Rus sülhməramlıları cinayət məsuliyyətinə cəlb olunmalıdır - Milli Məclis üzvündən ÇAĞIRIŞ

2022-06-09 15:58:00

Rus sülhməramlıları cinayət məsuliyyətinə cəlb olunmalıdır - Milli Məclis üzvündən ÇAĞIRIŞ

Ermənistan baş prokurorunun ardınca İrəvandan universitet rəhbərlərinin Xankəndi şəhərinə qanunsuz səfəri Rusiya sülhməramlıları ilə bağlı məsələni yenidən gündəmə gətirib. Üçtərəfli bəyanatda qeyd olunduğu kimi, əslində missiyası təxribatların qarşısını almaq olan sülhməramlı qüvvələr nədənsə, özləri Ermənistan tərəfinin qanunsuz əməllərinə alət olurlar. Bu isə haqlı olaraq Azərbaycanda etirazlara səbəb olur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Elman Məmmədov Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların özlərinə qondarma ad qoyduqlarını bildirib:

"Onlara heç kim sülhməramlı mandatı verməyib. Sülhməramlı missiyası Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq qurumlar tərəfindən verilən mandat əsasında müəyyənləşir. Bunlar sadəcə olaraq müəyyən məqsədlə Azərbaycan ərazisində yerləşmiş Rusiya hərbi kontingentidir. Ruslar bizim ərazimizdə yerləşdiyi gündən Azərbaycan qanunlarını pozmaqla məşğuldur. Cinayətkarlara, separatçılara, terrorçulara himayədarlıq etməklə guya xidmət göstərirlər".

Deputat qeyd edib ki, əgər Ermənistanın baş prokuroru, yaxud digərləri Azərbaycanın icazəsi olmadan sərhədləri pozaraq, ərazimizə daxil olubsa, deməli, bunlar cinayətkarlardır:

"Sərhədlərimiz pozanlar Azərbaycanın qanunları əsasında cinayət məsuliyyətinə cəlb olunmalıdır. Onlara kim şərait yaradıb, kim himayədarlıq edibsə, eyni zamanda həmin şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən burada ərazimizdə yerləşən həmin rus hərbi kontingentini nəzərdə tururam".

E.Məmmədov hesab edir ki, Azərbaycana qarşı təxribatların qarşısını almağın yalnız bir yolu var:

"İranla, Gürcüstanla, Türkiyə və Rusiya ilə necə sərhəd buraxılış məntəqələrimiz var və orada bütün səlahiyyət Azərbaycan sərhədçilərindədir, eləcə də Laçın dəhlizi deyilən ərazidə də sərhədçlərimiz dayanıb nəzarət etməlidir. Sərhədimizə kim gəlib, kim gedir, bizim icazəmizlə olmalıdır. Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə gələndə, heç bir sənədə yazılmayıb ki, bunlar Azərbaycana sərhədçilik edəcək. Ermənistana sərhədçilik edirlər, edə bilərlər. Ancaq Azərbaycanda onların sərhədçilik etməyə haqqı yoxdur. Nə də buna ehtiyac var. Hesab edirəm ki, bu təxribat xarakterli məsələlərin təşkilatçısı elə həmin hərbi kontingent və kontingentə rəhbərlik edən Moskvadır. Bunu məqsədyönlü şəkildə edirlər ki, gərginlik yaransın və təhlükəli vəziyyət meydana gəlsin".

Qeyd edək ki, Ermənistanın bir sıra universitetlərinin rəhbərləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qanunsuz səfər edib. Universitet nümayəndələrini Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan qəbul edib.

Görüşdə ali təhsil sahəsi ilə bağlı məsələlər müzakirə olunub. “Qonaqlar” Xankəndidə “ali təhsil sahəsində islahatların aparılması işi”nə kömək etməyə hazır olduqlarını bildiriblər.

Bundan əvvəl Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya