Saat:17:04
Haqqımızda

"Rusiya, Türkiyə və İran arasında gedən mübarizə artıq pərdə arxasından çıxmağa başlayıb" - SAMİR HÜMBƏTOV

2021-09-16 11:49:00

"Suriya böhranının həll edilməsi və ölkədə sülhün əldə edilməsi üçün Astana görüşündə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsi vacibdir"

"Suriyada vəziyyət yenidən gərginləşməyə doğru gedir. Bölgəyə nəzərəti ələ almaq və əldə saxlamaq üçün Rusiya, Türkiyə və İran arasında gedən mübarizə artıq pərdə arxasından çıxmağa başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Siyasi ekspertin fikrincə, Rusiya və İran bəzi məsələlərdə, xüsusilə də Suriya prezidenti Bəşər Əsədi postunda saxlamaq məsələsində müttəfiq görünməyə çalışsalar da, Suriyaya nəzarəti ələ keçirmək məsələsində dərin ziddiyətdə olduqları görünməkdədir: "Suriya prezidenti Bəşər Əsəd isə bu iki dövlət, yəni İran və Rusiya arasında mümkün qədər manipulyasiya etməklə həm öz hakimiyyətini qorumağa, həm də müttəfiqlik münasibətlərini davam etdirməyə çalışır. Ona görə ki, Bəşər Əsəd üçün İran canlı qüvvə təminatı məsələsində, Rusiya isə silah-sursat məsələsidə vacib əhəmiyyətə malik ölkələrdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Suriyanın hava məkanını Rusiya qoruyur".

Suriya məsələsində üç qüvvədən birinin Türkiyə olduğunu xatırladan Samir Hümbətov qeyd edib ki, İran və Rusiya kimi Türkiyənin də Suriyada öz maraqları var: "Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə 3 milyondan artıq suriyalı qaçqın var və Türkiyənin əsas məqsədi suriyalı qaçqınları öz torpaqlarına geri qaytarmaqdır. Cenevrə görüşündə nəticə əldə olunmaması bu üç dövlət üçün növbəti yolu göstərmiş oldu. Astana görüşünün keçrilməsi və ortaq razılığın əldə edilməsi bölgədə vəziyyətin dəyişməsinə şərait yaratdı. Qazaxstanın Astana şəhərində baş tutmuş toplantıda İran, Rusiya və Türkiyə Suriyanın gələcəyi ilə bağlı qərar qəbul etmiş oldu. Daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan Soçi görüşü onu işarə etdi ki, Rusiya İran üçün bölgədə "üçüncü artıqdır" siyasəti ilə hərəkət edir. Əlbəttə ki, İran bunu başa düşməmiş deyil. İndi isə Suriyada vəziyyət yenidən gərginləşməkdədir. Rusiya və Türkiyə arasında ələdə olunmuş atəşkəs razılığı yenidən pozulmaqdadır".

Siyasi ekspert bu qənaətdədir ki, Suriya böhranının həll edilməsi və ölkədə sülhün əldə edilməsi üçün Astana görüşündə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsi vacibdir: "Əks təqdirdə Suriyada sülhün əldə edilməsi reallıqdan uzaq ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR