Rusiyadan Azərbaycana şok hədə - “Ukraynada müharibə bitən kimi...”

2022-12-10 12:45:00

Rusiyadan Azərbaycana şok hədə - “Ukraynada müharibə bitən kimi...”

Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci il Moskva Bəyannaməsi imzalansa da, bu sənədə hələ ki, şimal qonşumuz tərəfdən lazımınca məhəl qoyulmadığının şahidi olmaqdayıq. 

Rusiya sülhməramlı kontingentin Qarabağda çıxardığı oyunlar, o cümlədən erməni separatçılarını çoxdan tərk-silah eləmək əvəzinə silahlandırması, anklava silah-sursat daşınmasına, sərvətlərimizin talanmasına göz yumması buna bariz sübutdur. Üstəlik, ara-sıra bəzi rusiyalı ekspertlərdən də anti-Azərbaycan bəyanatları, hətta hədələr eşidirik. Misal üçün, hərbi analitik Konstantin Sivkov kimi.

Moskvada “Russia Today” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında o bildirib: “Ukraynada cəbhənin uzunluğu indi min kilometrdən çoxdur, hipotetik olaraq Belarus cəbhəsini də ora əlavə etsək, Böyük Vətən müharibəsindəki kimi tam cəbhə xətti alınar - Ukraynadakı münaqişənin miqyasını anlamaq üçün. Bildiyiniz kimi, Böyük Vətən müharibəsi zamanı kütləvi səfərbərlik olub, sənaye hərbi relslərə keçib və bir çox başqa şeylər. İndi Rusiyada belə bir şey yoxdur. Rusiyada qismən səfərbərlik olub, ona görə də biz mövcud qüvvələrlə manevr edirik. Min kilometrlik cəbhəni bağlayandan sonra biz qayıdıb Azərbaycanla məsələni bitirəcəyik. Hazırda Rusiya diplomatik kanallarla işləyir və Azərbaycan liderlərinin Türkiyə və ABŞ-n diktəsi ilə hərəkət edərək, Rusiyaya ciddi problemlər yaratması faktını Rusiya rəhbərliyi unutmayacaq”.

Sitatdan göründüyü kimi, rus ekspert açıq-aşkar Azərbaycanı hədələyir. Görəsən Ukraynadakı işğalçılıq müharibəsi ilə taqətdən düşmüş və hələ uzun illər özünə gələ bilməyəcək, ordusu faktiki dağılmış durumda olan, Türkiyə və Azərbaycan kimi barmaqla sayılan tərəfdaşların ümidinə qalmış Rusiya Azərbaycana qarşı, hələ üstəlik, Azərbaycan-Türkiyə tandeminə qarşı nə qələt qarışdıra bilər? Sivkov nə sarsaqlayır belə, kimin sözünü deyir? İndi 1920-ci ilin apreli yox, 2022-ci ildir.

Başqa yandan, “Azərbaycan liderləri Türkiyə və ABŞ-ın diktəsi ilə hərəkət edərək, Rusiyaya ciddi problemlər yaradır” sözləri ilə o nə demək istəyir? Rusiya Ukraynadan sonra kimə isə hücum edə bilər? Bu sırada Azərbaycan da ola bilərmi?

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a qeyd etdi ki, Sivkov kimilər təxribatçı ekspertlərdir: “Onun kimi biri də var - Olenkov. Onlar həmişə bizə qarşı çıxış edirlər. Çünki erməni qazanından qidalanan avantürüstlərdir. Bu adamlar anlamırlar ki, Rusiya dövlətinin dünyada abır-həyası gedib. Rusiya bir sıra məsələlərdə subyektiv mövqedən yanaşır, özünü yekəxana aparır, elə bilir ki, nüvə arsenalı varsa, hər şeyə edə bilər. Axı elə deyil...”

T.Abbasov hesab edir ki, Rusiya və Azərbaycan liderləri arasında yüksək etimad mövcuddur: “Düzdür, Rusiya son zamanlar bəzi gedişlər edir. Əslində diplomatiyada sərt gücün və yumşaq gücün vasitələri olmalıdır. Onlarda yumşaq vasitə yoxdur. Dərhal hədəyə keçirlər. Ona görə bu qondarma ekspert yersiz təhdidləri ilə diqqət çəkməyə çalışır. Ancaq özü cəhənnəm, ölkəsini gözdən salır. Rusiyanın nüfuzu zəifləyib və heç olmasa ətrafındakı dövlətlərlə münasibətlərdə ehtiyatlı olsun. Necə yəni Ukrayna ilə haqq-hesab bitsin, sonra Azərbaycanla məsələni həll edəcəyik? Bu kimi fikirlər həm Rusiya hakimiyyətindən, həm ermənilərdən nəsə qoparmaq arzusudur. Heç belə cəfəng fikirlərə reaksiya vermək lazım deyil. Sadəcə, ilk belə hal deyil axı?! Onlar bununla həm də Moskva-Bakı münasibətlərini korlamağa çalışırlar, amma heç nəyə nail olmayacaqlar”.

Siyasi ekspert Ramiyə Məmmədova Rusiyanın Türkiyə və Azərbaycana su-hava kimi ehtiyacı olduğunu düşünür. Onun sözlərinə görə, Moskva Ankaranın Qafqazda olduğunu görür və hesablaşır: “Artıq əvvəlki ruslar deyil, diş qıcaya bilmirlər. Onlar Liviya, Suriya, Qarabağda türklərlə hesablaşırlar. Ona görə Azərbaycan tək deyil ki, onunla kimsə bu ritorikada danışsın. Sivkov kimi erməni əlinə baxanların çıxışları boşboğazlıqdır. Rusiya Ukrayna cəbhəsində hələ məsələni həll edə bilsin, sonra Azərbaycana və digər postsovet ölkələrinə də baxar. Rus ordusu şil-küt vəziyyətindədir, Lavrov, Peskov kimi diplomatlar hər gün danışıqlar masasına hazır olmaqdan söz açırlar. Əvvəllər Kiyevi tutmaqdan dəm vururdular. Bu müharibə Rusiyanın qocalmış, küt dişləri olduğunu göstərdi. Ona görə Bakıya bu cür təhdidlər sözdən əmələ keçə bilməz. Çünki Türkiyə var, Şuşa bəyannaməsi mövcuddur, eləcə də Rusiya ilə imzalanmış strateji müttəfiqlik sənədi ortadadır. İnanmıram ki, Putin Əliyevlə münasibətləri korlamaq həvəsində olsun. O baxımdan Rusiya bu tonda çıxışlara erməni diasporunun sifarişi kimi baxmaq lazımdır. Onlar aldıqların pula uyğun oynayırlar. Bizim Rusiyadan tələblərimiz var, bu da üçtərəfli birgə sənədin icra edilməyən bəndlərini reallaşdırmasıdır. Əgər olmayacaqsa, Ordumuz özü Zəngəzur dəhlizini də açacaq, Qarabağdakı əlisilahlı başıpozuq dəstələrin də meyitlərini çıxaracaq”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.195787