Rusiya-İran cütlüyünün Azərbaycana qarşı növbəti təxribatı...

2021-09-14 10:34:00

Rusiya-İran cütlüyünün Azərbaycana qarşı növbəti təxribatı...

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı İranın destruktiv siyasətinə qarşı Gorus-Qafan yolunu İran TIR-larına bağlamalı, mümkün üsullardan istifadə edərək, onların Laçın dəhlizində hərəkətinin qarşısı alınmalıdır"

Nazim Cəfərsoy: "Qarabağdakı proseslərdə ciddi şahmat oyunu oynanılır, ona görə də prosesləri anlamaq üçün diqqətlə izləməkdə fayda var"

Natiq Cəfərli: "Azərbaycanın Gorus-Qafan yoluna post qoyması, ərazidən keçən maşınları yoxlaması Ermənistanda şok effekti yaradıb"

Samir Hümbətov: "İranın tutduğu bu ikibaşlı siyasət Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail əlaqələrinin daha da dərinləşməsinə xidmət edir"

İlqar Altay: "İrana cavab olaraq, bu ölkənin Azərbaycandakı separatçı və dini fanatizm, zərərli təbliğat şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdır"

Şovinist fars-molla rejiminin iqtidarda olduğu İran ənənəvi ampluasından çıxış edərək, bu dəfə də Azərbaycan-türk düşmənçiliyini əməli ilə bir daha sübuta yetirib. Belə ki, yayılan informasiyaya görə, 11 avqust - 10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşını qanunsuz olaraq, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağa daxil olub, onlardan 55-si geri qayıdıb, 3 yük maşını isə hələ də Xankəndidədir. Bundan başqa, məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar.

Onu qeyd edək ki, artıq sentyabrın 12-dən etibarən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran nömrəli maşınlar polislərimiz tərəfindən ciddi şəkildə yoxlanılır. Həmçinin, artıq Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə müraciət edərək, sülhməramlıların üçtərəli bəyanata zidd hərəkət etməməsini istəyib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Məktublarda o da qeyd olunub ki, Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

"İranın yük maşınlarının Laçın dəhlizindən qanunsuz şəkildə keçərək, erməni separatçılarına lojistik dəstək verməsi Rusiya-İran tandeminin Azərbaycana qarşı birgə fəaliyyət göstərdiyini deməyə əsas verir"

Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İranın yük maşınlarının Laçın dəhlizindən qanunsuz şəkildə keçərək, erməni separatçılarına lojistik dəstək verməsi Rusiya-İran tandeminin Azərbaycana qarşı birgə fəaliyyət göstərdiyini deməyə əsas verir. Politoloqun sözlərinə görə, İran maşınları birbaşa Rusiyanın göstərişi ilə Qarabağa hərəkət edir: "Halbuki, 10 noyabr birgə bəyannaməsinə uyğun olaraq xarici ölkə vətəndaşlarının dəhlizdən keçib Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülməramlı qüvvələri icazə verməməlidir. Göründüyü kimi, Rusiya "sülhməramlı qüvvələri" Laçın dəhlizini açıq bazar elan edib və istənilən ölkənin nümayəndəsi, yük maşınları Azərbaycan ərazinə keçərək təhlükəsizliyimizi təhdid edirlər. Bunun qarşısı alınmasa, onda Azərbaycana qarşı separatizm inkişaf edəcək". Azərbaycanın ötən ay İrana nota verdiyini xatırladan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, rəsmi Tehran verilən notalara əməl etmir: "İranın əsas məqsədi Azərbaycana qarşı erməni separatizmini ayaqda saxlamaq, onu inkişaf etdirməkdir. Rəsmi Bakı İranın bu destruktiv siyasətinə qarşı Gorus-Qafan yolunu İran TIR-larına bağlamalıdır. Eyni zamanda, mümkün üsullardan istifadə edərək, İran TIR-larının Laçın dəhlizində hərəkətinin qarşısı alınmalıdır. Düşünürəm ki, Laçın dəhlizində postumuz olmayınca, Azərbaycana qarşı bu kimi təxribatlar davam edəcək".

"Ehtimal ki, Azərbaycan tərəfi haqlı mövqeyini Rusiya sülhməramlılarının komandiri ilə görüşdə tələb kimi ortaya qoyub və tədbir görülməsini istəyib"

"Hürriyyət"in məlumatına görə, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bu qənaətdədir ki, Müdafiə Nazirliyinin sözügedən bəyanatında ən diqqət çəkən məqamlardan biri "xahiş olunmuşdur" ifadəsidir: "Belə ki, həmin bəyanatın Rusiya sülhməramlılarının komandirinin Azərbaycanın müdafiə naziri tərəfindən qəbul edilməsindən sonra gəlməsi diqqəti cəlb edir. Hesab edirəm ki, İran maşınları məsələsinin bu görüşdə gündəmə gəlmə ehtimalı çox yüksəkdir. Ehtimal ki, Azərbaycan tərəfi bu barədəki haqlı mövqeyini Rusiya sülhməramlılarının komandiri ilə görüşdə tələb kimi ortaya qoyub və tədbir görülməsini istəyib. Qarşı tərəf də məsələ ilə razılaşıb, ancaq Azərbaycan tərəfinin ictimaiyyətə edəcəyi rəsmi açıqlamanın üslubunun sərt olmamasını xahiş edib. Ola bilsin ki, bəyanatdakı "xahiş olunmuşdur" ifadəsi də bunun məhsuludur".

QAFSAM-ın sədr müavininin fikrincə, Azərbaycan dövləti həm də bu açıqlama ilə xalqın haqlı narazılığını nəzərdə saxlanıldığını da ifadə edib: "Diplomatik müzakirələrdə belə şeylər olur, əvvəl razılaşırlar, sonra uyğun bir üslubla ictimaiyyətlə paylaşılır. Əgər razılaşma olmursa, bir tərəf narazılığını qarşı tərəfə həm də ictimai mənada bildirərək, xalq və digər xarici dövlətlərin dəstəyini almağa çalışır. Məsələn, Azərbaycan tərəfi daha əvvəl Laçın dəhlizindən Ermənistan silahlı qüvvələrinin keçidi ilə bağlı çox sərt açıqlamalar vermişdi. Sonra Laçında Türkiyə ilə ortaq manevrlər keçirildi. Hətta bəzi məlumatlara görə, Rüstəm Muradovun Azərbaycanın müdafiə naziri ilə vida görüşünün və yeni komandirin qəbulunun o tarixdə keçirilməməsi də bizim tərəfin vəziyyətdən narazılığından yaranmışdı". Nazim Cəfərsoy onu da qeyd edib ki, Qarabağdakı proseslərdə ciddi şahmat oyunu oynanılır: "Həm Azərbaycan, həm Rusiya, həm də Ermənistanın şahmat məktəbi çox güclüdür, ona görə prosesləri anlamaq üçün diqqətlə izləməkdə fayda var".

"Bu, bəzi boşboğazların "Onsuz da Ermənistan 7 rayonu qaytarırırdı da, daha niyə döyüşdük" kimi çərənnəmələrinə cavabdır"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gorus-Qafan yoluna post qoyması, ərazidən keçən maşınları yoxlaması Ermənistanda şok effekti yaradıb: "Hətta artıq "qoymayın, türklər bizim maşınlarımızı oğurlayır" kimi başlıqlar, manşetlər atırlar. Deməli, Ermənistan sakini "UAZ" markalı maşınla ərazimizə daxil olub, özü də etiraf edir ki, bizim ordunun nəzarətində olan əraziyə daxil olub. Orada yanacağı bitib, maşını qoyub gedib yanacaq gətirməyə, qayıdanda görüb ki, "UAZ" yerində yoxdur və bunu bütün Ermənistan KİV-ləri "oğurluq" kimi qələmə verirlər. Əslində, gələcəkdə sürücüsüz, nəzarətsiz maşınlar ərazimizdə tapılsa, risk etmək lazım deyil, yerindəcə məhv edilməlidir. Çünki minalanmış ola bilər, terror xarakterli təxribat, tələ ola bilər. Təbii ki, nəzarətsiz olan, ərazimizdə tapılan maşın götürülməli, yoxlanılmalı idi, bunu "oğurluqla" nə əlaqəsi?! Son 26 ildə işğal başlarını o qədər havalandırmışdı ki, sərhədin Tərtərdən, Ağcabədidən, Bərdədən, Gəncədən, Horadizdən başladığına inanmışdılar. İşğal etdikləri əraziləri özününkü hesab edirdi, yollar çəkirdilər, bu ərazilərin veç vaxt Azərbaycana qayıtmayacağından əmin idilər". Məhz bu səbəbdən də ermənilən indi şok yaşadıqlarını deyən politoloq əlavə edib ki, 44 günlük Vətən Savaşından öncə Gorusa, Qafana bizim ordunun nəzarət etdiyi torpaqlardan 150-200 km məsafə var idi, indi ordumuz Qafanın, Gorusun yaxınlığındadır: "Polisimiz isə bunların işğal zamanı bizim torpaqlarda inşa etdiyi yollarda post qurublar. Bu isə Ermənistanda ciddi psixoloji gərginlik yaradıb. Bu bir daha bəzi boşboğazların, "Onsuz da Ermənistan 7 rayonu qaytarırırdı da, daha niyə döyüşdük" kimi çərənnəmələrinə cavabdır, göstəricidir. Ermənistan danışıqla bir kənd belə, qaytarmayacaqdı. Bu cür iddiada olanlar ağ yalan danışırlar, manipulyasiya ilə məşğuldurlar".

"Ortaya çıxan mənzərədən belə qənaətə gəlmək olar ki, İran Azərbaycanın ərazi bütövlüyünü həzm edə bilmir və bütün imkanları ilə Azərbaycana qarşı olan qüvvələrlə eyni cəbhədə yer almağı davam etdirir"

"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov isə qeyd edib ki, şimal qonşumuz Rusiya kimi cənub qonşumuz İran da Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma rejimə dəstək verməklə Azərbaycana qarşı hörmətsizliyini davam etdirir: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra İran dövlət nömrə nişanlı maşınlar dəfələrlə qanunsuz şəkildə Azərbaycandan icazə almadan rus "sülhməramlıları"nın müvəqqəti nəzarətində olan Laçın dəhlizindən keçməklə qondarma rejimə müxtəlif təyinatlı məhsullar daşımaqdadırlar. İran tərəfi bəzi hallarda Azərbaycanın daha çox diqqətini çəkməmək məqsədi ilə özlərinin yük maşınlarına Ermənistan dövlət nömrə nişanları da taxırlar. Baş verən prosesləri təhlil edərkən, ortaya çıxan mənzərədən belə qənaətə gəlmək olar ki, İran Azərbaycanın ərazi bütövlüyünü həzm edə bilmir və bütün imkanları ilə Azərbaycana qarşı olan qüvvələrlə eyni cəbhədə yer almağı davam etdirir". İrandakı bəzi dairələrin hər fürsətdə açıq şəkildə anti-Azərbaycan siyasətinə dəstək verməyə çalışdığını vurğulayan siyasi ekspertin sözlərinə görə, rəsmi Tehran bəzən Azərbaycanla bağlı qardaşlıq nağılları danışsa da, əməlləri ilə təkcə Azərbaycana deyil, eyni zamanda müsəlman dünyasına qarşı düşmənçilik mövqeyi tutan Ermənistana dəstək verir: "Fikrimcə, İranın tutduğu bu ikibaşlı siyasət Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu isə bölgədə yeni reallıqların yaranmasına səbəb ola bilər".

