Saat:14:39
Haqqımızda

"Rusiyanın aqressivliyinin artmasının əsas günahkarı kollektiv Qərbdir" - NATİQ CƏFƏRLİ

2022-01-21 15:18:00

"2025-ci ildə Rusiya "sülhməramlıları"nın ölkəmizdən çıxarılmasının yolu de-facto və de-jure ittifaqların gücləndirilməsi, daxili siyasəti təhlükələrdən sığortalamaq üçün yeni Konstitutsiyanın qəbulunun sürətləndirilməsidir"

"Bu gün İsveçrədə ABŞ-Rusiya danışıqlarının vacib raundu olacaq, Kremlin tələbi budur ki, ABŞ və NATO-ya yazılı şəkildə göndərdikləri ultimatuma Amerika yazılı cavab versin və öhdəlik götürsün ki, Ukrayna və Gürcüstan heç vaxt NATO-ya üzv olmayacaq, ABŞ və NATO Şərqi Avropada olan hərbi infrastrukturunu geri çəkəcək. Rusiyanın ultimatumu əvvəlcədən qəbul edilməyəcəyi məlum idi, Kreml, “Biz danışıb-anlaşmaq istədik, kollektiv Qərb buna getmədi”, mesajını vermək üçün bu addımı atdı, belə bir gedişlə dünya siyasətinin mərkəzinə çevrilməyə cəhd etdi və buna böyük ölçüdə nail oldu". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, ABŞ prezidentinin dünənki mətbuat konfransı bir daha sübut etdi ki, Qərb Rusiyanın indiki aqressivliyini gözləmirdi, buna hazır deyildi: "Baydenin bəzi məsələlərə münasibəti ən azından, suallar doğurur. Birincisi, ABŞ prezidenti qeyd etdi ki, əgər Rusiya əsgəri, ordusu Ukraynaya müdaxilə etsə, çox güclü sanksiyalarlar tədbiq edəcəklər. Bu, anlaşılan deyil, Rusiya ordusu, əsgəri 2014-cü ildən Ukraynadadır axı, bəs Krımın işğalı, Donbasda Rusiya əsgərləri?! Bunlar artıq işğal sayılmırmı? İkincisi, Bayden qeyd etdi ki, Rusiyanın nə qədər dərinə müdaxilə edəcəyini izləyəcəklər, əks-addımlar buna görə atılacaq, əgər az müdaxilə olsa, sanksiyalar da az olacaq. Bu, ümumiyyətlə, anlaşılan deyil, belə yanaşma Kremlin aqressivliyini artırmayacaqmı?! Ücüncüsü, indi iki əsas sanksiya müzakirə edilir: Rusiyanın enerji daşıyıcılarının alınmasına qoyulacaq qadağa və Rusiyanı beynəlxalq pulköçürmə sistemi olan “Swift”dən ayırmaq. Yaxşı, bu mümkündürmü?! Bu gün Avropanın qaz təlabatının 40%-i Rusiya verir, qısa zamanda bu həcmi əvəzləmək mümkün deyil. Bu məqamı Qərb də etiraf edir, yaxşı, qazdan imtina Avropa Birliyinin “donması” deməkdirsə, qazın qiymətinin hər 1000 m3 üçün 3000-4000 min dollara qalxmasına, həcmlərin yetərli olmamasına səbəb olacaqsa, qazdan necə imtina etsinlər?! Yaxşı, imtina etmək mümkün deyilsə, qazın pulunu zatən ödəmək lazım olacaq, deməli Rusiyanı “Swift”dən necə ayıracaqlar?! Bəs pulu Rusiyaya necə ödəyəcəklər, yəqin ki, nəğd şəkildə təyyarələrlə göndərməzlər, elə deyil?!"

Natiq Cəfərli hesab edir ki, Rusiyanın 2008-ci ildən bəri aqressivliyinin artmasının əsas günahkarı məhz kollektiv Qərbdir: "Çünki zamanında Gürcüstana qarşı atılan addımlara lazımı cavab verilmədi, 2008-də Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə Fransa və Almaniya veto qoydu. Bütün bunlar Kremli daha aqressiv, daha sərt olmağa yönəltdi. Əgər 2008-də Ukrayna və Gürcüstan NATO-ya üzv olsaydı, nə Krımın işğalı, nə də Donbas problemi yaranardı, Abxaziya və Cənubi Osetiyanın Rusiya rərəfindən tanınması mümkün olmazdı. Təəssüf ki, Rusiya aqressivliyini artıracaq. Yaxın zamanda Kreml Ukraynada yaratdığı qondarma qurumları, “DLR və LNR”-i tanıyacaq, Ukrayna ilə özü birbaşa vuruşmayacaq, bu iki qondarma qurumun əli və adı, onların bayrağı altında Ukraynaya qarşı aqressiyasını artıracaq, Ukraynanın Azov dənizinə çıxışını bağlayacaq qədər irəli getməyə cəhd edəcəklər. Sonra Rusiya “sülh quşuna” dönəcək, qondarma qurumlarla Ukrayna arasında atəşkəsin, sülhün yaradılmasında Qərblə birgə arabulucu olacaq – Qərb bu yolu bir dəfə gedib, Ukraynanı “Minsk Anlaşmaları” kimi mənasız sənədə imza atmağa məcbur edib, həmin anlaşmada Rusiya TƏRƏF kimi yox, QARANT kimi qeyd edilib. Bu, ən böyük yanlışlardan biri idi, bu gün də bu yanlışın altını Ukrayna xalqı çəkir".

Politoloqun fikrincə, Azərbaycan olaraq biz daha diqqətli, daha əzmkar siyasət aparmağa borcluyuq: "Dünən Rusiya XİN-i faktiki olaraq Xankəndi və ərtafını, Rusiya “sülhməramlılarının” olduğu bölgələri öz hüquqi ərazisi elan etdi, dedi ki, oralara kimlərin gəlib-getməsinə ancaq Rusiya qərar verə bilər. Rəsmi Bakı, hamımız üçün təhlükəli zəngdir, bu məsələni çözmənin yolu ölkəmizin de-facto və de-jure ittifaqlarının gücləndirilməsi yolunda addımların atılması, daxili siyasəti təhlükələrdən sığortalamaq üçün yeni Konstitutsiyanın qəbulunun sürətləndirilməsidir, ancaq bu yolla biz 2025-ci ildə Rusiya “sülhməramlıları”nın ölkəmizdən çıxarılmasına nail ola bilərik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR