Saat:16:03
Haqqımızda

“Rusiya Bakının mövqelərini yenidən müəyyənləşdirməyə çalışır”- POLİTOLOQ

2025-12-11 15:19:57

“Rusiya Bakının mövqelərini yenidən müəyyənləşdirməyə çalışır”- POLİTOLOQ

“Rusiya XİN nümayəndə heyətinin Bakıya səfərinin məhz bu mərhələdə baş tutması Moskvanın Cənubi Qafqazda sürətlə dəyişən siyasi dinamikanı yaxından izləmək və proseslərdə aktiv mövqeyini qorumaq niyyətindən irəli gəlir”. 
Bu barədə Hurriyyet.az-a politoloq Züriyə Qarayeva deyib.
“Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş, Vaşinqton formatının güclənməsi və Aİ-nin Ermənistanla imzaladığı yeni sənəd fonunda regionda siyasi xəritə yenidən formalaşır. Rusiya isə həm bu proseslərdən kənarda qalmaq istəmir, həm də Bakının suveren qərarvermə imkanlarının genişlənməsinə uyğun mövqelərini yenidən müəyyənləşdirməyə çalışır”,- deyə politoloq əlavə edib.
Z. Qarayevanın sözlərinə görə, siyasi məsləhətləşmələrin əsas mövzuları böyük ehtimalla sülh sazişi, sərhəd təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və regiondakı yeni ABŞ-Aİ təşəbbüslərinin balanslaşdırılması ilə bağlı olub: “Çünki Moskva üçün Bakı ilə dialoqun gücləndirilməsi həm regional nüfuzu qorumaq, həm də Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında yer itirməmək baxımından həyati əhəmiyyət daşıyır”.
Nəzərə çatdıraq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya Xarici işlər Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə idi. Bildirilir ki, Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
CAVİD