"Azərbaycan öz ərazilərinə daxil olan dəniz qoşunlarında hərbi təlimlər keçirir və buna görə də kiməsə hesabat vermək, yaxud da kimdənsə icazə almaq məcburiyyətində deyil"

Samir Hümbətov bildirib ki, İran 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hər cür yardımlar edib və bu tendensiya indi də davam etməkdədir: "İstər 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başladılmış II Qarabağ savaşı dövründə, istərsə də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra İranın Ermənistana yardımları davam etməkdədir. Təbii ki, İranın "xeyirsevərliyi" bununla bitmir, eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə əsasən müvəqqəti olaraq rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə hələ də varlığını sürdürməyə çalışan qondarma rejimə də dəstəklərini davam etdirməkdədir. 1 ayın statistikasına əsasən, İrana məxsus 58 yük maşını Laçın dəhlizi vasitəsi ilə Azərbaycanın Qarabağ ərazisinə qeyri-qanuni giriş edib. Görünən odur ki, iranlı rəsmilər qonşu dövlətin ərazisinə qeyri-qanuni daxil olmağı unudub, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə təşkil etdiyi hərbi təlimlərə köklənməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü pozaraq qeyri-qanuni şəkildə Qarabağa yük daşıyan İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə deyib ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir. Keçirilən təlimlərlə bağlı açıqlama verən Xətibzadə "Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq", deyə əlavə edib. Xətibzadənin söylədiyi fikirlərə cavab olaraq bildirmək istərdim ki, Azərbaycan İrandan fərqli olaraq heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir və heç bir dövlətin ərazi bütövlüyünü qeyri-qanuni şəkildə pozmur. Xəzərdə hərbi təlimlərin keçrilməsinə gəlincə, Azərbaycan öz ərazilərinə daxil olan dəniz qoşunlarında hərbi təlimlər keçirir və buna görə də kiməsə hesabat vermək, yaxud da kimdənsə icazə almaq məcburiyyətində deyil". Siyasi ekspert hesab edir ki, Azərbaycan və Türkiyə digər ordu növlərində olduğu kimi, dəniz sularında da hərbi təlim keçirmək hüququna malikdir: "Əgər İran araşdırma aparmaq niyyətindədirsə, öncə öz maşınlarının niyə qeyri-qanuni yollarla Azərbaycanın Qarabağ bölgəsinə girişini araşdırsın".

"İranın molla rejimi qarşısında azacıq güzəşt etmək, onların harınlayaraq daha ağır formada üstümüzə gəlməsi ilə nəticələnə bilər"

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay da bu qənaətdədir ki, İranın yük maşınlarının Laçın dəhlizindən qanunsuz şəkildə keçərək, erməni separatçılarına dəstək verməsi rəsmi Tehranın Azərbaycanın ərazisini, onun toxunulmazlığını pozmasından başqa bir şey deyil: "İran Azərbaycan ərazisi olan Qarabağdakı erməni separatçılarına icazəsiz, qanunsuz olaraq dəstək yükü daşımaqda davam edir. Aydın şəkildə görünür ki, rəsmi Tehran dövlətimizin rəsmi xəbərdarlığına, o cümlədən cəmiyyətimizin etirazına məhəl qoymadan erməni separatçıları ilə qanunsuz əlaqəni davam etdirir. Bu isə bizim suveren dövlətin ərazisini, onun toxunulmazlığını açıq-aşkar pozmaq deməkdir. Bunu belə buraxmaq olmaz. Çünki İranın molla rejimi qarşısında azacıq güzəşt etmək, onların harınlayaraq daha ağır formada üstümüzə gəlməsi ilə nəticələnə bilər. Odur ki, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq İrana sərt şəkildə təpki verilməlidir". İlqar Altayın fikrincə, İrana cavab olaraq, bu ölkənin Azərbaycandakı separatçı və dini fanatizm, zərərli təbliğat şəbəkəsi nəzarətə götürülməli, onların zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdır: "Həmçinin, İrandakı soydaşlarımızın molla rejimi tərəfindən pozulan haqlarının etirazlı müdafiəsi təşkil edilməlidir. Əgər bundan sonra da İran öz zərərli hərəkətlərinə davam edərsə, o zaman İrandakı on milyonlarca soydaşımızın muxtariyyətini, müstəqilliyini təbliğ və tələb etməliyik".

Vazeh BƏHRAMOĞLU