti "Vətəndaş sazişi" - hökumətyönlü namizəd Tiqran Avinyandır.

Amma gördüyümüz kimi, Rusiyayönlü qüvvələr İrəvan seçkilərinə üç ayrı-ayrı sütunda gedirlər. Yəni əgər bələdiyyə seçkilərində belə Ermənistandakı Kremlpərəst qüvvələr razılığa gələ bilmədilərsə, o zaman onlar ölkədə hakimiyyəti necə birgə ələ keçirəcəklər?

Kremlin Ermənistanın işlərinə qarışması və "Vaqner" muzdlularının köməyi ilə potensial çevriliş cəhdi təhlükəsini görməməzliyə vurmaq olmaz. 22 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibə perspektivlərini düşünən Qərb hərbi analitikləri işğala inanmadılar. Onlar düşündülər ki, Rusiyanın “xüsusi əməliyyat” üçün gücü çatmaz. Buna baxmayaraq, işğal baş verdi və il yarımdır ki, davam edən qanlı müharibəyə çevrildi. Kremlin Cənubi Qafqazda oxşar fəlakətli avantüraya qərar verməsi tamamilə mümkündür.

Daha bir maraqlı məqam. Vurğulamaq yerinə düşər ki, Rusiyanın Ukraynaya müdaxiləsindən dərsini almış Qərb Ermənistanı Moskvaya "yem etmək" fikrində deyil. Bunu ən azı 11-20 sentyabr tarixlərində baş tutacaq Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərindən görmək olar. Maraqlı nüans - hərbi təlimlər Ermənistan ərazisində keçiriləcək . Və təlimin "EAGLE PARTNER" adlandırılması da təsadüf deyil. Qartal ABŞ-ın simvoludur.

Təlimin rəsmi məram-məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində göstərilsə də, yəqin ki, Rusiyanın Paşinyanı devirmək planının işə saldığı ərəfədə "Qartal Partnyor" - ABŞ-ın sakit oturacağını gözləmək sadəlövhlük olardı. Böyük ehtimalla hərbi təlimdə iştirak edəcək hərbi qrup Paşinyanın "dar məqamında hayına yetişib" və onu devrilmə təhdidindən qorumaqla mükəlləf edilib.

Belə görünür ki, Paşinyanı qorumaq missiyasını öhdəsinə götürmüş Vaşinqton cərəyan edən hadisələrə müdaxilə imkanını əlində saxlamaq, Paşinyanı həm Fransanın orbitinə tam düşməkdən, həm Rusiyanın qəzəbindən qorumaqdan ötrü "lazım olan məqamda lazım olan yerdədir".

Yeri gəlmişkən, təlim keçirəcək hərbi qrupun Zəngəzur dəhlizinin lehinə olmayan Vaşqintonun Azərbaycanın Xankəndi və Zəngəzur dəhlizi istiqamətində hərəkətlənməsini 1-ci növbədə müşahidə etmək məqsədilə də bölgəyə göndərilməsini ehtimal etmək olar. Xüsusilə də o səbəbdən ki, ABŞ Çinin "Yeni İpək Yolu"na qarşı Hindistandan başlayan "Ədviyyat Yolu"nu gündəmə gətirir və bunun əlamətləri son G20 sammitində də öz konturlarını biruzə verməkdədir. O da məlumdur ki, ABŞ Hindistanı Çinin artan gücünü cilovlayan alternativ güc mərkəzi kimi "bazara çıxarır" və əlbəttə ki, Çin "İpək Yolu" layihəsilə dünya bazarlarına iddiayla çıxırsa, Hindistan üçün bu iddialı proje "Ədviyyat Yolu"dur.

Ülviyyə ŞÜKÜROVA

    


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191828