Rus siyasilərin uydurduğu “Xazariya” və “Yeni İsrail” nağılları… - TƏHLİL

2023-01-11 13:07:00

Rus siyasilərin uydurduğu “Xazariya” və “Yeni İsrail” nağılları… - TƏHLİL

Və yaxud Putinin “Novorossiya” planının arxasında hansı maraqlar dayanır…

Gələn ay Rusiyanın Ukrayna torpağına gətirdiyi müharibənin bir ili tamam olacaq. Əslində, Rusiyanın miqyasca özündən kiçik dövlətlər üzərində (Məsələn, Gürcüstanın) qələbəsi, yaxud Qırğızıstanla Tacikistan arasında davamlı sərhəd atışmaları və Ermənistanla Azərbaycan arasında bitməyən ağı kimi tərəfləri bir-birinə qırdırmaqdan qazandığı bonuslar fonunda yaradılan “dünyanın ikinci ordusu” mifi dağılmaqdadır. Amma Kreml öz imicini işğalçı və ilhaqçı kimi göstərməmək üçün media məkanına kifayət qədər təsirli dezinformasiya ötürməyə, baş verənləri öz maraqlarına uyğun təlqin etməyə nail olub. Söhbət Rusiyalı ekspertlərin irəli sürdüyü “Xazariya” və “Yeni İsrail” layihələrindən gedir.

Bu yaxınlarda Ukraynanın Xarkov şəhərində qadağan edilmiş separatçı təşkilat olan "Rus Triedinaya"nın başıçısı Serqey Moiseyevin rus teleqram kanallarından birində çıxışı peyda oldu. Moiseyev Xarkovun 1922-ci ildən Ukraynanın tərkibində olduğunu, əslində isə 1503-cü ildən Xarkov, Sumı, Çerniqov vilayətlərinin Rusiya dövlətinin tərkibində olduğunu, bu ərazilərin 1503-cü ildə ikinci Rusiya-Litva müharibəsinin nəticələrinə görə, hətta 1514-cü ildə Smolensk ilhaq edilməzdən əvvəl ilhaq edildiyini bildirərək adıçəkilən bölgələrin tarixi haqq-ədalət naminə Ukraynanın əlindən alınmasının gərəkli olduğunu iddia etdi.

"Rus Triedinaya" separatçı təşkilatı qondarma “LXR” və “DXR” kimi Xarkovda da “XXR” adlı “respublika”nın qurulması təşəbbüsünü irəli sürüb. Hansı ki, bu separatçı fəaliyyətinə görə təşkilatın fəaliyyəti Xarkov məhkəməsi tərəfindən qadağan olunub.

Yeri gəlmişkən, separatçının ilham aldığı Rusiyanın yeni forması "Novorossiya"dır ki, prezident Putinin Ukraynada müharibəyə başlamazdan əvvəl bunu leksikona daxil etmişdi. Belə ki, Putin ilk dəfə 2014-cü il aprelin 17-də Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra “Novorossiya” kimi qurumun tarixi mənşəyini açıq elan etdi.

"Xatırladıram ki, bura Novorossiyadır. Xarkov, Luqansk, Donetsk, Xerson, Nikolayev, Odessa - çarizm dövründə Ukraynanın tərkibində olmayıb. Bunlar hamısı Sovet hökuməti tərəfindən Ukraynaya verilmiş ərazilərdir. Nə üçün onlar bunu edir, Allah bilir”, - deyə Vladimir Putin ruslarla söhbəti zamanı deyib.

Rəsmi olaraq, “Novorossiya” Ukraynada 2014-2015-ci illərdə mövcud olan rusiyayönlü dövlət qurumunun yaradılması layihəsidir. Bu iddia Maydan hadisələri zamanı, Vladimir Putinin Rusiya İmperiyasının eyniadlı tarixi bölgəsinin adını daşıyan Ukraynanın cənubu və şərqindəki rus iddialarını əsaslandırmaq üçün ortaya "Novorossiya" ifadəsini gətirdiyi zaman meydana çıxdı.

