Saat:19:25
Haqqımızda

Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir: Soydaşlarımızı nə gözləyir?

2024-03-27 17:03:27

Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir: Soydaşlarımızı nə gözləyir?

"Yeni qanunun qüvvəyə minməsilə soydaşlarımızla bağlanan əmək müqavilələrinə xitam verilə bilər".

Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında bunu miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Rusiyada baş verən son hadisə fonunda bu ölkənin miqrasiya qanununu daha da sərtləşdirməyə getməsinin fəsadlarını şərh edərkən deyib. 

Azər Allahverənovun sözlərinə görə, Rusiya artıq xeyli müddətdir miqrasiya qanununun təkmilləşdirilməsilə bağlı fikirlər dövriyyəyə buraxır: 

"Bu addımlar miqrasiya istiqamətində müəyyən nizam-intizamın qurulmasına hesablanıb. Bu kimi addımlar və miqrantların iştirakı ilə bağlı baş verən kriminal hadisələr müəyyən mənada anti-miqrant ritorikasının güclənməsinə səbəb olur. Antimiqrant ritorikasının güclənməsi fonunda isə yerli əhali ilə miqrantlar arasında müəyyən gərginlik yaşana bilər. Bu da öz növbəsində insanlar arasındakı münasibətlərə sirayət edir".

Ekspert deyib ki, reallıqda Rusiyada çoxsaylı qeyri-qanuni miqrantlar yaşayır:

"Zamanında belə şəxslərin sayı milyonlarla idi. Bu kontekstdə də zaman-zaman miqrasiya qanunu sərtləşmə istiqamətində təkmilləşdirilir. İndiki hadisələr fonunda bu istiqamətdə növbəti təkmilləşdirmə istər-istəməz müəyyən məhdudiyyətlərin tətbiqini özündə ehtiva edir".

Həmsöhbərimizə görə, bu məhdudiyyətdə bir neçə komponentdə özünü göstərir:

"Miqrantlarla bağlanan əmək müqaviləsi əvvəl müddətli və müddətsiz olurdu. Müddətli müqavilə isə uzağı iki illikdir. İndi isə təklif olunur ki, müddətsiz müqavilələr bağlanmasın. Bu isə əmək miqrantlarının müəyyən qisminə mənfi təsir göstərəcək. Rus dili və Rusiya tarixindən imtihan verilməsi də əlavə problemlərə yol açır. Digər vacib komponent işə götürülən miqrantların ixtisaslarının uyğunluğu məsələsidir. Uyğun olmadıqda miqrantla müqavilə bağlanmır. Rəsmi məlumatlara görə Rusiyada 200 min Azərbaycan vətəndaşı qanuni əmək fəaliyyətilə məşğuldur. Onların da əksəriyyəti ticarət və tikinti sahəsində cəmləşib". 

Azər Allahverənovun fikrincə, yeni qanunun qüvvəyə minməsilə xüsusi ixtisasların tələb olunduğu sahələrdə soydaşlarımızla bağlanılan əmək müqavilələri dayandırıla bilər:

"Məhdudiyyət və sərtləşdirmə istənilən halda miqrantların vəziyyətinə mənfi təsir göstərir. Bundan əziyyət çəkən minlərlə insan iş yerlərini itirməli olacaq. Nəticədə onların da bir hissəsi vətənlərinə qayıtmalı olacaq. Düşünmürəm ki, azərbaycanlı miqrantlar arasında bu kateqoriyadan olan insanlar çoxluq təşkil etsin. Lakin istənilən halda Rusiyanın miqrantlarla bağlı əmək bazarında müəyyən dəyişikliklər baş verəcək. Əməkçi  miqrantlarla bağlı rəqəmsal nəzarət sistemin işə salınması dövlət nəzarətinin yeni mexanizm əsasında həyata keçiriləcəyindən xəbər verir".

Qeyd edək ki, Rusiyanın Əmək Nazirliyi "Xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna dəyişiklik etməyi planlaşdırır. Məlumata görə, yeniliklər əmək müqavilələrinin müddətinə də təsir edəcək. Əcnəbi ilə əmək müqaviləsinin bağlanma müddəti indiki kimi müddətsiz deyil, iki illə məhdudlaşdırılacaq. İş icazəsi alanlar bir ay ərzində rus dili, tarixi və Rusiya qanunvericiliyini bildiklərini təsdiq edən sənəd təqdim etməlidirlər. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR