Saat:09:07
Haqqımızda

"Rusiya Ermənistanla əlaqələrin normallaşmasına imkan verməyəcək"

2021-08-03 11:16:00

Məhəmməd Əsədullazadə: "Ermənistanın tezliklə sülh müqaviləsinə və nəqliyyat əlaqələrinin bərpasına gedəcəyini gözləməməliyik"

Nurlan Qələndərli: "Ermənistan hazırkı mərhələdə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışsa da, birdəfəlik geosiyasi qaçış şansı yoxdur"

44 günlük İkinci Qarabağ Müharibəsində məğlubiyyətə düçar olan Ermənistan müxtəlif yollara baş vuraraq 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etməkdən boyun qaçırır. Son günlər sərhəddə baş verən təxribatlar bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Belə ki, avqustun 1-i və 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edək ki, ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə Ermənistanın sərhəddə törətdiyi təxribatlar da müzakirə olunub. Nazirlikdən verilən məlumata görə, son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Zakir Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Nazir həmçinin, döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib, döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginliyi şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko mətbuata açıqlamasında sərhəddə təxribatların, atışmanın hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitə olduğunu bildirib. Korotçenko hesab edir ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması, habelə Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsini həll etmək istəmir: "Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə hazır olduğunu bildirən Fransanı cəlb etməyə çalışırlar". Onun fikrincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə etdikləri razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir. Korotçenkonun sözlərinə görə, Ermənistan onillərlə yeritdiyi destruktiv siyasəti davam etdirir. Ordusu darmadağın olduqdan və məğlub edildikdən sonra da Ermənistan reallıqları qəbul etmək istəmir: "Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur".

"10 noyabr və 11 yanvar razılaşmalarının Rusiyanın maraqları çərçivəsində kağız üzərində qalması mümkündür"

Bu arada, Ermənistan hökumətindən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, ötən gün Ermənistan prezidenti Armen Sərkisyanın imzaladığı fərmana əsasən Nikol Paşinyan yenidən düşmən ölkənin baş naziri təyin olunub. Həm bu, həm də mövzuya dair digər məsələlərlə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, bu gün Ermənistanın yeganə çıxış yolu 10 noyabr və 11 yanvar razılaşmlarına əməl edərək ölkəni blokadadan çıxarmaq, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdir: "Lakin Paşinyanın buna tezliklə gedəcəyi mümkün görünmür. Paşinyan ilk növbədə çalışacaq ki, ölkəsində Rusiyanın mövqelərini zəiflətsin. Həmçinin, Azərbaycanla sərhəddə təxribatlara əl atacaq. Qarabağda separtizmə dəstək verərək, status məsələsini ilkin şərt olaraq ortaya qoyacaq. Odur ki, Ermənistanın tezliklə sülh müqaviləsinə və nəqliyyat əlaqələrinin bərpasına gedəcəyini gözləməməliyik. Çünki Rusiya da bunda maraqlı deyil. Rusiya yalnız Azərbaycan onun orbitində yer almaqla mümkün razılaşmalara işıq yandıracağı mesajlarını verir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Jirinovskinin Azərbaycana qarşı təhdidləri də bu siyasətin tərkib hissəsidir: "Ermənistanla üçtərəfli imzalanan sənədlərin elə sənəd olaraq qalma ehtimalı var. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiyasında da erməni tərəfi danışıqlarda maraqlı olmayacaq. Rusiya da Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasına imkan verməyəcək.

Xüsusilə, 10 noyabr və 11 yanvar razılaşmalarının Rusiyanın maraqları çərçivəsində kağız üzərində qalması mümkündür. Ona görə də Azərbaycan sərhəddə Ermənistana maksimum təzyiq etməli, Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı mümkün lokal əməliyyatlar həyata keçirməlidir. Paşinyan baş nazir olaraq rəsmi vəzifəsinə başladığından, Azərbaycan Ermənistandan razılaşmalara əməl edilməsini tələb etməlidir. Əks təqdirdə, Ermənistanın dövlət sərhədindəki təxribatlarına qarşı ciddi əks həmlə ilə sülhə məcbur etmə əməliyyatları olmalıdır. Belə olmayacağı təqdirdə, Ermənistan Qərbin dəstəyi ilə vəziyyəti dəyişməyə cəhd edəcək. Amma buna nail olması mümkün görünmür". Rusiyanın mövqeyinə gəldikdə isə politoloq bildirib ki, bundan sonra rəsmi İrəvanla Moskva arasında bir sıra problemlərin baş verməsi gözlənilir: "Odur ki, Azərbaycan bu imkanlardan istifadə edib Ermənistanı razılaşmalara əməl etməyə vadar edə bilər".

"Azərbaycanın geostrateji pressinqi qarşısında iqtisadi və siyasi taqətdən düşən Ermənistan sülh müqaviləsinə imza atacaq"

Politoloq Nurlan Qələndərli də bu fikirdədir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, üzərinə düşən siyasi-hüquqi öhdəlikləri yerinə yetirməyən Ermənistan bəzi regional güc mərkəzlərinin direktivləri əsasında imitasiya ilə məşğuldur: "Məqsəd artıq tarixə qovuşmuş münaqişənin hələ də mövcudluğu görüntüsü yaratmaq və bəhs olunan güc mərkəzlərinin bir sıra məhdud, dağıdıcı maraqlarının təmininə nail olmaqdır. Amma Azərbaycanın yaratdığı, bütün region üçün rifah və inkişaf vəd edən yeni geostrateji reallıqlar bu xaotik plan və niyyətləri puç edir. Çünki hazırkı geostrateji situasiya regional və bölgədənkənar aktorların ortaq əməkdaşlıq platformasında birləşməsinə və mühüm siyasi-iqtisadi dividendlər qazanmasına geniş imkanlar yaradır". Politoloqun qənaətincə, Ermənistan hazırkı mərhələdə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışsa da, birdəfəlik geosiyasi qaçış şansı yoxdur: "Yeni gerçəkliklər kontekstində regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə əlaqədar şərtləri Azərbaycan diktə edir. Qalib və haqlı Azərbaycanın geostrateji pressinqi qarşısında iqtisadi və siyasi taqətdən düşən Ermənistan sülh müqaviləsinə imza atacaq. Sadəcə, məğlub ölkə və ona havadarlıq edən qüvvələr anlamalıdırlar ki, zaman onların əleyhinə işləyir".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR