Rusiyada rüsvayçı səfərbərlik səhnələri – Çağırışçıları qoyun sürüsü kimi çöllərə tökürlər (FOTO, VİDEO)

2022-09-30 16:38:00

Rusiyada rüsvayçı səfərbərlik səhnələri – Çağırışçıları qoyun sürüsü kimi çöllərə tökürlər (FOTO, VİDEO)

Səhər tezdən “VKontakte” sosial şəbəkəsində qarla örtülmüş tarlada tonqal qalayıb ətrafında oturan hərbi çağırışçıların videosu rezonans doğurub. 

Videonun müəllifi bildirir ki, Ukrayna müharibəsinə səfərbər olunan şəxslər hərbi xidmət yerinə göndərilməzdən əvvəl hazırlıq keçməli olduqları təlim mərkəzinə aparılmadan bu çöllükdə avtobusdan düşürülüblər.

"Sentyabrın 29-da səhər saat 8 radələrində həmin şəxsləri avtobusdan düşürüb, tarlaya düzüb xəbərdarlıq ediblər ki, əşyaları ilə birlikdə iki gün burada qalacaqlar", - müəllif əlavə edib.

Videoya verilən şərhlərdə yazılıb ki, çağırışçılar Sverdlovsk vilayətindəki 473-cü hərbi təlim mərkəzinə gətirilməli idilər. Hava proqnozları xidmətinin məlumatına görə, cümə axşamı həmin ərazidə (Elani) gündüz maksimal temperatur 3 dərəcəyə çatıb, gecə isə mənfi 7 dərəcəyə enəcəyi gözlənilir.

Videonun çəkildiyi ərazi Pışma çayı yaxınlığındakı meşəliklə ovalığın ayrıcında yerləşir. Şərhlərdə bildirilir ki, bu ovalıq hərbçilər arasında “ölüm vadisi” kimi tanınır.

"Radio Svoboda"nın əməkdaşı “ölüm vadisi”nə düşənlərdən bir neçəsinin qohumu ilə əlaqə saxlayıb. Onlardan biri videonun müəllifinin Bereznikov adına doğum evinin anestezioloq-reanimatoloqu Dmitri Sekarin olduğunu bildirib. Sekarinin videoda düşdükləri şəraiti belə təsvir edib: "Budur, uşaqlar, biz səfərbər olanlar boş sahəyə gəldik, yükləri boşaltdıq. İndi burada heç nəyik, qızınmaq üçün tonqal yandırırıq. Yavaş-yavaş o da sönür. Heç isti çadır da vermədilər. Bizi gətirən avtobus da sürüb getdi, heç soruşan olmadı, kimin nəyə ehtiyacı var. Elə qoyun sürüsüyük. Yavaş-yavaş özümüzü şəraitə alışdırmağa çalışırıq. Yaşda böyükləri seçdik, qrup yaratmaq üçün təşkilatlanırıq..."

Səfərbər olunanların yaxınlarından birinin “Radio Svoboda”ya verdiyi məlumata görə, tarlada 60-a yaxın insan toplaşıb. Birazdan "rəis" onlara yaxınlaşaraq təxminən iki gün burada qalacaqlarını deyib. Baxmayaraq ki, çağırışçıların çoxu nazik geyimdədir, onlara heç isti paltar götürməyə imkan vermədən tutub bura gətiriblər.

Çağırışçıların insanların tədris mərkəzindən çəkilən başqa forolarında onların bir qrupunun akt zalında yerləşdirildiyi görünür. Başqa forolarda isə hərbi hissənin ərazisində çadır şəhərciyi qurduqları əks olunub.

Videoya verilən şərhlərə əsasən, çölə atılan insanların yaxınları onlar haqqında məlumatları hərbi prokurorluğa və Perm vilayətinin qubernatoru Dmitri Manoxinə çatdırmağa çalışıblar. "Kommersant" qəzeti qubernatorun mətbuat xidmətinin açıqlamasına istinadən yazır: "Bölgə hakimiyyətinin nümayəndələri hərbi hissə komandiri ilə danışıb, o, bu məlumatı təsdiqləmir. Bu məlumatın həqiqətə uyğun olmadığı sübut olunarsa, hüquq-mühafizə orqanlarının silahlı qüvvələr haqqında saxta məlumatlar yayanlar haqqında tədbir görmək hüququ var".

Sosial şəbəkələrdə qaldırılmış hay-küydən sonra yerli vaxtla saat 15:00 radələrində çağırşıçılar kazarmalara paylanmağa başlayıb.

Baş verən hadisə müharibəyə aparılan insanların hər cür təminatının olacağı, iki həftə ərzində təlim keçəcəkləri barədə verilən vədlərin doğru olmadığını göstərir.

İki gün əvvəl, sentyabrın 27-də sosial şəbəkələrdə səfərbər olan şəxsin videomüraciəti dərc olunmuşdu. Müəllif iddia edir ki, çağırışçılar heç bir hərbi hazırlıq keçmədən Xersona göndərilib. Videoda 1-ci tank alayının adı çəkilir. "Radio Svoboda" müəyyən edə bilib ki, video Moskva vilayətinin Kalininets kəndində 2-ci Qvardiya Taman motoatıcı diviziyasının yerləşdiyi hərbi hissənin meydanında çəkilib.

Sosial şəbəkələrdə Kalininetsdəki eyni hərbi hissədən çəkilib paylaşılan görüntülərdə şikayətlər baş alıb gedir: "Artıq 3 gündür ki, yerdə-döşəmədə yatırıq. Baraklarda insan izdihamı var. Döşəklər, çarpayılar çatışmır, avadanlıqlar yoxdur. Bir nəfəri artıq yolxucu xəstəliklə tibbi hissəyə aparıblar. Yuyunmağa, dişləri fırçalamağa yer yoxdur. Dedilər, 3 gündən sonra Donetskə gedirik. Komandir hətta dəbilqəsi olmayanların da aparılmasını tapşırdı".

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.112057