"Rusiya və İranın "qırmızı xətt" təhdidi boşboğaz vəd olaraq qalıb" - XAQANİ CƏFƏRLİ

"Bütün dünyada, o cümlədən Azərbaycanda bir çoxları özləri də bilmədən İranın bu siyasətinin alətinə çevriliblər"
"İran ayətullahları da müttəfiqləri Putin kimi boşboğazın biridirlər. Putin və Moskva rejiminin təmsilçiləri dəfələrlə Krıma və Rusiya ərazisinə hücumları "qırmızı xətt" elan ediblər. Ancaq Ukrayna ordusu dəfələrlə bu "qırmızı xətt"i keçib, Krımın və Rusiyanın ərazsinə ağır zərbələr vurub. Putinin "qırmızı xətt" təhdidi isə boşboğaz vəd olaraq qalıb". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.
Politoloq bildirib ki, HƏMAS-ın qanlı terroruna qarşı İsrailin başlatdığı qisas əməliyyatının ilk günündən İran ayətullahları və onların dövlət idarəçiliyini həvalə etdikləri şəxslər də "qırmızı xətt"dən danışırdılar: "Belə ki, İran ayətullahları İsrailin Qəzzada yerüstü əməliyyatının Tehran üçün "qırmızı xətt" olduğunu bəyan edirdilər. Ayətullahlar bildirirdilər ki, İsrail Tehranın "qırmızı xətt"ini keçəcəyi tərzdə İran sərt reaksiya verəcək və İsraili yer üzündən siləcək. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Əli Fədəvi İranın "tərəddüd etmədən" İsrailin şimalına, xüsusən də Hayfaya raketlər atmağa hazır olduğunu bəyan edirdi. ABŞ-ın bölgəyə B-1B uzaqmənzilli bombardımançı təyyarələri də daxil olmaqla nəhəng hərbi qüvvə cəmləməsi ayətullahları “qırmızı xətt” təhdidini unutmağa vadar edib".
Xaqani Cəfərlinin sözlərinə görə, ayətullahlar gözəl bilirlər ki, ABŞ bir neçə gün ərzində İranın bütün hərbi və mülki infrastrukturunu məhv edəcək gücə sahibdir: "İranın hərbi və mülki infrastukturuun məhv edilməsindən sonra isə İrandakı əsir xalqların teokratik rejimi devirməsi zaman məsələsinə çevriləcək. Teokratik rejimin devrilməsindən sonra isə ayətullahları İran qadınlarının qisasından heç kim xilas edə bilməyəcək. Bu aqibətdən qaçmaq üçün ayətullahlar "qırmızı xətt" təhdidini unudaraq bəşəriyyətin mərhəmət hissini qabardaraq özlərini prosesdən kənarda saxlamağa çalışırlar. Bütün dünyada, o cümlədən Azərbaycanda bir çoxları özləri də bilmədən İranın bu siyasətinin alətinə çevriliblər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
