Saat:18:48
Haqqımızda

Rusiya yaxşıdır, yoxsa ABŞ? – 4 qrupun qovğası

2022-01-20 17:35:00

Rusiya yaxşıdır, yoxsa ABŞ? – 4 qrupun qovğası

Allah qoymasa, özünü dünya hegemonu sayan, planetin istənilən guşəsindəki daşın altından çıxan ABŞ dövlətinin ölkəmizdəki səfirliyi 32 il öncə Bakıda törədilmiş hərbi cinayətə dair açıqlama yayıb.

Fil boyda dövlətin adından yayılmış bəyanatda belə cümlələr yer alıb:

"Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq.

Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq".

Kimdir kənar qüvvələr? Bilinmir. Bəs “xarici qüvvələrin ölkəyə yeridilməsi”ni kimlər əmr edib? O da müəmmalıdır.

Bəs bilinən nədir? Bilinən odur ki, ABŞ-ın SSRİ-nin, rəsmi Moskvanın, konkret olaraq, Kremlin adını çəkməyə, onun hərbi cinayət törətdiyini deməyə, onu qınamağa hünəri çatmır. Belə yerdə xalq nəyin şatmadığını daha dəqiq ifadə edir, biz “hünər” deyək.

Hələ yaxşı ki, “xarici qüvvələr” yerinə “naməlum qüvvələr” yazmayıblar. Belə də yaza bilərdilər: “32 il öncə naməlum qüvvələr bilinməyən səbəblərdən mülki əhaliyə qarşı düz hərəkət etməyiblər, nəticədə xoşagəlməz vəziyyət yaranıb və ABŞ dövləti bundan narahatdır”.

O boyda ölkəni idarə edənlər hələ də dünyada baş verənlərə görə “xroniki narahatlıq” keçirmələrinin əksər ölkələrdə lətifə mövzusu olduğunu anlamırlar, hər dəfə haralardasa nəsə bir şey olanda “ABŞ bundan narahatlıq keçirir” kimi bəyanat verir, dünyanı özlərinə güldürürlər.

Nə günümün hegemonusan sən? Çıx, de ki, 32 il öncə sovet imperiyasının rəhbərləri Bakıda hərbi cinayət törədiblər, mülki insanları qırıblar.

İndi bu, diplomatiyadırmı? Diplomatiyadırsa, nə əcəb hazırda uyğurlara görə Çinin gözünü deşirlər? Bəs sabah Çin bir az yumşalsa, sözə baxan olsa, necə olacaq? Heç nə, uyğur problemi yaddan çıxacaq, məlum olacaq ki, uyğurları “kənar qüvvələr” qırırmış.

Böyük dövlətlərin diplomatik gedişlərini qoyaq bir tərəfə, onlar həmişə öz maraqlarını güdüblər, hələ uzun illər elə olacaq.

Əsas diqqət edilməli məqam böyük dövlətlərə rəğbət bəsləyən həmvətənlərimizin hərəkətidir. Heç biri “öz dövləti”nə toz qondurmur.

Bir qrupa görə, Rusiya o vaxt düz edib Bakı camaatını qırıb, dinc duraydılar, Moskvaya etiraz etməyəydilər, itaət göstərəydilər, qırılmayaydılar.

O biri qrup isə hesab edir ki, ABŞ 32 il öncə cəllad Qorbaçova dəstək verərkən, Bakı qırğınına göz yumarkən düz eləyib və hazırda dişsiz və diplomatik açıqlama verərkən də düz eləyir. Bizə borclu deyil.

Ta nə oldu? Hamı haqlıdır, tək günahkar bizik?

Ümumiyyətlə, bu ölkənin ictimai-siyasi fəallarının bir çoxu niyə mütləq bir-birinə zidd qruplara bölünməlidir?

İmtahan üçün, interkativ sorğu keçirib belə bir sual qoyaq: “Sizcə, ABŞ yaxşı dövlətdir, yoxsa Rusiya?”

Fəallarımız ən azı 4 qrupa bölünəcək. Bir qrup deyəcək, ABŞ yaxşıdır, Rusiya pisdir, aqressordur.

O biri qrup deyəcək ki, yox, ABŞ pisdir, imperialistdir, Rusiya yaxşıdır.

Üçüncü qrup deyəcək ki, əslinə qalsa, ikisi də pisdir, ikisi də aqressordur, ikisi də imperialistdir, türkün sözü, üçdür, dörddür, ikisi də kötüdür.

Azsaylı diplomatlardan ibarət olan dördüncü qrup isə belə deyəcək: “Dövlətlərin əbədi dostları, düşmənləri yoxdur, əbədi mənafeləri var. Ayrıca götürülmüş zaman kəsiyində hər hansı bir böyük dövlətin öz maraqları prizmasından çıxış edərək ümdə mənafeləri üçün müəyyən manevrlər etməsini, bəzən radikal və optimal addımlar atmasını anlayışla qəbul etmək lazımdır...”.

Bu dördüncülər o adamlardır ki, “nə şiş yansın, nə kabab” prinsipi ilə hərəkət edirlər və istəmirlər ki, kiminləsə düşmən olsunlar. Bəlkə gələcəkdə hansısa biri kara gələcək, kim bilir?

Bu dörd qrupun içində ən dürüstü, məncə, üçüncü qrupdur. Nə var, onu deyirlər. Dünyada, regionda gedən prosesləri izləyirlər, o böyük dövlətlərin necə böyük loxmalar yediyini bilirlər və düzünü dilə gətirirlər.

Piton ilə timsahın və ya pələnglə ayının boğuşması zamanı necə tərəf tutmaq olar ki, biri yırtıcıdır, o biri yox. İkisi də yırtıcıdır axı. Yalnız o ola bilər ki, biri bizim meşənin yırtıcısıdır, o biri qonşu meşənin vəhşisidir. Vəssalam.

İndi bizimkilər də birmənalı olaraq yırtıcı aqressorların tərəfini tutarkən ehtiyatlı olmalıdırlar. Qıraqdan yaxşı görünmür.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR