Saat:21:14
Haqqımızda

Rusiya hərbi donanması Xəzərdə niyə aktivləşib? - ŞƏRH

2024-11-20 23:43:41

Rusiya hərbi donanması Xəzərdə niyə aktivləşib? - ŞƏRH

"Siyasi cəhətdən etiraz notası vermək məqsədə uyğun deyil. Ağıllı addımlar atmaqla zamanı, məqamı gözləməliyik".

Hurriyyet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiya hərbi donanmasının son zamanlar Xəzər akvatoriyasında aktivləşməsini şərh edərkən deyib.

İbrahim Rüstəmlinin sözlərinə görə, Rusiyanın əsrlərdir ki, siyasətində heç nə dəyişməyib və dəyişməyəcək:

"Rusiya zaman-zaman ətrafdakı əraziləri özünə ilhaq edib. Bu ölkənin də siyasətində müstəmləkə siyasəti əsas prioritetdir. Ona görə də Azərbaycan kimi ölkələr onunla maksimum şəkildə ehtiyatlı davranmalıdır"

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu istiqamətdə doğru siyasət yürüdür: 

"Rusiya ilə münasibətlərdə balanslaşdırılmış siyasət prinsipi həyata keçirilir. Amma bu o demək deyil ki, Rusiya öz ətrafındakı ölkələrə münasibətdə mövqeyini dəyişəcək. Eyni vəziyyət Xəzər dənizi məsələsində də yaşanır. Xəzəryanı digər ölkələrin  sözügedən məsələ ilə bağlı Moskvaya etiraz edəcəyi ağlabatan deyil. Rusiya özünü az qala Xəzərin tək sahibi kimi aparır. Hazırda Rusiya Ukraynaya görə, az qala bütün dünyaya qarşıdır".

Ekspertə görə, qəzəbli Rusiyaya qarşı indiki dövrdə Xəzərlə bağlı hər hansı bir jestin edilməsi mənasızdır:

"Bu onu daha da qəzəbləndirə bilər. Dünya yeni geosiyasi reallıqlarla üz-üzədir. Belə vəziyyətdə Xəzəryanı ölkələr maksimum dərəcədə ehtiyatlı davranmalıdır. Mövcud durumda Rusiyaya bu məsələ ilə bağlı nota vermək nə siyasi baxımdan, nə də digər səbəblərdən doğru olmaz. Bizim kimi ölkələr üçün gözləmə mövqeyi tutmaq, səbirli olmaq gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir". 

İbrahim Rüstəmli düşünür ki, Moskva Xəzər donanmasını Qərbə qarşı mübarizə məqsədilə gücləndirir:

"Rusiyanın Xəzər donanmasını silahlandırması region üçün ciddi problemlər yaşada bilər. Müharibənin birbaşa Xəzər üzərinə etapı ölkəmiz üçün də təhlükədir".

Qeyd edək ki, artıq Xəzər dənizini də demək olar döyüş meydanına çevrilib. Rusiyanın Xəzərdəki hərbi qüvvələri buradan Ukraynaya zərbələr endirir. Halbuki Xəzərsahili ölkə liderlərinin 2018-ci il avqustun 12-də imzaladıqları Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə görə "Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli" nəzərdə tutulub. 

Rusiya konvensiyanın bu bəndini artıq dəfələrlə pozub. Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev də bildirib ki, Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192081