"Rusiya siyasi çevrələrində millətçi-faşist ideologiyaya sahiblənmək uğrunda mübarizə gedir" - ƏRƏSTUN ORUCLU

2022-08-23 13:19:00

"Bu da öz növbəsində, Rusiyada diversiyaların, terror aktlarının, "ürəktutmalardan" ölümlərin, "avtoqəzaların" və nəhayət "intiharların" artacağını deməyə əsas verir"

"Müasir Rusiya millətçiliyinin atalarından və "Rus dünyasının" əsas ideoloqlarından olan Aleksandr Duginin qızı Darya avtomaşınına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub. Bir çox müşahidəçilərin dediyinə görə, əslində bombanın hədəfi Duginin özü olsa da, hədəfə gələn onun qızı olub. Duginin daha çox Darya Platonova təxəllüsü ilə tanınan qızı da atasının ideoloji tərəfdaşı və fəal dəstəkçisi idi. Qeyd olunur ki, o, Moskva ətrafındakı tədbirdən geri dönərkən həlak olub. Bu da bildirilir ki, terrorun hədəfi olan Duginin sağ qalmasının səbəbi son anda başqa maşında getməyə qərar verməsi olub. Donbass terrorçu-separataçılarından tutmuş digər Rusiya radikallarınadək bir çoxları terrorun ukraynalı diversantlar tərəfindən təşkil olunduğunu iddia etsələr də, bu, inandırıcı görünmür". "Hürriyyət" xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə ona görə ki, indi ukraynalıları maraqlandıran daha çox onların ölkəsinə qarşı müharibə aparan generallardır: "İdeoloqlar isə bir qayda olaraq daxildəki siyasi-ideoloji rəqibləri tərəfindən hədəfə alınırlar. Dugin də bu mənada istisna deyil. Avrasiya ideyalarının arxasında gizlənən Duginin əsas ideoloji platforması rus faşizmidir və bu, getdikcə daha aydın görünməkdədir. Çox güman ki, onun hədəfə alınmasının səbəbi də elə budur. Amma konkret halda Duginə qarşı terror törədənlərin onun ideoloji rəqibləri deyil, həmin ideologiyanı onun əlindən almaqda maraqlı tərəfin olması daha inandırıcıdır. Bunun da konkret səbəbi var: bu gün Rusiyada aşırı millətçiliyə alternativ ideologiyanın olduğu və hətta ola biləcəyi də görünmür. İllər ərzində Kreml təbliğatı sayəsində aşırı millətçiliyə, ksenofobiyaya, irqçiliyə, bir sıra hallarda isə açıq faşizmə yoluxdurulmuş Rusiya cəmiyyətində uğur qazanmağın yeganə yolu həmin baxışlarla, həmin ideoloji platforma ilə silahlanmaqdan keçir. Bu ölkədə başqa siyasi baxışların şansınin olduğu görünmür".

Siyasi şərhçinin qənaətincə, elə bu səbəbdən də hətta daim liberal siyasətçi kimi tanınmış keçmiş prezident Dimitri Medvedevin davamlı olaraq millətçiliyə, şovinizmə, irqçiliyə istinad etməsi təsadüfi sayılmamalıdır: "Müasir Rusiya siyasətində uğur, daha doğrusu xalqın dəstəyini qazanmağın yeganə yolu budur. Elə həmin səbəbdən də Rusiya siyasi çevrələrində gedən mübarizə əslində millətçi-faşist ideologiyaya sahiblənmək uğrunda gedən mübarizədir. Hakimiyyətə aparan yeganə yol həmin ideoloji paltformadan keçir. Elə buna görə də ölüm-dirim savaşı ideoloji baxımdan eyni qütbdən olanlar arasında gedir və gedəcək də. Bu mənada, "Rus dünyasının" atasının hədəfə alınması bu, ideoloji platforma uğrunda mübarizənin (əslində isə müharibənin) kəskinləşdiyinin və kulminasiya nöqtəsinə yaxınlaşdığının indikatoru kimi qəbul oluna bilər. Digər tərəfdən də "ayının dərisini bölüşdürməyə" başlayıblarsa demək, ayı ya artıq ölüb, ya da can üstədir. Bu da öz növbəsində, Rusiyada diversiyaların, terror aktlarının, "ürəktutmalardan" ölümlərin, "avtoqəzaların" və nəhayət "intiharların" artacağını deməyə əsas verir. Mübarizənin vasitələri də bunlardır, çünki faşist ideologiyasının hökmranlıq etdiyi siyasi mühitdə sivil mübarizə metodları olmur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060986