Rusiya-Ukrayna savaşı Avropa iqtisadiyyatını da çökdürür

2022-04-26 11:07:00

Rusiya-Ukrayna savaşı Avropa iqtisadiyyatını da çökdürür

Rusiyanın Ukraynanı işğal etməsi Avropa üçün ağır sınağa çevrilir…

Ukrayna və Rusiya ən kəskin iqtisadi daralmalarla üzləşir, lakin digər ölkələr də bu il tənəzzülə uğraya bilər.

Artıq Ukraynadakı humanitar fəlakət bütün Avropada əks-səda verir. Təxminən 5 milyon qaçqın artıq İkinci Dünya Müharibəsindən bəri qitənin gördüyü ən böyük mühacirətdə döyüşlərdən qaçıb və milyonlarla insan məcburi köçkün vəziyyətinə düşüb. Ən çox sayda ukraynalı Polşa, Rumıniya, Macarıstan və Moldova ilə sərhədləri keçib.

Avropa İttifaqı Rusiyanın işğalı nəticəsində didərgin düşmüş insanları tez bir zamanda qarşılayıb. Düzdür, Aİ onlara yaşamaq və işləmək, ən azı bir il sosial yardım almaq icazəsi verib. Lakin onlara nə qədər qayğı göstərilə biləcəyi, demoqrafik problemlərin yarana biləcəyi də indidən müzakirə edilməkdədir.

Dünya pandemiyadan sonra yeni bərpa dövrünü yaşamağa cəhd edirdi. Ölkə iqtisadiyyatları bərpa dövrünü yaşamağa çalışarkən, Rusiya-Ukrayna savaşı başladı. İndi bütün dünyada müzakirə edilən əsas məqam savaşın nə qədər davam edəcəyi ilə bağlı suallara cavab axtarmaqdan ibarətdir. Savaş uzun sürərsə kimlər daha çox əziyyət çəkəcək? Təkcə Ukrayna bir ölkə olaraq böhranla üzləşəcəkmi? Rusiyanı sanksiyalardan sonra ilin sonuna qədər çıxılmaz iqtisadi və sosial daralmadan dolayı hansı ağır günlər gözləyir? Yalnız bu iki dövlət, yoxsa bütünlüklə Avropa qitəsində də iqtisadi problemlər dərinləşəcək? Əlbəttə, bu suallara axtarılan cavablara müxtəlif beyin mərkəzlərindən müxtəlif yanaşmalar var.

İndi bəlkə də çoxlarının müzakirə etmək istmədiyi məqamlardan biri də budur ki, Avropa özü də ağır iqtisadi və sosial qayğılarla üzləşəcək.

Müharibə həm də Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün, xüsusən də bərpa olunan mənbələri genişləndirməklə və səmərəliliyi artırmaqla necə daha çox işlər görməli olduğunu xatırladır. Doğrudur, alternativ enerji təminatı ilə bağlı müzakirələr aparılır. Lakin heç bir halda bunu 2022-ci ilin sonuna qədər reallaşdırmaq və Rusiyanın enerji resurslarından asılılıqdan xilas olmaq üçün yetərli zaman demək deyil.

Artımın aşağı düşməsi

Bu ilin fevral ayından bəri Avropa ölkələri iqtisadi artımla bağlı göstəriciləri aşağı salır.

Qabaqcıl iqtisadiyyatlar üçün 2022-ci ildə artım proqnozlarımızı yanvar proqnozlarından 1 faiz bəndi azaldıb 3 faizə, Ukrayna və Rusiya istisna olmaqla, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə proqnozlaşdırılan artımı 1,5 faiz bəndi azaldıb 2,7 faizə endirilib.

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya kimi bir neçə böyük iqtisadiyyatın bu il düz iki rüb üçün çətinliklə genişlənəcəyi və ya hətta daralacağı proqnozlaşdırılır. Rusiyada aktivliyin 8,5 faiz, Ukraynada isə 35 faiz azalacağı proqnozlaşdırılır. Yəni gözlənilən artım proqnozları nəinki özünü doğruldur, əksinə ciddi şəkildə azalma və iqtisadiyyatlar durğunluq nöqtəsinə doğru geriləyir.

Pul və fiskal siyasətçilər nə etməlidirlər?

Əslində, dünyanın əsas beyin mərkəzləri bu məqama daha çox diqqət edirlər - Müharibə iqtisadi hasilatı azaldan və qiymətləri yüksəldən tədarük şokudur. Həqiqətən də, Rusiya, Türkiyə və Ukrayna istisna olmaqla, inkişaf etmiş ölkələrdə inflyasiyanın 5,5 faiz, inkişaf etməkdə olan Avropa ölkələrində isə 9,3 faizə çatacağı proqnozlaşdırılır.

Bu proqnozlar yanvar ayı proqnozlarına müvafiq olaraq 2,2 və 3,5 faiz bəndi çoxdur.

Sərhədlərini qaçqınlar üçün açan bir sıra ölkələrdə, məsələn, təxminən 3 milyonu qəbul edən Polşada və ya qaçqınların sayının əhaliyə nisbətən çox yüksək olduğu Moldovada büdcə təzyiqləri daha kəskin olacaq. Burada əsas məqam və indi daha çox müzakirə edilən məsələ humanitar yardım xərclərinin Aİ üzvləri arasında ədalətli şəkildə bölüşdürülməsidir.

Əslində, dünya pandemiyadan xilas olma ümidindəykən, Rusiyanın Ukraynaya hücumu qlobal iqtisadi dirçəlişi pozdu. Ən çox görünən qlobal təsirlərdən biri enerji və ərzaq qiymətlərinin sürətlənməsi, ərzaq qıtlığı epizodları ilə bağlı narahatlıqlar, qida çatışmazlığı və sosial iğtişaşlar riskini artırıb.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, mart ayında dünya ərzaq qiymətləri əvvəlki illə müqayisədə 33,6 faiz artıb.

Qış aylarına doğru isə Avropada vəziyyət bir qədər də ağırlaşacaq. Böyük xammal bazası olan Rusiya ilə əlaqələrin kəsilməsi, Ukraynada bütövlükdə iqtisadiyyatın ən azı 50 faizdən çox kiçilməsi də Avropanı təhdid edir. Dünyanın əsas ticarət logistika yollarının Rusiya və Ukrayna ərazilərindən keçməsi, su nəqliyyatı üzrə tədarükün iflic olması bütünlüklə dünyanı, o cümlədən Avropanı da təhdid edir. Ard-arda gələn iqtisadi kiçilmərə dair açıqlamalar fonunda Avro və sterlinq dəyər itirir. Əvəzində neft-qaz qiymətlərinin yüksəldiyinin şahidi oluruq.

Rusiyanın Ukraynanı işğal etməsi Avropa üçün ağır sınağa çevrilir. Bir an öncə savaş bitməzsə, bu təkcə savaş tərəfi olan iki ölkənin deyil, bütünlüklə Avropanın da kabusuna çevriləcək.

Razi ABASBBƏYLİ


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya