Rusiya çıxış yolu axtarır - Putin üçün bir seçim qaldı

2022-06-02 16:36:00

Rusiya çıxış yolu axtarır - Putin üçün bir seçim qaldı

Rusiya diplomatik mühasirədən çıxış yolları axtarır. Rusiyanın Avropada tərəfdaşı qalmayıb. Doğrudur, Serbiya və Macarıstan kimi Avropa dövlətləri Rusiyaya qarşı sanksiyaların əleyhinədirlər. Hər ikisinin Rusiyanın neft və qazına ehtiyacı var. Ancaq Belqrad və Budapeşt belə Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə haqq qazandıra bilmirlər”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə bildirilib ki, Serbiya Avropa İttifaqına üzv olmaq istəyir və buna görə gələcəkdə Brüsselin təlimatlarından kənara çıxara bilməyəcək:

“Avropadan əli üzülən Kremlin yeganə ümidi Çinədir. Moskvada “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” adlı konfrans keçirilib. Sayca 7-ci olan bu konfransda iki ölkənin elm adamları və diplomatları bir araya gəliblər. 2015-ci ildən bu yana keçirilən konfrans iki ölkə arasındakı əlaqələrin strateji və praktik tərəflərini müzakirəyə çıxarır. İlk konfransın 2015-ci ildə keçirilməsi təsadüfi deyil. Bundan bir il əvvəl Rusiya Krımı ilhaq etmiş və Donbasda separatçı bölgə yaratmışdı. Nəticədə Kremlin Qərblə münasibətləri gərginləşdi və Moskva üzünü Avropadan Çinə çevirdi.

Konfransda çıxış edənlər Qərbin Rusiya və Çinə qarşı təzyiq siyasəti yürütdüyü bildiriblər. Bunda qeyri-adi heç nə yoxdur. Rusiyanın işğalçı siyasəti və Çinin artan hərbi gücü və qonşularına qarşı “əzələ nümayişi” Qərbin bu iki dövlətə qarşı siyasətini sərtləşdirməyi diktə edib.
“Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov mövcud durumu belə xarakterizə edib: “NATO Avropa ilə yanaşı Asiyaya da daxil olub, Rusiya və Çin sərhədlərinin bütün perimetri boyunca problemli nöqtələr yaradıb, bu isə silahlanma yarışının artmasına gətirib çıxarıb”.

Məqalədə vurğulanıb ki, əslində rusiyalı diplomatın dedikləri bütövlüklə Rusiya və Çinə aiddir:

“Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsi, 2014-cü ildə Krımı ilhaq etməsi, Donbasda separatçı bölgə yaratması və bu ilin fevralında Ukraynaya qarşı başlatdığı işğalçı savaş Qərb ölkələrini daha çox silahlanmağa vadar edib. Ukrayna müharibəsinə görə Finlyandiya və İsveç kimi neytral dövlətlər NATO-ya üzv olmağı qarşılarına məqsəd qoyublar. Bu arada, Çinin hərbi qüdrətini artırması və Tayvan adasına artan iddiası ABŞ-la yanaşı bölgə ölkələrindən Avstraliya, Hindistan və Yaponiyanı da yeni və modern silahlar almağa vadar edib. Rusiya və Çin siyasətlərini dəyişdirməyincə silahlanma yarışı tam gücüylə davam edəcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya