Rusiyada 3 erməni terrorçuya ömürlük cəza verildi
Hurriyyet.az xəbər verir ki, Krım körpüsündə partlayışa görə üç erməni Rusiyada ömürlük həbs cəzasına məhkum edilib.
Rostov-na-Donu şəhərindəki Cənub Ərazi Hərbi Məhkəməsi Krım körpüsünə edilən terror aktının səkkiz iştirakçısını təqsirli hesab edərək onlara ömürlük həbs cəzası verib. Məhkum edilənlər arasında üç erməni var: Artyom Azatyan, Qriqori Azatyan və yük maşınının sürücüsü Artur Terçanyan.
Təqsirləndirilən şəxslər terror aktının təşkilində və silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Roman Solomko və Artur Terçanyan həm də partlayıcı qurğuların qaçaqmalçılığında ittiham olunurlar.
İstintaqın versiyasına görə, partlayıcı qurğu Ukraynada istehsal olunub və tikinti plyonkası rulonlarının içərisində gizli şəkildə körpüyə çatdırılıb. Əməliyyatın hazırlanmasında Ukrayna, Ermənistan və Gürcüstan vətəndaşları iştirak edib. Təşkilatçının Ukrayna vətəndaşı Andrey Şaraşidze olduğu bildirilir.
Hürr Tərcüman
