Rusiya yenə araqarışdıran rolunda - Rusiya Brüssel formatından niyə narazıdır?

2022-09-02 10:12:00

Rusiya yenə araqarışdıran rolunda - Rusiya Brüssel formatından niyə narazıdır?

Siyasi ekspert: “Rusiyada Rusiya dövlətinin maraqlarının əleyhinə erməni maraqlarının təşviqi ilə məşğul olanlar var”

Rusiya tərəfi Azərbaycan və Ermənistan liderlərinin budəfəki Brüssel görüşünə, ümumən danışıqların Brüssel formatına qısqanc yanaşdığını ortaya qoyub. Belə ki, görüş başlamazdan az öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülh moderatoru kimi çıxış edən rəsmi Brüsseli qeyri-səmimilikdə suçlayaraq deyib ki, guya Avropa Birliyi Cənubi Qafqazda geostrateji ambisiyalardan çıxış edir.

“Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi konkret nəticəyə köklənib. Brüsselin məqsədi isə problemləri həll etmək deyil, Rusiyanın qabaqlamaqdır. Avropa Birliyi psevdotəşəbbüslər (qeyri-real - red.) irəli sürür”, - Zaxarova deyib.

Hansı “qeyri-real” təşəbbüs? Zaxarova nəyi nəzərdə tutur?

Yada salaq ki, öncəki 22 may görüşündən sonra da Rusiya Xarici İşlər Nazirliyi analoji ritorika ortaya qoymuşdu.

Bu da diqqətçəkicidir ki, Rusiya prezidenti Vladimir Putin 31 avqust Brüssel görüşü günü erməni radikal müxalifətin liderlərindən olan Xocalı canisi Robert Köçəryana ad günü təbriki (teleqram) göndərib.

Siyasi ekspertlər hesab edir ki, Vladimir Putin erməni dostu Robert Köçəryanı ad günü münasibətilə təbrik etməyi heç zaman unutmur. Hər təbrikdən sonra Köçəryanın mətbuat katibi erməni cəmiyyətinə elan edir ki, Rusiya prezidenti Ermənistanın keçmiş prezidentini təbrik edib, sanki bununla baş nazir Nikol Paşinyana gözdağı vermək istəyirlər.

Odur ki, daha bir sual budur: Brüssel-Moskva rəqabəti böyük sülh sazişinə nə dərəcədə əngəl ola bilər və Bakı buna qarşı hansı addımları atmalıdır? Rusiya Azərbaycanla Ermənistanın barışığında həqiqətənmi Avropa Birliyindən daha çox maraqlıdır?

Hurriyyet.az xəbər verir ki, politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, suala cavab verməzdən öncə Brüssel görüşündə müzakirə və razılaşmalar haqqında danışmaq lazımdır, bu zaman mənzərə bir qədər aydınlaşır: “Brüsseldə 4 saat davam edən görüşdə Ermənistan hökuməti həmişəki adəti üzrə əvvəlki razılaşmalara zidd addımlar atmağa, iki ölkə arasında sülh sazişinin hazırlanması üçün Azərbaycan və Ermənistanın işçi qruplarının birgə fəaliyyəti mexanizminin yaradılmasına mane olmağa çalışdı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin səyi və diktəsi ilə keçən gərgin danışıqlar Azərbaycan və Ermənistan işçi qrupunun görüşü və birgə fəaliyyəti üçün erməni tərəfinin razılığına nail ola bildi. İşçi qrupunun ilk iclası yaxın vaxtlarda baş tutacaq.

Xatırladım ki, Azərbaycan artıq öz işçi qrupunu yaradıb, rəsmi İrəvan isə hələ ki müvafiq qrup yaratmayıb və bu istiqamətdə zəruri addımlar atılması üçün gecikir.

Brüsseldə keçirilən son görüşün yekunlarına dair bəyanatın hazırlanması zamanı Ermənistan təxribatçı addımlar atmağa və müxtəlif formulirovka altında Qarabağ məsələsini ümumu mətnə salmağa cəhdlər etdi. Biz isə bu mövzu Azərbaycanın daxili işi və ölkə konstitusiyasının tənzimlədiyi məsələ olduğundan ölkəmiz Qarabağ məsələsini mətndən çıxarmağa nail oldu.

