"Rusiya-Ukrayna müharibəsinin oxşarı Asiyada gözlənilir" - POLİTOLOQ

2022-09-21 12:09:00

"ABŞ-ın məqsədi yeni sanksiyalar vasitəsilə Çinin Tayvana gələcək müdaxiləsinin qarşısını almaqdır, Tayvan isə Avropa İttifaqının da Pekinə sanksiyalar tətbiqini istəyir"

"Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən əksər lider Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zərurətini vurğulayıblar. Bu görüşləri Vaşinqtonda diqqətlə izləyiblər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə barədə qorxusu müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib. "Bu, sadəcə faktın təzahürüdür ki, həmin təcavüz planetin bütün insanlarının maraqlarına qarşı yönəlmiş təcavüzdür", - o, deyib. Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir: "Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Tayvanla bağlı Çinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdən keçirib. Vaşinqtonun məqsədi yeni sanksiyalar vasitəsilə Pekinin Tayvana gələcək müdaxiləsinin qarşısını almaqdır. Sanksiyalar içərisində Çinlə ticarətin nisbətən məhdudlaşdırılması, investisiyaların azaldılması və telekommunikasiya sahəsində əməkdaşlığın yenidən nəzərdən keçirilməsidir. Tayvan ABŞ-la yanaşı, Avropa İttifaqının da Çinə qarşı sanksiyalar tətbiqini istəyir. Çünki Çinin Avropa ölkələri ilə sıx ticarət əməkdaşlığı mövcuddur, böyük investisiya layihələri gerçəkləşdirilir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ökə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib: "Pelosidən sonra ABŞ-dan Tayvana daha 3 nümayəndə heyəti səfər edib. Bu arada, Tayvanın Müdafiə Nazirliyi yaxınlıqdakı adalarda istehkamları möhkəmlətməkdə davam edir. Məqsəd ada üzərində uçuşlar həyata keçirən Çinə məxsus pilotsuz uçuş aparatlarını zərərsizləşdirməkdir. Çünki son aylarda Çin dronları ada ətrafında uçuşlar həyata keçirirlər. Tayvan hərbçiləri sentyabrın 1-də Çinə məxsus dornlardan birini vurublar. Tayvan və ABŞ hesab edir ki, Çinə məxsus dronların ada ətrafında uçuşları mümkün müharibənin işartısı ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066487