"Rusiya Ukraynada itirdiyi hərbi texnikaya əvəz axtarır" - ELXAN ŞAHİNOĞLU

2022-08-30 12:52:00

"Moskvanın İran dronlarına və Çinin hərbi texnikasına marağı artıb"

"Nüfuzlu "The New York Times" qəzetinin xəbərinə görə, İranın pilotsuz uçuş aparatlarının ilk partiyası Rusiyaya çatdırılıb. Rusiyanın yük təyyarələrinin həmin dronları Tehrandan 19 avqustda gətirdikləri yazılıb. Bundan başqa, iranlı mütəxəssislərin rusiyalı həmkarlarına dronların idarə olunmasıyla bağlı təlimlər keçəcəyi bildirilib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, İranın Xarici İşlər Nazirliyinin rəsmisi bu xəbəri təkzib edib: "Qəzetin məlumatının doğru olub-olmadığı yaxın aylarda bəlli olacaq. Rusiyaya dronlar Ukrayna ərazisindəki hərbi texnika və canlı qüvvəyə zərbələr endirmək üçün lazımdır. Əgər müharibənin gedişatında dronların qalıqları aşkar edilərsə, İranın Rusiyaya pilotsuz uçuş aparatları verdiyi təsdiqlənəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Rusiya ona gərəkli dronları Çindən də ala bilər: "Ancaq hələ ki, bu mövzuda Çinin adı çəkilmir. Buna baxmayaraq, Vaşinqton Çinin də Rusiyaya hərbi texnika göndərəcəyindən ehtiyat edir. Rusiya Ukraynada itirdiyi hərbi texnikaya əvəz axtarır. Rusiyanın hərbi sənaye kompleksi itkilərin yerini qısa müddətdə doldurmaq imkanında deyil. Ona görə Moskvanın İran dronlarına və Çinin hərbi texnikasına marağı artıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061664