Bu formulirovkalardan biri də məhz Azərbaycan vətəndaşları olan etnik ermənilərlə bağlı həyata keçirilməyə cəhd idi. Bu məsələdə də Azərbaycan nümayəndə heyəti Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələni müzakirə etməkdən imtina etdi. Diqqəti çəkən məqam isə erməni tərəfinin Brüsseldə əvvəlki danışıqlarda olduğu kimi, Moskva müqaviləsində nəzərdə tutulan nəqliyyat və tranzit kommunikasiyalarının həyata keçirilməsinə qarşı çıxması oldu. Avropa Birliyinin Yekun Sülh razılaşması üçün zəminlər çərçivəsində Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə təklifi hər iki tərəfdən razılıqla qarşılandı. Sentyabr ayı üçün iki ölkə xarici işlər nazirləri Sülh Sazişinin mətnlərinin layihələrini hazırlayacaq və bu, növbəti görüşdə müzakirə olunaraq daha sonra imzalanacaq.

Azərbaycan uzunmüddətli, davamlı sülhə Ermənistanın məcbur edilməsi elementlərini özündə ehtiva edən mövqe ilə çıxış etdi və Aİ-nin bu istiqamətdə dəstəyini daha da gücləndirməyin vacibliyini diqqətə çatdırdı.

Bütün bunları sadaladıqdan sonra aydındır ki, Rusiya tərəfinin budəfəki Brüssel görüşünə, ümumən danışıqların Brüssel formatına qısqanc yanaşdığını ortaya qoyması üçün, sadəcə, əsas yoxdur. Çünki format olaraq Brüssel formatı deyə bir şey yoxdur, Brussel formatı, sadəcə, üçtərəfli razılaşmanın həyata keçirilməsi üçün işlək mexanizmlərin formalaşdırılması təşəbbüsüdür".

Siyasi şərhçinin sözlərinə görə, bu bir reallıqdır ki, üçtərəfli razılaşmanın həyata keçirilməsində müəyyən axsamalar var: “Məsələn, 4-cü bənd və kommunikasiyalarla bağlı bəndlərin həyata keçirilməsində gecikmələr nəzərə çarpır. Əgər bu bəndlərdə nəzərdə tutulan addımların atılması üçün Brüsseldə hər hansı razılaşma əldə olunursa, Moskva bu sualı özünə ünvanlamalıdır ki, onların iştirakı ilə işləmiş razılaşmanın bəndləri üçün mexanizmlər niyə Moskvada deyil, Brüsseldə əldə olunur? Moskvada bu mexanizmlərin işlənməsinə hansı qüvvələr mane olur və sair

Avropa Birliyinin Cənubi Qafqazda geostrateji ambisiyalardan çıxış etməsi ilə bağlı fikirlərə gəlsək, bəli, bu belədir. Bu danışıqları Avropa Birliyi Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsi üçün bir şans kimi dəyərləndirir, bu şansı da Avropa Birliyinə məhz 10 noyabr üçtərəfli bəyanatının bəndlərinin həyata keçirilməsində prinsipiallıq nümayiş etdirməyən Moskva verir. Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi konkret nəticəyə köklənib və bu nəticə verib. Brüssel isə sadəcə, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı razılaşmada, yəni mövcud formatda operatorluq edib, mexanizmlər işləmək istəyir.

Brüssel-Moskva rəqabəti böyük sülh sazişinə nə dərəcədə əngəl ola bilər məsələsində sual fərqli qoyulmalıdır. Sualı əslində “Rusiya Xarici İşlər Nazirliyinin erməni mənşəli başçısı Brüssel-Moskva rəqabətini bəhanə edib, danışıqları öz etnik mənsubiyyətinə aid olduğu ölkəsi üçün nə qədər poza bilər” kimi qoymalıyıq. Bəli, bax buna cəhdlər ola bilər. Putinin məsələlərlə bağlı mövqeyi ilə Lavrovun mövqeyi və istəyi arasında fərqlər, ziddiyyətlərin olduğundan danışmaq mümkündür".

Y.Hacıyeva onu da dedi ki, məntiqlə Rusiya Azərbaycanla Ermənistanın barışığında Avropa Birliyindən daha çox maraqlı olmalıdır, çünki Rusiya bu koridorda formalaşan yeni şərtlərdə əvvəlki koridorlarda itirilmiş mövqelərini kompensasiya etmək imkanı əldə edir: “Ancaq görünən odur ki, Rusiyada Rusiya dövlətinin maraqlarının əleyhinə erməni maraqlarının təşviqi ilə məşğul olanlar var və bu qüvvələr Rusiya dövlətinin zəifləməsi hesabına Ermənistanın dirçəlməsi məqsədi güdür. Bu hal Rusiya tarixində bir neçə dəfə baş verib, indi də təkrarlanır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079166