Burada bir haşiyə çıxaraq deyək ki, separatçı Moiseyev də, Putin də adıçkilən ərazilərin rus torpağı olmasını əsaslandırmaq üçün 1503-cü ilə getməyi bilirlər, amma o tarixdən əvvələ gedib indiki Rusiya torpaqlarının Litva knyazlığına aid olduğunun, eləcə də "Novorossiya" məfhumunun XVIII əsrin ikinci yarısında rus-türk müharibələri nəticəsində Osmanlıdan qoparlıb Rusiya imperiyasına birləşdirilən Şimali Qara dəniz bölgəsinin tarixi ərazilərinə verilən ad olmasının, sonradan bu torpaqlarda Xerson, Yekaterinoslav, Tavrida, Bessarabiya quberniyaları, eləcə də Kuban bölgəsi yaradılmasının üstündən astaca keçirlər. Əgər tarixi ədalətdən söhbət gedirsə, bu rus ambisiyalarına sərf edən tərzdə təsbit olunmamalıdır.

İndi gələk məsələnin məğzinə. Moiseyevin və digər rus "ekspertləri"nin iddialarına görə, SSRİ imperiyasının dağılması ərəfəsində guya sovet ərazilərinin bölünməsi bu şəkildə razılaşdırılıb: Rusiyanın ərazisi “Xazariya”, Ukraynanın ərazisi isə “Yeni İsrail” kimi.

Tarixə baxsaq Xazariyanın ərazisi Ön Qafqaz ərazisini, Aşağı və Orta Volqa bölgəsini, müasir Şimal-Qərbi Qazaxıstanı, Azov dənizini, Krımın şərq hissəsini, habelə Şərqi Avropanın çöllərini və Dneprə qədər ərazini əhatə edib. Putinin, "Xəzərlər həm də bizim etnik qrupumuzdur, rus xalqı onları mənimsəyib" ifadələrinə də internet məkanında rast gəlmək olar. Uzun müddət əvvəl Vladimir Putin bu fikri də ifadə etmişdi ki, rus xalqı bir çox etnik qruplardan, slavyanlardan, fin-uqorlardan ibarət olub, həmçinin ölkənin cənubunda Xəzər Xaqanlığın olduğunu qeyd etmişdi.

Bir az daha dərinə getsək rus iqtisadçı ekspert Mixail Xazin, "Dünyada israrla Ukrayna ərazisində orta əsr dövlətini-Xəzər dövlətini yenidən yaratmaq istəyən qüvvələr var. Bununla belə, Rusiya Qərbin gizli planlarının qarşısını vaxtında aldı. Xarici qüvvələr Xəzər xaqanlığını bərpa etmək üçün Ukraynanın imkanlarını maksimum dərəcədə sarsıtmağa hazırlaşırdılar. 30 il ərzində ölkə (Ukrayna) tamamilə müstəqil və özünü təmin etməyən dövlətə çevrilib və bu, yalnız xarici dəstək sayəsində mövcuddur", - deyə Xazin əsassız şəkildə özündən mif uydurur.

“Əgər üçüncü tərəfin yardımı bölünmə (Ukraynanın bölünməsi) və ya ayrılma tələb edərsə, o zaman Ukrayna müqavimət göstərə bilməyəcək. Daha sonra Qərb qüvvələrinə torpaq və pravoslavlıqla məsələni həll etmək lazım idi. Xəzər dövlətini yenidən yaratmaq istəyən tərəflər qeyri-pravoslavdırlar, buna görə də Ukraynada dinin aradan qaldırılması, eləcə də torpaqların əcnəbilərə verilməsi istiqamətində işlər aparılırdı. Ukraynanın keçmiş rəhbəri Pyotr Poroşenko torpaqların əcnəbilərə satışı ilə bağlı qanunun qəbulunda çətinliklərlə üzləşənə qədər Qərb qüvvələri üçün hər şey plan üzrə getdi. İstədiklərinə tam nail olmaq üçün xarici aktorlara bu problemi həll edən başqa bir prezident lazım idi - Vladimir Zelenski. Ukrayna torpaqlarının əksəriyyəti artıq Xəzər dövləti yaratmağa hazırlaşan insanlara məxsus idi. Amma bir anda xüsusi hərbi əməliyyat başladı, bu əməliyyat əslində yeni dövlət yaratmaq planını ləğv etdi. Bununla belə, müvafiq işlər hələ də Qərb tərəfindən aparılır”, deyə Xazin əlavə edib.

