Saat:15:45
Haqqımızda

"Rusiyada Duma seçkiləri bu ölkədə postsovet dövrünün ən saxta seçkiləri oldu" - ŞAHİN CƏFƏRLİ

2021-09-21 12:00:00

""Vahid Rusiya" üçün yenidən konstitusion çoxluq yaradılması Putinin ciddi planlarından xəbər verir"

"Rusiyada Duma seçkiləri bu ölkədə postsovet dövrünün ən saxta seçkiləri oldu. Seçki ərəfəsində rejim sistem xaricindəki müxalifətin üstündən buldozer kimi keçdi, Navalnıya yaxın, ona nə vaxtsa salam vermiş şəxslər, eləcə də onların təşkilatları nəinki kampaniyada iştiraka buraxılmadı, hətta ekstremist və qanundankənar elan olundu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu da yetmədi, rahat-rahat lazımi nəticələri "yazmaq" üçün icad olunmuş 3 günlük səsvermə ərzində total saxtalaşdırmalar aparıldı: "Xalqı yoxsulluğa məhkum etmiş (7 ildir ardıcıl əhalinin gəlirləri azalır), "juliklər və oğrular partiyası" adlandırılan "Vahid Rusiya" guya proporsional sistem üzrə 50% səs toplayıb, 225 majoritar dairədə isə 198 yer qazanıb. Halbuki seçki ərəfəsində hətta hakimiyyətə yaxın sosioloji tədqiqat mərkəzi FOM tərəfindən keçirilən sorğuda hakim partiyanın reytinqi 27% idi. Kadırov isə Çeçenistanda 100% səs alıb".

Şahin Cəfərli qeyd edib ki, "Vahid Rusiya" üçün yenidən konstitusion çoxluq yaradılması Putinin ciddi planlarından xəbər verir: "Çünki repressiyaya əl atmadan və seçkini qismən abırlı keçirərək sadə çoxluqla da kifayətlənmək olardı. Dumadakı sistemdaxili müxalifətin demək olar ki, hər məsələdə hökumətə dəstək verməsini də nəzərə alsaq, Kreml üçün komfort şərait davam edəcəkdi. Deməli, çox vacib mətləblər var ki, bu səbəbdən Züqanov, Jirinovski, Mironov kimi cib müxalifəti liderlərinə də sonadək güvənə bilmirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR