Saat:18:00
Haqqımızda

Rusiya Müdafiə Nazirliyi Pokrovskun işğal edildiyini açıqladı – Kiyevdən cavab

2025-12-02 18:00:10

Rusiya Müdafiə Nazirliyi Pokrovskun işğal edildiyini açıqladı – Kiyevdən cavab

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Pokrovsk şəhəri üzərində tam nəzarət ələ keçirildiyini və şəhərdə Rusiya bayrağının quraşdırıldığını bildirib. Bundan əvvəl Baş Qərargah rəisi Valeri Gerasimov həm Pokrovsk, həm də Xarkov vilayətindəki Volçanskın “alınması” barədə Prezident Vladimir Putinə məruzə etmişdi. Nazirlik Pokrovskda bayraq qaldırıldığı görüntüləri də yayıb.

Ukrayna tərəfi isə bu məlumatı təkzib edir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyev “RBK-Ukraina”ya bildirib ki, rusiyalı hərbçilər yalnız şəhərin bir hissəsində bayraq qaldırmağa cəhd ediblər və bunu tam işğal kimi təqdim etməyə çalışıblar. Onun sözlərinə görə, həmin qrup sonradan ərazidən uzaqlaşdırılıb və şəhərdə düşmən diversiya qruplarına qarşı təmizləmə əməliyyatı davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski də 1 dekabrda Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşündə həm Pokrovskun, həm də Volçanskın Ukrayna nəzarətində qaldığını bildirib.

Açıq mənbəli kəşfiyyat layihəsi DeepState 2 dekabrda məlumat yayıb ki, Rusiya qüvvələri Pokrovsk rayonunun Kazaçkoe kəndini ələ keçirib və Pokrovskla Mirnoqrad istiqamətlərində irəliləyiş əldə edib. Analitiklərin xəritəsinə görə, şəhər tam şəkildə Rusiyanın nəzarətinə keçməyib.

Pokrovsk Donetsk vilayətinin qərb hissəsindəki ən böyük yaşayış məntəqəsidir. Şəhər uğrunda döyüşlər 2024-cü ilin avqustundan davam edir. 2025-ci ilin oktyabrında Ukrayna Baş Qərargahı və Prezident Zelenski vəziyyətin ağırlaşdığını etiraf etmişdi. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) noyabr sonunda bildirirdi ki, həmin vaxt şəhər ərazisinin təxminən 46 faizi Rusiya qüvvələrinin nəzarətində idi.

AzPolitika.info