O, hesab edir ki, Ukraynada yeni din pərdəsi altında Konstantinopol Patriarxlığı və ya Yunan Katolikliyi kimi başqa bir şeyin qaçaqmalçılığına cəhdlər edilsə də, xarici dövlətlər ölkədəki pravoslavlığı aradan qaldıra bilməyəcəklər. Uzun sözün qısası, göründüyü kimi Xəzər dövlətinin yenidən Qərb tərəfindən tarix səhnəsinə qaytarılması, xortladılması fikri rus "ictimai xadimləri"nin özləri tərəfindən təlqin edilir. Bir tərəfdən də Putin başda olmaqla rus "elitası" ABŞ-ın bu məkanı transformasiya etmək cəhdlərinin qarşısına "Novorossiya" adlı rus imperiyasının yeni formatda tarix səhnəsinə qaytarılması layihəsi ilə çıxırlar. Maraqlısı budur ki, “Novorossiya” anlamı rus imperiyasının əhatə etdiyi torpaqları ehtiva edir. Dolayısı ilə Putin Ukraynanın simasında kollektiv Qərblə döyüşməsinə belə haqq qazandırır.

Ortaya atılan Ukraynada “Yeni İsrail”in qurulacağı uydurması uzun zamandır ki, KİV-lərdə, imternet məkanında "raskrutka" edilir. Bu layihəni "saqqız kimi çeynəyənlər", "Səmavi İsrail" anlamını ortaya atanlar da rus analitiklərinin irəlidə gedənləridir. Əslində Rusiya imperiyasını yenidən tarix səhnəsinə qaytarmaq, xortlatmaq üçün aparılan sistemli işin arxa planda qalması üçün guya hazırda Rusiyada ABŞ-ın təşəbbüsü və iştirakı ilə Xəzər dövlətinin qurulacağını, İsrailin isə Ukraynanı ələ keçirmək fikrində olduğu təlqin edilir və aşılanır.

Bəs, bu uydurma informasiya ilə hədəflənən nədir?

Birincisi, törətdiyi işğalçılıq, ilhaq fəaliyyətində diqqəti özündən yayındırmaq. Bu məsələdə, göründüyü kimi, Kreml başbilənləri suçu ABŞ-la İsrailin üzərinə atırlar. Xüsusilə də İsraili hər bir şeydə suçlamaq Kremlin işinə gəlir. Doğrudur, Ukraynada kifayət qədər yəhudi yaşayır, amma müharibə başlayandan onların çoxu ölkəni tərk edib, İsrailə repatriasiya edib. Bilirik ki, bir dövlətin qurulması, inkişafı asan məsələ deyil və dünyadakı bütün xalqlar, yaxud millətlər buna nail olmurlar. Bu asan başa gələn məsələ olsaydı planetimizdəki bütün etnik qrupların dövləti olardı və israillilər üçün dövlətləri qiymətlidir, rus düşünürlərinin fikrincə, onların min bir əziyyətlə qurub ərsəyə gətirdikləri dövlətdən Ukraynaya köçmək xatirinə vaz keçmələri sayıqlamadan başqa bir şey deyil. Daha da dərinə getsək, bu sərsəmləmə ərazilərin zəbt etdikləri, əhalisini isə genosidə məruz qoyduqları xalqlara qarşı cinayətlərini ört-basdır etmək üçün ortaya atılmış, "raskrutka" edilən dezinformasiyadır. Rusiyanın yəhudiləri "günah keçisi" kimi təqdimatı, İsraili öz dezinformasiya oyununda alət etməsi birinci dəfə deyil. Yəhudilərin guya ki, xristian körpələrinin qanını içməsi uydurmasını xatırlayın.

