“RUSİYA BİZİ YORMAĞA ÜMİD EDİR...” - “NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsinə töhfə verməyə çalışırıq”

Edqars Skuya: “Latviya Azərbaycanla logistika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”
Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Latviya xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Latviya SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Hələ SSRİ dövründə Latviyanı digər Baltikyanı ölkələr kimi “Sovet İttifaqının Qərbi” adlandırırdılar. Latviya müasir sənaye potensialı, əhəmiyyətli logistika infrastrukturu ilə Azərbaycan üçün cəzbedici tərəfdaşdır. Riqa, həmçinin Avropa İttiffaqı və NATO üzvü kimi də Azərbaycanla çoxtərəfli formatda tərəfdaşlıq edir. Hazırda Azərbaycanın Avropa İttifaqı ilə genişlənən enerji tərəfdaşlığı və rəsmi Bakının nəqliyyat-logistika sahəsində təşəbbüsləri Latviya ilə əməkdaşlığı ön plana çəkir.
Azərbaycan mediasına ilk müsahibəsini “AzPolitika.info” saytına verən Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ikitərəfli münaisbətlərin gələcək perspketivlərini şərh edib, ölkəmiz üçün əhəmiyyətli regional və qlobal məsələlərlə bağlı Riqanın yanaşmalarını diqqətə çatdırıb.
-Cənab səfir, Latviya ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi əlaqələr çox sahələrdə uğurla inkişaf edir. İkitərəfli münasibətlərin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz və yeni səfir kimi gələcəyə baxışınız necədir? Prezidentlə görüşünüzdə İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu, ölkə başçılarının səfərlərinin əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd edib.
-Demək istərdim ki, onilliklər ərzində Latviya ilə Azərbaycan arasında həmişə dostluq münasibətləri olub və biz bu yolla da davam etməkdə maraqlıyıq. Ötən həftə strateji tərəfdaşlığın ikinci raundu çərçivəsində baş tutan siyasi məsləhətləşmələr təsdiq etdi ki, biz yaxın tərəfdaşıq, çox açıq və səmimi dialoqumuz var. Biz yüksək səviyyəli siyasi dialoqu, parlament əməkdaşlığını və nazirlər səviyyəsində təmasları davam etdirməyi səbirsizliklə gözləyirik.
Akreditasiya mərasimində mən Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Prezidenti İlham Əliyevə Latviyaya səfərə olan dəvətini təsdiqlədim. Bununla belə, bizim tərəfdaşlığımız mədəni mübadilə, təhsil, ticarət və iqtisadiyyat, bilik və təcrübə mübadiləsi də daxil olmaqla əməkdaşlığın müxtəlif sahələrini əhatə edir.
Latviya səfirliyi isə 2021-2024-cü illər arasında NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyasını həyata keçirir(NATO CPE). Biz NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsinə töhfə verməyə çalışırıq. Bu il noyabr ayının 18-də biz Latviya Respublikasının elan olunmasının 105-ci ildönümünü qeyd edəcəyik.
Keçmişə gəlincə, bizim əlaqələrimiz həqiqətən də bir çox sahələrdə uzunmüddətli tarixə malikdir və bu, gələcək əməkdaşlığımıza perspektivlər verir. Sualınıza qısaca cavab verək: mənim prioritetlərim qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirməkdir.
-Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər daha da genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi artır. Latviya Azərbaycana qida, dərman və maşınqayırma məhsulları ixrac edir. Azərbaycan Latviya ilə neft, qaz və kimya məhsulları kimi sektorlarda əməkdaşlıq edir. Sizcə, ölkələrimiz arasında iqtisadi sahədə əməkdşalığın inkişafı üçün hansı yeni təşəbbüslərə ehtiyac var?
-Ölkələrimiz arasında iqtisadi əlaqələr son illərdə müsbət tendensiya ilə inkişaf edir. Ümid edirəm ki, iqtisadi, sənaye, elmi-texniki əməkdaşlıq üzrə Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasınıngələn il iclası keçiriləcək və bu, əlaqələrimizə yeni təkan verəcək.
Biz ixracı artırmaq və investisiya cəlb etmək üçün İKT, ağıllı enerji və yaşıl texnologiyalar kimi əlavə dəyərli sektorlarda gələcək imkanları araşdırmaqda maraqlıyıq.
Bizim biznes ictimaiyyətimiz çox fəaldır, məsələn, Latviya Ticarət və Sənaye Palatası 2023-2026-cı illər üçün Estoniya və Finlandiya tərəfdaşları ilə birgə "Azərbaycana LEF şəbəkə" layihəsində aparıcı tərəfdaşdır. Qarşılıqlı ticarət missiyaları və biznes forumları kimi ilk tanıtım tədbirləri bu ilin aprelində başlayıb.
Nəqliyyat və logistika isə əməkdaşlığın digər sahəsidir. Milli aviaşirkətimiz AirBaltic may ayından avqustun sonunadək davam edən Riqa ilə Bakı arasında mövsümi birbaşa reysləri bərpa etdi və ümid edirəm ki, birbaşa uçuşlar uğurlu olacaq və genişlənəcək. Biz buradakı mağazalarda çoxlu sayda Latviya ərzaq və kənd təsərrüfatı məhsullarını görürük, amma hesab edirəm ki, ixracın və ticarətdövriyyəsinin artırılması şansı var.
Latviya Azərbaycanla təhsil, xüsusən də ali təhsil və tədqiqat sahəsində gələcək əməkdaşlığı təşviq etməkdə maraqlıdır. Məsələn, bu tədris ilində Latviyada Azərbaycandan olan 255 tələbə təhsil alır.
-Azərbaycan daha çox Avropa İttifaqı üzvləri ilə ikitərəfli əməkdaşlığa üstünlük verir, bununla belə Bakı İttifaqın əsas enerji tərəfdaşlarından birinə çevirilib. Azərbaycan hazırda enerji daşıyıcıları ilə təchizat sahəsində etibarlı tərəfdaş kimi çıxış edir. Latviyanın Azərbaycan – Avropa İttifaqı(Aİ) münasibətlərinə və əməkdaşlığına baxışı necədir?
-Latviya Aİ-yə üzv dövlət kimi Aİ-Azərbaycan tərəfdaşlığını dəstəkləyir, əlaqələrin inkişaf etdirilməsində, Latviyanın bilik və təcrübəsindən istifadə edilməsində fəal iştirak edir. Aİ və Azərbaycan münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın əsas ixrac və ikinci ən böyük idxal bazarı olmaqda davam edir. Bir sıra sazişlər və bəyannamələr var ki, onlar fəal şəkildə həyata keçirilir. Aİ-Azərbaycan əməkdaşlığının əsas prioritetləri ticarət, enerji sektoru və qaz təchizatıdır. Həmçinin yaxşı idarəçilik, iqtisadi inkişaf və bazar imkanları, əlaqə, enerji səmərəliliyi, ətraf mühitin qorunması və iqlim dəyişikliyi, insanlar arasında təmaslar kimi məsələləri də deyə bilərəm ki, əməkdaşlığın əsas istiqamətləri arasındadır. Latviya da bu işdə fəal iştirak edir və bunu dəstəkləyir.
-Ayrı-ayrı Aİ üzvü ölkələrin parlamentərinin, həmçinin, Avropa Parlamentinin Azərbaycanın Ermənistan işğalına son qoymasına, öz ərazi bütövlüyünü bərpa etməsinə, 30 il ərzində işğala məruz qalan ölkə kimi işğalın nəticələrini aradan qaldırmasına qərəzli yanaşaraq ədalətsiz qərarlar qəbul etməsi ölkəmizdə hiddətlə qarşılanıb. Xüsusilə, Avropa Parlementinin Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi Avropa İttifaqı ilə bağlı müsbət gözləntiləri puç edir. Avropa Parlamentinin bu qərəzli münasibətini nə ilə izah edərdiniz?
-Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi qətnaməni şərh etmək istəməzdim. Buna baxmayaraq, vəziyyətdən çıxmağın yeganə yolu dialoq və açıq, hərtərəfli müzakirə çərçivəsindədir. Aİ üzvü olan Latviya Aİ-nin sülh danışıqlarını və ya Brüssel prosesini dəstəkləmək səylərinə töhfə verir, minalardan təmizləmə, sərhədlərin delimitasiyası və demarkasiyası və s. kimi problemlərin həllində iştirak edir.
Mənə deyə bilərəm ki, Latviya Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
-Son vaxtlar Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələri ilə əlaqədar müzakirələrdə Kiyevə Qərb ölkələrinin, Avropa İttifaqının əvvəlki kimi yardım göstərə bilməyəcəyi ilə bağlı fikirlər tez-tez səslənir. Xüsusən, ABŞ-nin keçmiş prezidenti Trampın yenidən dövlət başçısı seçilməsi əsas risk kimi qeyd edilir. Latviya prizmasından bu risklər necə dəyərləndirilir və Riqa Avropa tərəfindən Ukraynanın dəstəklənməsi məsələsində hansı mövqedən çıxış edir?
-İcazə verin, Avropa İttifaqının Ukraynaya dəstəyindən başlayım. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bəri Aİ və Avropa Komandasının Ukrayna və ukraynalılara ümumi dəstəyi 82 milyard avronu keçib. Oktyabr ayında Avropa Şurası təsdiq etdi ki, Aİ Ukraynaya davamlı, güclü və uzunmüddətli dəstək istiqamətində siyasi iradəsində vahiddir.
Avropa Şurası Aİ-nin Ukraynaya həm hərbi, həm də qeyri-hərbi dəstəyi hərtərəfli dəstəkləməyi təsdiqləyib. Bəli, Aİ-nin hələ də Ukraynaya konkret uzunmüddətli dəstək haqqında qəbul etməli olduğu bir neçə qərar var. Latviya da Aİ-nin bu qərarları istiqamətində işləmək niyyətindədir.
Latviyada biz bütün formalarda yardımın ləngiməsini müşahidə etmirik. Latviyanın Ukraynaya ümumi ictimai və hökumət dəstəyi 580 milyon avronu keçir - ÜDM-in 1%-i. Bizim diqqətimiz Çerniqov vilayətinin yenidən qurulmasına yönəlib. Əsas prioritetlərimiz bunlardır: sosial infrastruktur; qadınlar üçün mənzil və reabilitasiya.
Rusiya bizi yormağa ümid edir, ümid edirlər ki, vaxt onların tərəfindədir. Biz Rusiyanın səhv etdiyini və yanıldığını sübut edəcəyik. Bilirik ki, təkcə Avropada sülh və sabitlik deyil, həm də qaydalara əsaslanan bütün beynəlxalq nizam təhlükə altındadır.
Müttəfiqlər və Aİ tərəfdaşları Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab verməkdə yekdil olub və olacaqlar. Ukraynaya bütün dəstək lazım olduğu qədər davam edəcək. Biz Ukraynaya uzunmüddətli dəstək verməyə hazırıq – humanitar, hərbi, yenidənqurma, islahatlar. Çoxtərəfli arenada təcrid cəhdləri də daxil olmaqla, Rusiya və Belarusa təzyiqlər davam etdiriləcək.
Baxmayaraq ki, Qərb ölkələri Rusiyaya qarşı görünməmiş qlobal sanksiyalar tətbiq edib və Ukraynaya misilsiz hərbi və maliyyə dəstəyi verib. Sanksiyalar bütün əsas sektorlara təsir edir və uzunmüddətli perspektivdə Rusiyanı zəiflədəcək.
-Rusiyanın Ukraynaya işğalçı hücumu, eyni zamanda HƏMAS-İsrail müharibəsi, İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması bir daha göstərdi ki, mövcud kollektiv təhlükəsizlik mexanizmləri, formatları yeni çağırışlara cavab verə bilmir və işləmir. Xüsusən ATƏT, BMT kimi təşkilatlar faktiki gücsüz vəziyyətə düşüb. Belə bir şəraitdə xüsusən kiçik və böyük dövlətlərlə həmsərhəd ölkələr təhdidlərlə üzləşir. Latviya xarici siyasətdə bu məsələlərə münasibətdə hansı mövqedən çıxış edir?
-Hər bir sivil ölkə kimi, Latviya da güc tətbiqinə, zorakılığa və beynəlxalq normaların pozulmasına qarşıdır. Yaxın Şərqdəki münaqişə ilə bağlı Latviya HƏMAS-ın İsrailə qarşı hücumlarını qətiyyətlə pisləyir. Bu cür hücumlar Fələstin xalqının sülhə olan istəklərini sarsıdır və çox alovlu bir vəziyyətdə eskalasiyanı gücləndirir. Zorakılıq dayandırılmalı və girovlar dərhal azad edilməlidir. Mülki əhalinin daha çox əziyyət çəkməsinin və zorakılığın yayılmasının qarşısını almaq üçün gərginliyin azaldılması çox vacibdir.
Baxmayaraq ki, biz İsrailin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki insanları qoruyarkən öz xalqını müdafiə etmək hüququnu tam olaraq tanıyırıq, Qəzza zolağına humanitar yardımın təhlükəsiz və davamlı çatdırılması, o cümlədən humanitar dəhlizlər və humanitar ehtiyaclar üçün fasilələr vacibdir.
İsrail və Fələstin xalqı ilə həmrəy olaraq, Latviya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 100 000 avro, Ümumdünya Ərzaq Proqramına 20 000 avro, eləcə də İsrail Qırmızı Qalxanına (Magen David Adom) 30 000 avro əlavə maliyyə ayırmaq niyyətindədir.
Beynəlxalq təşkilatların roluna gəlincə, onu deyim ki, həqiqətən də BMT müxtəlif aspektlərdə qiymətləndirilir, tənqid olunur, amma yenə də 193 ölkəni birləşdirən əsas təşkilatdır. Biz müstəqilliyimizi və beynəlxalq statusumuzu bərpa etdikdə Latviya üçün BMT-nin rolu böyük olub. İndi Latviya 2026-2027-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürüb. Latviya Azərbaycanın bu baxımdan dəstəyini yüksək qiymətləndirir.
Latviya BMT Təhlükəsizlik Şurasında olmaqla beynəlxalq sistemi daha yüksək səviyyədə müdafiəsində, qlobal sülh və təhlükəsizlik məsələlərinin həllində iştirak edə biləcək.
ATƏT haqqında - mən razıyam ki, ATƏT daxilində müzakirələr həqiqətən də 90-cı illərin əvvəlindən dəyişib, buna baxmayaraq, insan hüquqları, qanunun aliliyi, media azadlığı və demokratiya sahələrində ATƏT-in norma və prinsiplərinə hörmət var.
Sonda deyim ki, mənə burada olduğum ilk həftələrdə göstərilənsəmimi qonaqpərvərliyə görə Azərbaycan xalqına çox minnətdaram və ölkələrimiz arasında firavanlıq və dostluq münasibətləri naminə çalışmağı səbirsizliklə gözləyirəm.
