"Rusiya defoltdan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır" - VÜQAR BAYRAMOV

2022-04-15 13:33:00

"Hələlik Moskva ilə Brüssel arasında digər bütün məsələlərdə olduğu kimi enerji ödənişləri üzrə valyuta növü ilə bağlı anlaşma əldə etmək mümkün olmur"

"Rusiyanın satdığı mavi qazın haqqının hansı valyutada ödənilməsi hələ də Avropada müzakirə edilən məsələlərdəndir. Niderland hökuməti də Moskvaya rubl ilə ödənişlər etməyəcəyini bəyan edib. Qeyd edək ki, ötən il Niderlandın Rusiyadan məhsul idxalı 18.4 milyard avro olub və onun da 87.0 faizi xam materiallar, o cümlədən neft və qaz idi". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

CESD sədri bildirib ki, Avropa Birliyindən yalnız Macarıstan Rusiyaya mavi qaza görə rubl ödəməkdə maraqlıdır: "Bu arada, Rusiya Mərkəzi Bankı rublun dollara məzənnəsini 82.6 bəndədək möhkəmləndirib. Yəni, rəsmi kursa əsasən, 1 dollar almaq üçün 83 rubldan az vəsait ödəmək lazımdır. Bununla yanaşı, bazarda daha doğrusu “qara bazarda” rublun kursu daha aşağıdır. Xüsusən böyük məbləğdə nağd dollar almaq üçün rəsmi məzənnəyə nisbətən daha çox rubl tələb edir".

Millət vəkilinin sözlərinə görə, rəsmi Moskva üçün mavi qazı rubla satmaq bir tərəfdən milli valyutasının məzənnəsi, digər tərəfdən isə xarici borc öhdəliklərini həyata keçirmək baxımdan vacibdir: "Belə ki, Rusiyanın defolt olmaq təhlükəsi beynəlxalq qiymətləndirici şirkətlərin ən çox müzakirə etdiyi məsələlərdəndir. Rusiyanın Avropaya enerji idxalının həcminin 2021-ci ildə 108 milyard dollar olduğunu nəzərə aldıqda mavi qazın rubla satılmasının Moskva üçün əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Söhbət həmin məbləğdə vəsaitin Rusiya bankı vasitəsi ilə rubla çevrilməsindən gedir. Hələlik Moskva ilə Brüssel arasında digər bütün məsələlərdə olduğu kimi enerji ödənişləri üzrə valyuta növü ilə bağlı da anlaşma əldə etmək mümkün olmur. Görünən odur ki, Rusiya defoltdan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya