Saat:23:48
Haqqımızda

Rusiya-Ukrayna savaşı DÜNYANI ACLIĞA APARIR

2022-05-24 10:36:00

Rusiya-Ukrayna savaşı DÜNYANI ACLIĞA APARIR

Qubad İbadoğlu: "Belə vəziyyət Azərbaycanı da təsirləndirəcək, lakin bizdə davamlı qıtlıq olacağını gözləmirəm, kəskin bahalaşma isə qaçılmazdır"

Fikrət Yusifov: "Müharibə davam edərsə, Rusiya hökuməti bir illik federal büdcəsinin xərclərinin yarısından çox əlavə xərc etməli olacaq"

Asif Nərimanlı: "Rusiyanın ümid etdiyi də budur: müharibənin nəticələri gələn ilin qışına qədər qida və enerji böhranını şiddətləndirəcək və bundan Ukraynada istədiyini almaq üçün istifadə edəcək"

Rusiya-Ukrayna savaşı uzandıqca bunun dünya iqtisadiyyatına mənfi təsirləri, daha dəqiq desək, qida böhranının, qlobal aclığın yaşanacağı ilə bağlı müxtəlif səpkili bəyanatlar səsləndirilir. Məsələn, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin bu ilin sonuna qədər dünyada qlobal aclığın başlanacağı barədə proqnoz verib. O, sözügedən qlobal aclığın əsas səbəbinin dünya bazarında buğdanın qiymətinin artması ilə bağlı olduğunu qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, Rusiya Ukraynanın kənd təsərrüfatı sektorunu və Qara Dəniz limanlarını hədəfə alaraq, dünyanı qlobal qida böhranı ilə "şantaj" etmək niyyətindədir. "Amerikanın Səsi"ndə yer alan məlumata görə, Podolyak bəyan edib ki, Rusiya Ukrayna ilə yalnız ideoloji döyüş aparmır, həmçinin Ukraynanın taxıl ixracı infrastukturunu məhv edir: "Rusiyanın müharibədə ilkin məqsədlərindən biri bu infrastruktura zərbə vuraraq, Ukraynanın potensialını öldürməkdir".

Söz yox ki, Rusiyanın Ukraynaya hücumunun təsirləri hər iki ölkədən uzaqlarda olan ərazilərdə də hiss edilməkdədir. Ukraynanın kənd təsərrüfatı sənayesinin dağıdılması qlobal səviyyədə buğda, günəbaxan yağı və qarğıdalı kimi əsas məhsulların qıtlığına səbəb olub. Rusiya gəmiləri tərəfindən blokada və dəniz minalarına görə Ukrayna taxılı ölkə üzrə anbarlarda və Odesa kimi liman şəhərlərində ilişib qalıb. Müharibə qiymətlərin artımına və inkişaf etməkdə olan ölkələrdə qida çatışmazlığına səbəb ola biləcəyindən BMT-nin Dünya Qida Proqramı Ukrayna kənd təsərrüfatı məhsullarının bazara çıxarıla bilməsi üçün Moskvaya liman şəhərlərinin blokadadan çıxarılması üçün müraciət edib. Bu müraciətə cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, limanlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların qaldırılacağı halda açıla bilər.

Bu arada, Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak onu da əlavə edib ki, Ukrayna Rusiya ilə atəşkəs razılaşmasını və Ukrayna ərazisinin ələ keçirilməsinin tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna edir. Belə ki, Kiyevin müharibə ilə bağlı mövqeyinin getdikcə daha barışmaz olduğunu etiraf edən Podolyakun fikrincə, Rusiya hərbi əməliyyatlarda hər hansı fasilədən sonra daha güclü cavab verə bilər: "Əməliyyat dayansa, bir müddət sonra ruslar silahlarını, canlı qüvvəsini artıracaq və səhvlərini düzəldəcək, bir az modernləşəcək, çoxlu generalları işdən çıxaracaq. Və onlar yeni, daha qanlı və genişmiqyaslı hücuma keçəcəklər". Zelenskinin müşaviri həmçinin, Qərbin təcili atəşkəs çağırışlarını "çox qəribə" adlandırıb, çünki o zaman rus qoşunları işğal olunmuş ərazilərdə qalacaq: "Rusiya qüvvələr ölkəni tərk etməlidir və bundan sonra sülh prosesini bərpa etmək mümkün olacaq. Atəşkəs Kreml üçün fürsət olacaq, çünki onlar hansısa hərbi uğuru qeyd etmək istəyirlər".

"ABŞ dövlət katibi Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda "girovluğunda" saxlamaqda günahlandırıb"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlunun qənaətincə, Rusiyanın Ukraynaya müdaxiləsi pandemiyanın və iqlim dəyişikliklərinin doğrurduğu nəticələrdən birini - qlobal ərzaq çatışmazlığını daha da gücləndirib: "Bu sahənin ekspertlərindən biri BMT-yə bildirib ki, dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. "The Economist" yazır ki, BMT-nin hesablamalarına görə, buğda ehtiyatlarının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir. ABŞ dövlət katibi Entoni Blinken isə Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda "girovluğunda" saxlamaqda günahlandırıb. Bildiyiniz kimi, illik 100 milyon tona qədər taxıl istehsalı gözlənilən Rusiya bu məhsulların ixracını iyunun 30-dək qadağan edib, Ukraynanın istehsalı məhdudlaşıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan isə müvəqqəti olsa da qadağalar tətbiq edib".

Durumun çox acınacaqlı olduğunu vurğulayan iqtisadçı alimin sözlərinə görə, belə vəziyyət Azərbaycanı da təsirləndirəcək: "Bizdə davamlı qıtlıq olacağını gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan da pivənin qiymətləri artacaq. Bir sözlə, bu il kasıb ili deyil. Odur ki, hökumət qlobal trendləri vaxtında və düzgün qiymətləndirməli, xüsusilə də aztəminatlı əhalinin effektiv sosial müdafiəsi və anti-inflyasiya istiqamətlərində əlavə tədbirlər həyata keçirməlidir. Hesab edirəm ki, hökümət təcili olaraq aqrar müşavirə keçirməli və hazırkı durumu dəyərləndirib, bu il üçün gözləntilərini və çıxış yollarını müzakirə etməlidir".

"Müharibənin bir ay davam etməsi Rusiya hökuməti üçün 15 milyard dollar və ya 1,1 trliyon rubl əlavə xərc deməkdir"

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə qeyd edib ki, beynəlxalq hərbi ekspertlərin hesablamalarına görə, Ukrayna ilə bir günlük müharibə Rusiyaya nə az, nə çox, 500 milyon dollara və ya 35 milyard rubla başa gəlir: "Bu hesabla, müharibənin bir ay davam etməsi Rusiya hökuməti üçün 15 milyard dollar və ya 1,1 trliyon rubl əlavə xərc deməkdir. Yeri gəlmişkən, rusiyalı müstəqil hərbi ekspertlər barəsində danışdığımız xərclərin daha çox, yəni müvafiq olaraq 20 milyard dollar və 1,4 trliyon rubl olduğunu israr edirlər. Müharibə bir il davam etsə, o, Rusiya hökumətinə 180 milyard dollara və ya 12,6 trliyon rubla başa gələcək. Məlumat üçün bildirək ki, əhalisinin sayı 145 milyon nəfərdən bir qədər artıq olan Rusiyanın 2022-ci il üçün federal büdcə xərcləri 23,7 trliyon rubl nəzərdə tutulub. Beləliklə, müharibə davam edərsə, Rusiya hökuməti bir illik federal büdcəsinin xərclərinin yarısından çox, yəni 12,6 trliyon rubl əlavə xərc etməli olacaq".

"Gözlənilən qlobal qida böhranı Rusiya-Ukrayna müharibəsində həlledici amilə çevrilə bilər"

Siyasi şərhçi Asif Nərimanlı da hesab edir ki, gözlənilən qlobal qida böhranı Rusiya-Ukrayna müharibəsində həlledici amilə çevrilə bilər. Onun fikrincə, böhranın həlli üçün iki ssenari var ki, onlarda biri Rusiyanı tamamilə məğlub etmək, digəri isə Ukraynanı "güzəştlərə" doğru sürükləməkdir: "Birinci ssenari zamana bağlıdır və zaman böhranı qaçılmaz edə bilər. İkinci ssenari ilə bağlı Qərbdə mövqe müxtəlifliyi var. Rəsmi Kiyevin açıqlamaları da göstərir ki, "güzəşt" istəkləri mövcuddur. Rusiyanın ümid etdiyi də budur: müharibənin nəticələri gələn ilin qışına qədər qida və enerji böhranını şiddətləndirəcək və bundan Ukraynada istədiyini almaq üçün istifadə edəcək".

Valeh TÜRKSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR