"Rusiya ən geci gələn ilin yazında məğlub olacaq" - XAQANİ CƏFƏRLİ

2022-08-25 15:22:00

"Əgər Hımars raket komplekslərinin sayı 100-ə çatarsa, Ukrayna ordusu lazım olan silah-sursatla təmin edilərsə, o zaman bir neçə aydan sonra Rusiyanın məğlubiyyəti fakta çevrilə bilər"

"Ən gec halda 2023-cü ilin yazında Rusiya məğlub olacaq". Bu sözləri politoloq Xaqani Cəfərli Hurriyyet.az-a açıqlamasında, Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun fikrinə münasibət bildirərkən deyib.

"Ukrayna Qərbdən gələn böyük həcmdə silah-sursatdan, hərbi texnikadan asılı vəziyyətdədir. Ukraynanın qələbəsi, Qərbin bu silah-sursat və texnikanı nə zaman, hansı miqdarda və zəruri vaxt ərzində təqdim etməsindən, Ukraynaya göndərməsindən asılı olacaq. Əgər yaxın zamanlarda Qərb Ukraynanı yeni silahlarla təmin edərsə və xüsusilə, bu günə kimi təqdim etdiyi 20 ədəd Hımars zenit raket komplekslərinin miqyas baxımından əhatəsini genişləndirərsə, həm də yeni raketlər təmin edərsə, Ukraynanın qələbəsi daha da yaxın zamanda gözlənilir" deyən politoloq qeyd edib ki, ABŞ və onun müttəfiqləri Ukraynaya cəmi 20 ədəd Hımars raket kompleksi təqdim edib: "Bu zenit raket kompleksləri isə döyüş bölgəsindəki vəziyyəti tarazlaşdırmağa imkan yaradır. Hətta bəzi məntəqələrdə artıq Ukraynanın üstünlüyü müşahidə olunur. Əgər həmin zenit raket komplekslərinin sayını 50-yə və hətta Ukraynanın istədiyi kimi 100-ə çatdırmaq mümkün olsa, o zaman Rusiyanın məğlubiyyəti heç şübhəsiz ki, qaçılmaz olacaq. Qeyd edim ki, həmin Hımars raketləriABŞ-da artıq 540 ədəd oldu. Ukrayna bu raketlərin daha 50-70 ədədinin ona verilməsini təkid edir. Ancaq həmin raket komplekslərindən ABŞ-ın digər mütəffiqlərində də var. Xüsusilə, NATO-un ilk üzvü olan dövlətlərdə və hətta NATO-ya üzv olmayan bəzi dövlətlərdə də həmin zenit raket komplekslərindən mövcuddur".

Politoloq əlavə edib ki, Ukraynanın qələbəsinin böyük bir qismi ABŞ başda olmaqla, Qərbin köməyindən asılıdır: "Bütün hərbi ekspertlərin belə bir qənaəti var ki, əgər Hımars raket komplekslərinin sayı 100-ə çatarsa, Ukrayna ordusu lazım olan raket və silah-sursatla təmin edilərsə, o zaman bir neçə aydan sonra Rusiyanın məğlubiyyəti fakta çevrilə bilər. Ona görə də Reznikov haqlı olaraq bəyan edir ki, Ukraynanın qələbəsi çox böyük bir qisimdə Qərbin yardımlarından asılı olacaq. Ümid edirəm ki, Qərb Ukraynanın bu ümidlərini gerçəkləşdirəcək. Xüsusilə, ABŞ-ın ötən gün Ukraynaya təxminən, 3 milyard  dollarlıq yardım ayırması bu ümidlərin reallığa çevriləcəyini göstərir. Belə görünür ki, Rusiyanın məğlubiyyəti qaçılmaz bir xarakter alır və çox güman ki, biz Reznikovun da qeyd etdiyi kimi, bu ilin sonu, ən geci 2023-cü ilin yazında Ukraynanın qələbə qazanmasının, Rusiyanın məğlubiyyətinin şahidi olacağıq".

Qeyd edək ki, Ukrayna müdafiə naziri Oleksiy Reznikov "Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız vəqabiliyyətimiz var. Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəbərlər alacaqlar" deyərək, Ukraynanın qalib olacağını bəyan etmişdi.

Nərmin Məmmədli,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078236