İkincisi, bir tərəfdən Xəzər dövlətinin tarixi irsini mənimsəməklə, digər tərəfdən bu irsin əsl sahiblərini-daxilindəki türk və müsəlman xalqlarını ABŞ-ın layihəsinin icraçıları kimi gözdən salmaq, dövriyyəyə "Novorossiya" layihəsini soxmaqla ilhaq olunmuş xalqların assimilyasiyasını davam etdirmək, onların can atdıqları müstəqillik, azadlıq, rus şovinizmi buxovlarından qurtulmağa can atan xalqların bu istəklərini beşiyində boğmaq. Əslində, Xazariya dövləti qurulmalı olsaydı bu ən azı həmin dövlətin tarixi sərhədləri çərçivəsində ilk növbədə tatarların layihəsi və qanuni haqqı olardı. ABŞ-ın quracağı xəyali dövlət olmazdı. Putin isə, onun öz təbirində desək, rus xalqının təşəkkülündə xəzərlərin böyük rol oynamasnı vurğulamasındakı məqsədi bu amili ortaya ataraq xəzərlərin əsl varislərinin - hazırda türk və müsəlman xalqlarının mərkəzdənqaçma ilə Rusiya dövlətindən kənarda öz gələcəklərini düşünmələrinə yol verməmək, əksinə öz keçmişlərini də onlarınkı ilə eyniləşdirərək onları orbitindən buraxmamaqdır.  

Bir tərəfdən də Fələstin məsələsi üzərindən müsəlman-İsrail rəqabətindən istifadə etmək. İsraili Ukraynaya sahiblənməkdə suçlamaq ki, Ukraynanın müharibədə qazandığı qələbəni, dünyanın Ukraynanın tərəfində olan ictimai rəyi sarsıtsın. O cümlədən də Ukraynaya rəğbət bəsləyən, müharibədə ukraynalıları dəstəkləyən Rusiyadakı türk, müsəlman əhalinin rəğbətini nifrətə çevirsin. Sanki Ukrayna Rusiyaya qarşı müharibəni ərazilərini işağldan azad etmək üçün yox, orada ikinci yəhudi dövlətinin qurulması üçün aparır, qurbanları bu məqsədlə verir. Halbuki İsrailli ictimai xadim Mixail Fenkel də ortaya atılan bu sərsəmləməyə qarşı neqativ fikrini bildirmiş, bunların əsasının olmadığını ifadə etmiş, Ukraynaya xəyali köç üşün İsrail dövlətindən vaz keçməyəcəklərini açıqlamışdı. İsrail hazırda ərazisindən çıxarılan təbii qazı satışı layihəsini işə salıb və təbii qazın dünya üçün nə qədər önəmli olduğunu, bu məcrada gedən geosiyasi rəqabəti, enerji dəhlizləri uğrunda qlobal mübarizənin şahidiyik. İsrail bu önəmli kartı əlindən verib, rifah yaratdığı dövlətini rus fəallarının ortaya atdığı Ukraynaya xəyali köçə razılaşarmı?

İkinci dünya müharibəsindən sonra İsrailin qurulması üçün bəzi ərazilər təklif olunub və bu ərazilərdən biri Madaqaskar olub. Yəhudilər isə imtina ediblər. Hərçənd yəhudilər o zaman özlərini ABŞ-da kifayət qədər yaxşı hiss ediblər. Bundan başqa, İsrail dövləti qurulan zaman Stalin bu msəsələyə dəstək verib. Çünki o zamankı Fələstin ərazisi, hansı ki, orada israil qurulub, Böyük Britaniyanın patronajı altında olub. Stalinin bu davranışı SSRİ-nin Britaniya ilə olan rəqabətindən qaynaqlanıb. İkinci dünya müharibəsində ABŞ ilə Britaniya rəqib durumunda olublar, çünki Vaşqinton Londonu dünya hegemonluq statusundan sıxışıdrıb, SSRİ-ni isə pərdəarxasında dəstəkləyib. Yəni o vaxt da SSRİ-Rusiya İsrailin qurulmasında rol alıb. Yeri gələndə İsrailin hazırkı prezidenti Benyamin Netanyahunun Putinlə dostluq münasibətləri, Dmitri Medvedyevin isə Yerusəlimdəki "Ağlama divarı" qarşısında fotoları mövcuddur.

Hədəf Ukraynanı türk və müsəlmanların nifrət hədəfinə çevirməkdir. Prezident Zelenskinin sabiq müşaviri Arestoviç isə Ramzan Kadırovun silahlıları ilə bağlı məsələdə müsəlmanlara neqativ münasibət körüklənən zaman kadırovçular ilə çeçenləri qarışıq salmamaq gərəkdiyini, Kadırov üzündən islamın təhqirə məruz qalmasının yolverilməzliyini, Ukrayna ordusu sıralarında Çeçen batalyonunun, Krım batalyonunun döyüşdüyünü bildirmişdi.    

