Saat:12:52
Haqqımızda

Rusiya Paşinyanı ifşa etdi: “Xəyanət yolunu tutub”

2023-03-21 10:51:00

Rusiya Paşinyanı ifşa etdi: “Xəyanət yolunu tutub”

Rəsmi İrəvan Rusiyaya xəyanətin ardınca indi də ABŞ və Qərbə arxa çevirmək niyyətinə düşüb, Paşinyan hakimiyyətinin siyasi şantaj xarakteri daşıyan ardıcıl manipulyasiyalarına necə reaksiya veriləcəyi Ermənistanın gələcək taleyini müəyyən edə bilər... 

Ermənistan yenidən Rusiyanın orbitinə geri qaytarmaq məcburiyyətində qalıb. Hər halda, hazırda rəsmi İrəvan bu istiqamətdə kifayət qədər israrlı cəhdlər göstərir. Kreml də Ermənistanı yenidən öz himayəsi altına almaq imkanlarının yaranmasından məmnun görünür. Bu baxımdan, Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının intensivləşə biləcəyi qətiyyən istisna deyil. 

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində də artıq açıq şəkildə etiraf olunduğu kimi, "iki stul"da oturmuş vəziyyətdədir. Ancaq son vaxtlar rəsmi İrəvan üçün bu daha çətin başa gəlir. Çünki "hər iki stul" əks istiqamətdə hərəkət etməyə başlayıb. Yəni, Ermənistanın altında boşluq yarana biləcəyi rəsmi İrəvanı ciddi şəkildə narahat edir. 

Ona görə də, rəsmi İrəvan eyni vaxtda hər iki istiqamət üzrə "xaotik qaçış" modelinə məhkum duruma düşməkdədir. Belə ki, ötən ilin sonlarında Paşinyan hakimiyyətinin "qaçış istiqaməti" ABŞ və Qərbə doğru yönəlmişdi. Baş nazir Nikol Paşinyan Rusiyanı kəskin şəkildə tənqid və ittiham edirdi. Erməni baş nazir Rusiyanın patronajlığı altında olan KTMT-nın yekun sənədini nümayişkəranə şəkildə imzalamayıb, Kreml sahibi Vladimir Putinə meydan oxuyurdu. Rusiya ilə müttəfiqliyi isə Ermənistanın təhlükəsizliyinə əsas təhdid hesab edirdi. 

Hətta iş o yerə çatmışdı ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın vasitəçiliyi ilə əvvəlcədən razılaşdırılmış üçtərəfli görüşə qatılmaqdan belə, imtina etmişdi. Bunu Rusiyanın vasitəçiliyi ilə sülh prosesinin effektiv olmamasıyla arqumentləşdirməyə cəhd göstərmişdi. İndi Rusiyanın orbitinə qayıtmaq üçün "pəncərə" axtaran baş nazir Nikol Paşinyan xarici işlər nazirinin Moskva səfərindən imtinasını onun önəmli şəxsi məsələlərinin mövcudluğu ilə izah etməyə çalışır.

Maraqlıdır ki, xarici işlər naziri Ararat Mirzoyanın həmin vacib məsələsinin nədən ibarət olduğu da artıq məlum olub. Sən demə, Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə üçtərəfli görüşün keçiriləcəyi gündə - 23 dekabrda erməni nazir özünə mülkiyyət almaq üçün bankda kredit sənədinə imza atmalıymış. Ermənistan mətbuatında yayılan məlumatlarda kredit sənədinin altında məhz həmin tarixə aid imza mövcuddur. Bu, o deməkdir ki, Rusiya və onun xarici işlər nazirinin əhəmiyyəti rəsmi İrəvan üçün Ararat Mirzoyanın aldığı kreditdən daha aşağıdır.

İndisə, rəsmi İrəvan nədənsə, birdən-birə "xaotik qaçış"ın istiqamətini Moskvaya doğru çevirməyə çalışır. Xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı ilə görüşə göndərilib. Səbəbini isə Rusiya xarici işlər naziri Sergey Lavrovun onunla görüşdə vurğuladığı bir önəmli məqamda axtarmaq lazımdır. Belə ki, o, son bir il ərzində Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin iki dəfə artaraq, 5 milyard dollara çatdığını bildirib.

Əlbəttə, ilk baxışdan, bu, əslində, təəccüblü görünməməlidir. Ancaq Ermənistanın iqtisadi-ticari potensialını nəzərə aldıqda, belə fantastik artımın arxasında qaranlıq məqamların olduğu qətiyyən şübhə doğurmur. Çünki Ermənistan iqtisadiyyatının istehsal və ixrac potensialı belə böyük ticarət dövriyyəsinə tərs mütənasibdir. Rusiyanın Ermənistana ixrac etdiyi enerji resursları da bu rəqəmin çox-çox altındadır.

Deməli, 5 milyardlıq ticarət dövriyyəsinin arxasında ABŞ və Qərbin son vaxtlar rəsmi İrəvana Rusiyaya sanksiyalardan yayınmaqda yardım etməsi barədə xəbərdarlıqlarının səbəbləri gizlənə biləcəyi qətiyyən istisna deyil. Baş nazir Nikol Paşinyanın son Almaniya səfəri zamanı bu barədə iradlar və suallarla üzləşdiyi artıq məlumdur.

Yəni, belə anlaşılır ki, rəsmi İrəvan həqiqətən də hərbi təyinatlı istifadə üçün yararlı olan elektronika avadanlıqlarını idxal edib, Rusiyaya ötürüb. Qərb siyasi dairələri də iddia edirlər ki, belə avadanlıqlar Ermənistana daxili ehtiyaclardan yüzdəfələrlə artıq həcmdə idxal olunub. Və bu, Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə əsas yaradır.

Ona görə də, son vaxtlar rəsmi İrəvana qarşı ABŞ və Qərbin səhnəarxası təzyiqləri artdığından Paşinyan hakimiyyəti qorxuya düşüb, yenidən Rusiyanın himayəsinə sığınmağa üstünlük verir. Rəsmi İrəvan Qərblə yaxınlaşma xəttini qorumağa çalışsa da, ondan dəstək almağa nail ola biləcəyinə artıq əmin deyil. Ona görə də, himayəsinə yenidən ehtiyac duyduğu Kremllə münasibətlərini normallaşdırmaq cəhdləri ilə həm də Rusiyanın rəqiblərini şantaj edir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasının məzmunu da bunu təsdiqləyir. Belə ki, o, Qərb ölkələrinin Ermənistanın Rusiya ilə münasibətlərini korlamağa çalışdığını bildirib. Ancaq rus nazirin fikrincə, belə cəhdlər iflasa məhkumdur. Yəni, Kreml Ermənistanın hazırda heç olmasa, tək ayaqla da olsa, Rusiyaya doğru yönəlməsindən məmnundur. Halbuki Qərb Ermənistanı Rusiyadan qopartmaqda maraqlı olsa da, Paşinyan bu məsələdə könüllü davranırdı, hətta əsas və israrlı təşəbbüskar kimi davranırdı.

Rusiya siyasi dairələrində də bu reallığı nəzərdən qaçırmış deyillər. Kremlə yaxınlığı ilə seçilən rus politoloq Sergey Markov da vurğulayıb ki, Ermənistan Cənubi Qafqaza Avropa Birliyini gətirməklə, bu faktordan Rusiyaya qarşı təzyiq mexanizmi kimi istifadə edir. Ona görə də, iki hərbi müttəfiq ölkənin xarici işlər nazirləri arasında danışıqların sərt və gərgin məcrada keçdiyinə inanmaq çox çətindir. Yəni, rəsmi İrəvanın Kremlin himayəsini yenidən öz arxasına çəkmək üçün Rusiya qarşısında mütləq əlavə öhdəliklər götürmək məcburiyyətində qalmış ola biləcəyi qətiyyən istisna deyil.

Ona görə də, indi əsas məsələ ondan ibarətdir ki, Rusiyaya xəyanət edən Ermənistan ABŞ və Qərbə də arxa çevirmək niyyətinə düşüb. Qərb siyasi dairələrinin Paşinyan hakimiyyətinin ardıcıl manipulyasiyalarına necə reaksiya verəcəyi Ermənistanın gələcək taleyini müəyyən edə bilər. Eyni zamanda, Kremlin də ermənilərin "timsah gözyaşları"na inanmayacağı, Ermənistanı yalnız Rusiyanın regional maraqları çərçivəsində istifadə edəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, xarici işlər naziri Sergey Lavrovun "5 milyardlıq ticarət dövriyyəsi" açıqlaması ilə Qərbin qarşısında ifşa etdiyi Ermənistanı daha çətin mərhələnin gözlədiyini də ehtimal etmək olar.

musavat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR