Rusiya Qarabağda “cəbhə xətti” çəkir! - Bakıya qarşı şok gəlişmə

2022-11-29 09:24:00

Rusiya Qarabağda “cəbhə xətti” çəkir! - Bakıya qarşı şok gəlişmə

Qarabağda Rusiya “sülhməramlıları”nın arxasında gizlənən silahlı quldurlar son günlər görünməmiş dərəcədə fəallaşıb. Ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində atəşə tutulması artıq adi hal almaqdadır. Yəni indi Ermənistanla sərhəddəki mövqelərimizlə yanaşı, Qarabağdakı hərbi postlarımız da faktiki hər gün, fasiləsiz və intensiv atəşə tutulur.

Bəzi təhlilçilərə görə, baş verənlər "Fərrux" əməliyyatından öncəki hadisələri xatırladır. Bu qənaətlə razılaşmamaq çətindir. Gerçək belədir ki, Rusiyanın “sülhməramlı” kontingentinin təxribatçı susqunluğu fonunda, daha dəqiqi, bilavasitə dəstəyi ilə (!) silahlı separatçılar Azərbaycana açıq şəkildə meydan oxuyurlar.

Şübhə yox ki, bu yolla, nəhayət, Azərbaycanın növbəti “dəmir yumruğ”unu yeyib ardınca həyasızcasına bizə qarşı yenə “soyqırım” ağlaşması qurmaq, ilsonu ölkəmizi beynəlxalq qurumların hədəfinə gətirib “aqressor” kimi tanıtdırmaq, Fransa Senatından daha bir anti-Azərbaycan sənədi “qoparmaq”, habelə dünyanın diqqətini mifik “artsax”a" yönəltmək və əlbəttə ki, yekunda Ermənistana sərfəli olmayan sülh müqaviləsini əngəlləməkdir. Hansı sülh müqaviləsindən sonra ki, separatçıların Qarabağda mövcudluğu bir az da mümkünsüz olacaq, onların neytrallaşdırılması bütün ciddiliyi ilə gündəmə gələcək.

“Qafqaz qaraçıları”nın hədəflərindən biri də sözsüz ki, Bakıya təzyiqləri artırıb “status” məsələsini “diriltmək” və Qarabağdakı rus hərbçilərinin varlığını əbədi eləməkdir. Bu isə təbii ki, Rusiyanın da marağındadır. Demək ki, Azərbaycan əleyhinə son baş verənlər məhz Kremlin “dirijor çubuğu” ilə idarə olunur. Rusiya Qarabağda şərti təmas xəttini erməninin əli ilə açıqca “cəbhə xətti”nə çevirmək istəyir. Fransanın separatçılara siyasi-mənəvi dəstəyinin yaratdığı stimul da öz yerində.

*****

Lakin bütün bunlar əbəs cəhdlərdir. Rəsmi Bakı heç bir halda bir ovuc quldurun nə sülh danışıqlarının subyekti olmasına imkan verəcək, nə də təzədən, 1923-cü ildəki kimi Azərbaycan dövlətinin altına “dqmv”yə bənzər “gec partlayan mina” qoyulmasına razı olacaq. Dağlıq Qarabağ konflikti iki il öncə bitib və bununla hamı, ilk növbədə də Qarabağdakı separatçı ünsürlər və onlara “zəhər verən kərtənkələlər” barışmalıdır! Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda bir daha, net şəkildə bəyan elədi.

“İstər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb”.

Prezident fikrini həm də bununla əsaslandırıb ki, artıq bölgə ölkələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin, iki və çoxtərəfli əməkdaşlığın yeni mərhələyə qalxması üçün çox unikal, tarixi bir fürsət yaranıb. Yəni İrəvanın, ümumən erməni toplumunun da bu fürsəti düzgün dəyərləndirməsini gözləyirik. Əks halda, özlərindən küssünlər.    

Əfsus ki, heç də hamı münaqişənin bitməsindən məmnun deyil. Söhbət öncəliklə hələ də axmaqcasına revanşist xülyalarla yaşayan Ermənistanın özündən və onun köhnə-təzə xilaskarları - İrandan və Rusiyadan  gedir. Hələ də münaqişənin bitmədiyini iddia edən, onu hətta gələcək nəsillərə saxlamaq istəyən və ermənilərin yerinə bizimlə status davası aparan Rusiyadan. Qarabağda separatçılarla birləşib suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı təhlükəli oyunlar quran, qanunsuz erməni dəstələrini silahlandırmağa başlayan, “Vardanyan kartı” ilə, “Rus icması” projesi ilə Azərbaycanı təhdid edən Rusiyadan. Nəhayət, “sülhməramlı”ları separatçı ünsürlərlə vahid qüvvə şəklində birləşən Rusiyadan. 

***** 

Yeri gəlmişkən, rəsmi Bakının Qarabağdakı Rusiya hərbi kontingentinə iradları heç vaxt olmadığı qədər artıb. Onların fəaliyyəti ilə bağlı əvvəllər də suallar yaranıb. Lakin indiyədək bu qədər sərt və sinxron şəkildə, əsaslandırılmış ittihamlar, faktlar səsləndirilməyib. Diqqət edin, keçən həftə Azərbaycanın üç mühüm strukturu - Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Rusiya kontingentinin fəaliyyəti sərt şəkildə tənqidlərə məruz qaldı. Söhbət həmçinin Qarabağa Laçın yolu ilə silah və hərbi texnikaların qanunsuz daşınmasından gedir.

Rusiyanın 22 fevralı Moskva bəyannaməsinə daban-dabana zidd olaraq “separatçılıq kartı”ndan istifadəsinə dair daha bir fakt. İki gün öncə Qarabağdakı qondarma rejim rəhbərinin uydurma “xüsusi tapşırıqlar üzrə səfiri” Masis Mailyan Rusiyada olub, orada görüşlər keçirib. O sırada Moskvada Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan və bir qrup erməni diplomatı ilə bir araya gəlib. Əlbəttə ki, Kremlin “dobrosu” olmasaydı, belə təmaslar reallaşa bilməzdi. Bu, söz yox ki, Rusiyanın düyməsini basdığı Ruben Vardanyan layihəsinin tərkib hissəsidir. Beləcə, Rusiya ikibaşlı oyununu davam etdirir.

Bəs kapitulyant Ermənistan? Nəhayət ki, o, öz xeyri ilə şərini ayırd edəcəkmi? Anlayacaqmı ki, məhz Azərbaycan və Türkiyənin uzatdığı barış əli sıxılmayınca, bu ölkələrin ərazi bütövlüyü tanınmayınca erməni xalqının zilləti də bitməyəcək? Başa düşəcəkmi ki, Rusiya, ABŞ, Avropa, hətta Fransanın özü “erməni kartı”ndan yalnız öz maraqları üçün yararlanmağa çalışır?

Təəssüf ki, qoyulan suallara pozitiv cavablar yoxdur. Əksinə. Azərbaycan Prezidentinin tədbirdə vurğuladığı kimi, belə görünür, Ermənistan heç bir nəticəyönümlü ssenari olmadan sülh prosesini sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Şübhə yox ki, Nikol Paşinyanın Brüsseldəki hər görüşdə Makron da olmalıdır təzə şərti eyni hədəfə hesablanıb. O zaman rəsmi İrəvan sülh prosesini sabotaj eləməyin ağır bədəlinə də hazır olmalıdır. (Yeni Müsavat)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.258980