Saat:03:15
Haqqımızda

Rusiya İran-Ermənistan sərhədinə nəzarəti niyə gücləndirdi?

2022-08-09 13:25:00

Rusiya İran-Ermənistan sərhədinə nəzarəti niyə gücləndirdi?

“Rusiya tərəfinin açıqlamasındakı həqiqət payı məncə, həddən artıq yüksəkdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oktay Qasımlı deyib. Politoloq Mehri-Aqarak yoluna nəzarət edən Rusiya FSB-sinin Sərhəd Xidmətinin ötən günkü açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, FSB-nin Sərhəd Xidməti dünənki açıqlamasında vurğulayıb ki, ərazidə Rusiya hərbçilərinin olmasına səbəb İran-Ermənistan sərhədindən qanunsuz yolla daşınan narkotiklərin sayının artmasıdır. O. Qasımlı əlavə edib:

“Əvvəla onu deyim ki, bölgədə baş verən geopolitik dəyişikliklər artıq 2 ildir ki, başlanıb. Azərbaycanın 44 günlük savaşdan sonra torpaqlarını azad etməsi yeni reallıq yaradıb və 10 noyabr anlaşmasına görə də Zəngəzur dəhlizi açılmalıdır, o cümlədən Ermənistan bununla bağlı öz üzərinə öhdəlik götürüb.

O ki qaldı Rusiya tərəfinin açıqlamasına, burada həqiqət payı məncə, həddən artıq yüksəkdir. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində 765 km-lik Azərbaycan-İran dövlət sərhədinin 132 km-i Ermənistanın işğalı altında olub və bu ərazilərdən İran üzərindən Qarabağa, oradan da Ermənistana, Rusiyaya və digər Avropa ölkələrinə narkotik daşımaları həyata keçirilirdi. 

Azərbaycan 44 günlük savaşdan sonra öz sərhədlərini bərpa edib və ona nəzarəti ələ aldıqdan sonra, bu yolun kəsilməsinə görə, İrandakı narkotacirlər digər yolları yoxlamağa başladılar. Bu yollardan biri də Mehri üzərindən keçən marşrutdur. Bu baxımdan, mən burada təəccüblü heç nə görmürəm və Rusiya tərəfinin yaydığı açıqlama həqiqətdir. Onlar təsadüfi yerə də açıqlama verməzlər”.

Siyasi şərhçi deyib ki, burada başqa siyasi məqsədlər də ola bilər və bu, istisna deyil:

“Yəni bu, Rusiya hərbçilərinin, yaxud sərhəd qoşunlarının sayının artırılması və daha ciddi nəzarətin həyata keçirilməsi ilə bağlı ola bilər. Amma narkotikin daşınması faktı dəqiqdir və bu gizlədiləsi bir şey deyil.

Qısacası, İran üzərindən daşınan narkotiklərin qarşısı Azərbaycan tərəfindən alındığına görə, daşınma marşrutlarından biri kimi Ermənistan yolu qalır və uzun müddət də bu yolda ciddi yoxlamalar olmayıb. Eləcə də həmin bu daşınan malların həcminin artırılması və bir hissəsinin Rusiyaya göndərilməsindən sonra görünür, Rusiya həm də ona görə Ermənistan-İran sərhədində yoxlamalar aparır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR