Rusiyada baş verən terror aktı TÜRKİYƏDƏ DƏ OLA BİLƏR

2022-08-23 14:33:00

Rusiyada baş verən terror aktı TÜRKİYƏDƏ DƏ OLA BİLƏR

Samir Hümbətov: "Güman edirəm ki, bu, Qərbdən gələn hərəkətdir, bu addımı atmaqla aranı qızışdırmağa çalışırlar və Rusiyanı Ukrayna ilə müharibəni davam etdirməyə təhrik edirlər"

"Rusiyalı jurnalist Darya Duqinaya qarşı törədilmiş terror aktı Türkiyəyə mesajdır". Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib. Qeyd edək ki, Darya Duqina Rusiya-Türkiyə yaxınlaşması trekində fəal işləyib.

Mövzu ilə bağlı Hurriyyet.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Rusiya tərəfindən belə bir açıqlama verilməsinin səbəbi müəyyən mənada Türkiyəni öz ətrafına çəkməklə qiymətləndirilə bilər və bütün ehtimalları nəzərə alaraq, rəsmi Ankara diqqətli olmağa çalışmalıdır: "Darya Duqinanın qətli əlbəttə ki, sifarişli həyata keçirilən qətildir və burada bir çox versiyalar irəli sürülə bilər. Bu məsələdə Moskva daha çox Kiyevi ittiham edir və bildirir ki, əsas məsuliyyət Kiyevin üzərinə düşür. Amma təkcə Ukraynanın olduğunu deyə bilmərəm. Düşünürəm ki, bu, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin leqallaşdırılması üçün söylənilən fikirlərdir. Onu da qeyd edim ki, Rusiya prokurorluğunun bunun Türkiyəyə bir mesaj olduğunu bildirməsinin arxasında duran səbəblərdən biri odur ki, əslində Kreml Ankaranı öz yanına çəkmək istəyir. Bu məsələdə Qərbə qarşı ittifaq formalaşdırmağa çalışır. Düşünürəm ki, məhz bununla bağlı verilən açıqlamadır. Lakin Ankaranın sadəlövh şəkildə Rusiyanın fikirlərinə inanıb hərəkət etməsi, o qədər də inandırıcı deyil. Çünki Türkiyə Rusiya və Ukrayna ilə yaxşı münasibətlərə malikdir. Eyni zamanda Türkiyənin İngiltərə ilə də yaxşı münasibətləri var. İstisna etmirəm ki, bu terror aktının və yaxud da qətlin arxasında duran Kiyevdir. Güman edirəm ki, bu, Qərbdən gələn hərəkətdir. Bu addımı atmaqla da aranı qızışdırmağa çalışırlar və Rusiyanı Ukrayna ilə müharibəni davam etdirməyə təhrik edirlər".

Samir Hümbətov əlavə edib ki, son günlər Ukraynada proseslər ləngimişdi və bu hadisə artıq yenidən müharibənin alovlanmasını sürətləndirir: "Düşünürəm ki, son baş verən qətl hadisəsi bununla bağlı atılan addım kimi qiymətləndirilə bilər. Əlbəttə ki, istintaq getdiyi müddətdə məlum olacaq ki, qətlin sifarişçiləri kimlərdir. Amma Rusiya tərəfindən belə bir açıqlama verilməsinin səbəbi müəyyən mənada Türkiyəni öz ətrafına çəkmək cəhdi kimi qiymətləndirilə bilər. Odur ki, Darya Duqinanın qətlinin sifarişçilərini və kimlər tərəfindən həyata keçirilməsi müəyyən etmək indiki halda çətin məsələdir. Amma bir cəbhə almaqları qətidir. Çünki Rusiya Türkiyəni yanına çəkməklə, həm də Ukraynaya dəstəyini qırmağa çalışır. Eyni zamanda, Qərbə qarşı öz yanında yer almasını istəyir və bəlkə də bir xəbərdarlıqdır ki, biz də olan bu hal Ankarada da baş verə bilər. Amma əlbəttə ki, Türkiyədə kəşfiyyat çox güclü işləyir və belə halın baş verə bilməsi o qədər də inandırıcı gəlmir. Amma hər halda Rusiya da heç də zəif deyil, dünyanın güclü kəşfiyyatlarından biridir. Ona görə də düşünürəm ki, bu mesajı ciddiyə almaq lazımdır və Türkiyə öz təhlükəsizliyini tam şəkildə təmin etməlidir".

Nərmin Məmmədli,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069230