"Rusiya ilə Qərb arasında yaranmış yeni şərait rəsmi Bakının maraqlarına uyğundur" - Kənan Novruzov

2023-05-25 11:38:00

"Biz hər iki gücün "qabağa düşmək" cəhdlərindən istifadə edərək öz maraqlarımızı təmin etməliyik"

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüş münasibətlərin irəliləməsinə və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi. Rusiyanın görüşü müsbət qiymətləndirməsi gözlənilən idi. Beləliklə, Moskva həm də öz “məharətini” göstərmək istəyir, uğurlu vasitəçi olduğunu deyir. Əvvəllər də dediyimiz kimi, Cənubi Qafqazda Rusiya ilə Qərb, o cümlədən Qərbin leytmotivi ABŞ arasında mübarizə gedir. Tərəflər bütün imkanları ilə bir-birilərini qabaqlamağa çalışırlar". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspertin sözlərinə görə, Vaşinqtonla Moskvanın Azərbaycan- Ermənistan münasibətlərinə, o cümlədən sülh müqaviləsinə yanaşmaları fərqlidir: "Belə ki, Ağ Evi daha çox düşündürən iqtisadi maraqlardır. İqtisadi maraqların təmin olunması üçün regionda təhlükəsizlik təmin olunmalı, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır. Rusiya isə əksinə, regionda “daşların yerinə oturmasında” o qədər də maraqlı deyil. Çünki Rusiyanın bölgədəki mövcudluğu ancaq gərginlik sayəsində mümkündür. Kreml bütün imkanları ilə təşəbbüsü əldən verməməyə çalışır. Çünki başa düşür ki, ABŞ-ın sülh məsələsində rolu artıqca həm də regiondakı təsir imkanları güclənir. Bu isə Rusiyanın strateji maraqlarına ziddir. Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Fikrimcə, Kreml ənənəsindən fərqli olaraq bu görüşdə müəyyən nəticələrin əldə olunmasına çalışacaq. Bu, ABŞ-ın vasitəçilik səylərini kölgədə qoymaq üçün Rusiyaya lazımdır".

Onun fikrincə, Kreml liderlerin görüşündən sonra müzakirələrdən razı qaldığını bildirəcək: "Ümumiyyətlə, hazırda Kremlin vasitəçilik fəlsəfəsi təxminən belədir: bizim səylərimiz nəticəsində irəliləyiş təmin olunur, deməli, təmasları davam etdirmək lazımdır. Rusiyanın vasitəçilik səyləri səmimi deyil, amma bu dövlət məhz ABŞ amilinə görə səylərini davam etdirməyə və xüsusilə Azərbaycanı qane etməyə məcburdur. Əks halda Moskva moderatorluq rolunu tamamilə itirə bilər. Rusiya ilə Qərb arasındakı rəqabət fonunda yaranmış yeni şərait rəsmi Bakının maraqlarına uyğundur. Biz hər iki gücün "qabağa düşmək" cəhdlərindən istifadə edərək öz maraqlarımızı təmin etməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.223471