Rusiyadan axan "qızıl yol"un körpüsü Ermənistan - Moskva ilə İrəvanın "QIZIL FIRILDAĞI"
Erməni şirkətləri Rusiyaya Qərbin qızıl ticarətinə tətbiq etdiyi embarqodan yan keçməyə kömək edir. Bu barədə “The Insider” və “Hetq” yazır. Sözügedən əməllərin arxasında nüfuzlu siyasətçilər və iş adamları dayanır.
Bu nəşrlərdəki məlumatlara görə, 2022-ci ildən Ermənistana Rusiyadan milyardlarla dollar dəyərində qızıl idxal edilib, lakin metal ölkədə qalmır - onun BƏƏ-yə ixracının həcmi də çox genişdir. Eyni zamanda, guya BƏƏ-dən Ermənistana nağd pul və qiymətli kağız axını var. Rusiya biznesi üçün Ermənistan vasitəsilə qızıl ticarəti etmək sərfəlidir, çünki bu ölkə ixrac rüsumları almır və fərdi şəxslər vasitəsilə ticarət etmək sanksiyalardan yayınmağa imkan verir.
Qızıl qərbdən şərqə doğru gedir
Qızıl, Ukrayna ilə müharibə səbəbindən embarqo qoyulan ilk Rusiya ixracatlarından biri idi. 2022-ci ilin iyununda ABŞ bu qiymətli metalın Rusiyadan alınmasını qadağan etdi və qızıl “ölkənin ən böyük qeyri-enerji ixracı” kimi sanksiyaya düşdü. Formal olaraq bu embarqo yalnız ABŞ-a idxala aiddir.
Bununla belə, əgər bu “çirkli qızılı” başqa bir ölkə alsa belə, o ABŞ-da yararsız olur, yəni banklar onu investisiya və ya ticarət üçün almayacaqlar. Beləliklə, əksər digər malların idxalına qoyulan sanksiyadan fərqli olaraq, ABŞ-ın “bank qızılına” embarqosu avtomatik olaraq qloballaşır.
2022-2023-cü illər ərzində Rusiya qızılının axını şərqə yönəldi. Urayna ilə müharibə başlamazdan əvvəl Böyük Britaniyaya ixrac edildi, 2022-ci ildən isə BƏƏ, Honq Konq və Türkiyə rus qızılının əsas alıcılarına çevrildi. Lakin bu axınlar 2023-cü ilin aprelində tam dayandı. O vaxtdan bəri bir unsiya rus qızılı Avrasiya İqtisadi İttifaqından kənara çıxarılmayıb. Təxminən həmin vaxt “Hetq” Ermənistanın əsas qızıl ixracatçısına çevrildiyini bildirdi. “The Insider” və “Hetq” bu qızılın demək olar ki, hamısının Rusiyadan gətirildiyini müəyyən edib.
Qızıl axını ÜDM-ə bərabərdir
“The Insider” və “Hetq” nəşrlərinin əldə etdiyi Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildən 2024-cü ilə qədər Ermənistan Rusiyadan təxminən 5,2 milyard dollar dəyərində 89 ton qızıl alıb. 2024-cü ilin ilk yarısında ölkəyə ümumi dəyəri 6,2 milyard dollar olan 111 ton Rusiya qızılı idxal edildi.
Müqayisə üçün deyək ki, 2022-ci ildə Ermənistanın ümumi qızıl idxalı 11 milyard dollar, ÜDM-i isə 19,5 milyard dollar təşkil edib.
Rusiya və Ermənistan gömrükləri arasında məlumat fərqi Rusiya və Ermənistanda əməliyyatlar və onların hesabatı arasındakı vaxt fərqləri ilə izah oluna bilər.
Rus qızılını kim daşıyır - erməni siyasətçiləri və Rusiyaya bağlı iş adamları
“Insider” və “Hetq” aşkara çıxarıb ki, 2024-cü ildə Ermənistana Rusiya qızılının ən böyük idxalçıları arasında (söhbət 50 milyon dollardan çox dəyərində qızıl idxal edən şirkətlərdən gedir) tanınmış erməni siyasətçiləri və oliqarxlar, eləcə də Rusiya biznesi ilə bağlantısı olan şirkətlər var. Belə ki, Rusiyadan Ermənistana üçüncü ən böyük qızıl idxalçısı “İrəvan Zərgərlik Fabriki”dir və bu zavod hakim “Mülki müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsi ilə bağlıdır. “İrəvan Zərgərlik Fabriki”nin 2022-ci ildə “Yerevan” bazarının ərazisindəki yeni binada rəsmi açılışı olub. O, Sukiasyan və Avaqyan ailələri ilə bağlıdır və Avaqyan ailəsi Rusiyada zərgərlik biznesi ilə məşğul olublar. “Hetq” müəyyən edib ki, şirkət Rusiya mənşəli külli miqdarda zərgərlik məmulatlarını Ermənistanda istehsal olunmuş kimi keçirərək və göstərərək Ermənistandan reeksport edir. Yəni, İrəvan zərgərlik fabriki Rusiya zərgərlik məhsulunun “təmizlənməsi və ağardılması” üçün kanal rolunu oynayıb. O, təxminən üç rus şirkətindən qızıl alıb.
Sanksiyaların tətbiqindən sonra 2022 və 2023-cü illərdə qızıl alanlar arasında təkcə zərgərlik fabrikləri və qondarma şirkətlərinin müqəvvaları olan MMC-lər deyil, “Araratbank” və “Converse Bank” kimi banklar da var idi. Lakin 2024-cü ilə qədər erməni bankirləri belə riskli addımlardan çəkinməyə başlayıblar.
2024-cü ildə Ermənistanda Rusiya qızılının hər biri 50 milyon dollardan çox qızıl idxal edən şirkətlərlə “Hetq” əlaqə saxlamağa çalışıb. Amma şirkətlər qızıl alveri, sanksiyaların riskləri və Rusiya və Qərblə əməkdaşlığı müzakirə etməyə meyl etməyiblər.
Qızıl Ermənistanda qalmır
2020-ci ildə Ermənistandan zərgərlik sənayesi 26 milyon dollar, 2021-ci ildə 75 milyon dollar, 2022-ci ildə 109 milyon dollar, 2023-cü ildə isə 499 milyon dollar təşkil edib.
Qızıl Ermənistanda qalmır - nə zinət əşyaları şəklində, nə də banklarda. İxrac olunur. “Hetq”in Ermənistan “Dövlət Gəlirləri Komitəsi”ndən əldə etdiyi məlumatlara görə, 2023-cü ildə qızıl əsasən BƏƏ-yə “axıb”. Və Ermənistan gömrük məlumatlarına görə, 2024-c0ü ilin birinci yarısında ölkədən rekord həcmdə - təxminən 59 ton (4,1 milyard dollar) qızıl ixrac edilib. Qzıl Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, kiçik həcmdə Honq Konq və Çinə də ixrac edilir.
Rüsumlardan yan keçmək və nağd pulla ticarət etmək
“Observatory of Economic Complexity” qurumunun məlumatlarına görə, “nağd pul” və “istiqrazlar” daxil olmaqla, əmtəə maddəsi üzrə Ermənistana müqayisə olunan gəlir axını mövcuddur. 2022-ci ildə belə idxal 1,45 milyard dollar təşkil edib ki, bunların hamısı BƏƏ-dən olub. Bu, xüsusilə Əmirliklərdən Ermənistana nağd pul axınıdır.
İqtisadçı Aqasi Tavadyan qeyd edir ki, rusiyalı iş adamları öz ölkələrindən qızıl ixrac etmək üçün Ermənistandan tranzit ölkə kimi istifadə edirlər. Çünki, birbaşa Rusiyadan ixraca gömrük rüsumu tətbiq edilir. Lakin bu Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına ixraca şamil edilməyib.
“Rusiya iş adamları bu qızılı əvvəlcə Ermənistana gətirib, sonra isə Əmirliyə ixrac ediblər. Bu, onlar üçün faydalı oldu, çünki Ermənistandan qızıla ixrac rüsumu alınmır”, deyə iqtisadçı izah edir.
Belə görünür ki, sanksiyalar üzündən “siçan tələ”sinə düşən Rusiya sanksiyalardan canını qurtarıb sağ qalmağın yolunu maye qazı gəmilərlə Avropaya satdığı kimi, Ermənistandan keçməklə xarici ölkələrlə qızıl daşımaqla ayaq üstə qalmağın yolunu tapıb.
Ülviyyə, Hurriyyet.az