Maraqlı bir məqam budur ki, bu iddianın baş təlqinçisi milliyyətcə tatar olan analitik Timur Şanqereevdir və onun seyrçi kütləsi, xüsusilə müsəlman kütlə "tilovun ucuna taxılan yem" kimi bu fikrə gözübağlı inanıblar. Əlbəttə, Kremlin kəşfiyyat texnikası və xəfiyyə bacarıqları kifayət qədər yaxşı səviyyədədir. Bunun bir səbəbi də adıçəkilən şəxsin "müsəlman olmasıdır". Dezinformasiya əməliyyatı Kreml tərəfindən ustalıqla hazırlanıb və kütlələrə aşılanır. İstənilən şəxsə hansısa doğru olmayan xəbər, yaxud məlumat ona yaxın olan biri tərəfindən veriləndə inanmaq dərəcəsi daha çox olur. Kreml də bu məqamı doğru olaraq nəzərə alıb və istifadə edir. Andrey Devyatov da bu uydurmanın təqlinçilərindəndir.

Daha bir nüans. Dünyanın qloballaşmaya doğru getdiyini hər kəs görür və bunu müşahidə etmək üçün çox ağıllı olmaq gərəkmir. Hətta bir sıra ekspertlər dövlətlərin xarakterinin dəyişəcəyini də irəli sürürlər. Mümkündür ki, perspektivdə dövlətlərin fərqli sahələri daha çox korporasiyalar tərəfindən idarəolunmaya məruz qalacaq. Klaus Şvabın təqdim etdiyi "Böyük Sıfırlama" projesinin birinci fazasını koronavirus pandemiyası ilə həyatımızda yaşadıq. Bəllidir ki, dünya yeni formasiya astanasındadır və dünyada sürətlə təbəqələşmə gedəcək. Yəni yeni dövlətlərin yaranması yox, əksinə kiçik dövlətlərin sıradan çıxacağı, onların federasiyalar, regional qurumlar çərçivəsində birləşmələri daha çox gündəmdədir. Məsələn, Türk Dövlətləri Təşkilatları buna bir nümunədir. Əgər söhbət Ukraynanın müharibədən sonrakı bərpasındakı yəhudi sərmayəsindən gedirsə, bunun üçün xəyali köç lazım deyil. Hər dövlət xarici sərmayəni cəlb etmək üçün çalışır və yəhudi sərmayəsinin Ukraynaya gəlməsində qəbahət yoxdur.    

İndi anlamlar, siyasi-iqtisadi-mədəni sistemlər, dövr fərqlidir. 2014-cü ildən bəri Minsk razılaşmaları adı altında ABŞ, Almaniya, Fransa Ukraynanı Putinə təslim olmağa razı sala bilmədi. İndi Ukrayna daha çox həmrəy, həmfikir olur, bir-birinə sarılıb, daha çox millətləşib. Bundan başqa, Ukraynada Rusiyaya qarşı rus imperializmindən əziyyət çəkən millətlərin nümayəndələri döyüşür. Tarixi Xəzər ərazisinin nümayəndələri Rusiyanın dekolonizasiyası üçün Ukraynanın yanndadırlar. Ukrayna-Rusiya müharibəsi yalnız ukraynalılarla rusların müharibəsi deyil, yaxşı bilirik ki, Rusiya Ukraynada qalib gəlsə vəhşi caynaqlarını post-sovet məkanının digər mənsublarına yönəldəcək. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsi rus imperializmindən, şizofrenik şovinizmindən əziyyət çəkən bütün millətlərin müharibəsidir. Rusiya "Mumiya" filmindəki tabutundan xortlamış meyit kimi xortlamaq eşqindədir və niyyətini ört-basdır etmək üçün hədəf şaşırdır, ictimai rəyi çaşdırır, dövriyəyə dezinformasiya atır, yanlış hədəfləri təlqin edir. Təki özünü sudan quru çıxarsın. Bizsə Rusiyanın bir dövlət kimi tarixin zibilliyinə yuvarlanacağı, zəbun olacağı, yoxluğa qovuşacağı, darmadağın olacağı günü həsrətlə gözləyirik. 

Ülviyyə ŞÜKÜROVA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165952