Ruben Vardanyanın təxribatları erməniləri DAHA ÇƏTİN VƏZİYYƏTƏ SALACAQ

2022-12-27 11:29:00

Ruben Vardanyanın təxribatları erməniləri DAHA ÇƏTİN VƏZİYYƏTƏ SALACAQ

Məhəmməd Əsədullazadə: "Xankəndidə farsca plakat qaldıranlar SEPAH-ın hərbi təlimatçılarıdır, buradan da aydın şəkildə görünür ki, İran bütün istiqamətlərdə Azərbaycana qarşı hibrid müharibə aparır"

Elxan Şahinoğlu: "Ermənilər yataqlarda monitorinqə icazə vermək fikrində deyillər, ona görə də yol daima Azərbaycanın nəzarət altında olmalıdır"

Turan Rzayev: "Rəsmi Bakı həm Ermənistana, həm separatçılara, həm də üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır"

Asif Nərimanlı: "Bakıya "müharibə elan" edən Vardanyan özəl hərbi şirkətlərin separatçıların "müdafiəsi"nə cəlb edilməsinə pul xərcləyə bilər"

Bugünlərdə, daha dəqiq desək, dekabrın 25-də erməni separatçıları rusiyalı milyarder Ruben Vardanyanın təşkilatçılığı ilə Xankəndidə mitinq keçiriblər. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, sadə ermənilər mitinqə gəlməyə məcbur edilib, əks halda işdən qovulacaqları ilə hədələniblər. Qeyd olunur, iştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar paylanılıb, Xankəndi ətrafından və Qarabağın rus sülhməramlıların nəzarətində olan digər rayonlardan gələnlərə isə yanacaq paylanılıb, maşını olmayanların avtobuslarla gəlişi təmin edilib.

Onu da nəzərinizə çatdıraq ki, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Fransa prezidenti Emmanuel Makron Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər. İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını da vurğulayıb.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər etdiyinə, 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcəyinə dair məlumat da yayılıb. Əslində isə Paşinyan Kremldən yeni vədlər almağa, eyni zamanda bundan sonra atılacaq addımları dəqiqləşdirməyə gedir. Kremlin mətbuat katibi Dmitri Peskovun açıqalaması da deyilənləri təsdiqləyir. Belə ki, o, Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmasa da, ikitərəfli görüşlərin olacağını bildirib. Peskov əlavə edib ki, MDB liderləri Sankt-Peterburq sammiti zamanı ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər: "İkitərəfli təmaslar, təbii ki, olacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək".

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə qeyd edib ki, Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir: "Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti yerində həll etmək üçün səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik". Qaluzinin fikrincə, indiki halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil: "Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər. Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə kömək etməyə hazırdır".

"İrəvanla sülh danışıqlarında səkkiz kəndin boşaldılması da əsas şərtlərdən biri olacaq"

Beləliklə, separatçıların Xankəndidə keçirdikləri mitinq, Fransa prezidentinin İlham Əliyevə zəngi, həmçinin İranın Ermənistana dəstəyi ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, sözügedən mitinq Ruben Vardanyanın növbəti təxribatıdır. Onun sözlərinə görə, bu cür əməllər erməniləri daha da çətin vəziyyətə salacaq: "Onlar bu mitinqlə dünyanın diqqətini dəhlizə cəlb etmək istəyirlər. Amma unudurlar ki, bütün problemlərin həlli Azərbaycanla normal əlaqələrdən keçir. Onu da qeyd edim ki, Xankəndidə farsca plakat qaldırılıb. Bu plakatı qaldıranlar bir müddət əvvəl Qarabağa İran tərəfindən göndərilən SEPAH-ın hərbi təlimatçılarıdır. Buradan da aydın şəkildə görünür ki, İran bütün istiqamətlərdə Azərbaycana qarşı düşməncəsinə hibrid müharibə aparır".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, məhz bu səbəbdən də rəsmi Bakı Güney Azərbaycan məsələsini daim gündəmdə saxlamalı, güneyli fəallara ciddi dəstək verilməlidir: "Bunun məqsədlə də Cənubi Azərbaycandan olan fəalların xaricdə diasporamızla birləşmələri üçün işlər həyata keçirilməlidir. Çünki İranın teokratik və terror hökuməti Azərbaycanın təhlükəsizliyi üçün təhdiddir. Ona görə də Azərbaycan SEPAH-ı rəsmən terror təşkilatı kimi tanımalıdır. İran Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara dəstək verir. Bu səbəbdən də Azərbaycan və Türkiyə İranın Avropaya nəfəsliyini kəsməlidir. Gürcüstanı da bu prosesə qoşaraq İranı iqtisadi blokadaya almaq lazımdır. İran müsəlman qoşunları və uzaq olmayan müsəlman ölkələrinə qarşı düşmən siyasət aparır". Bu gün İranın yalnız Ermənistanla normal münasibətlərinin olduğunu vurğulayan politoloq bildirib ki, Zəngəzur dəhlizini açıb İranı bundan da məhrum etməliyik: "Düşünürəm ki, İsrail və ABŞ növbəti aylarda İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Yaxın Şərqdə və regionumuzda sülhün, təhlükəsizliyin təməli qoyulacaq".

Emmanuel Makronun İlham Əliyevə zənginə də toxunan Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, İrəvanla sülh danışıqlarında səkkiz kəndin boşaldılması da əsas şərtlərdən biri olacaq: "Bildiyiniz kimi, Fransa prezidenti dövlət başçısı İlham Əliyevə zəng edərək, Laçın dəhlizinin açılması və sülh danışıqlarında vasitəçilik etmək üçün hazır olduğunu qeyd edib. Lakin Fransanın vasitəçilik missiyasında konstruktiv mövqe tutması gözlənilmir. Çünki Makron da Paşinyan kimi dəyişkən siyasətçidir. Onu da vurğulamaq lazımdır ki, İlham Əliyev Makronun nəzərinə Ermənistanın Azərbaycanın 8 kəndini işğalda saxladığını da çatdırıb. Təbii ki, bu, sıradan bir mesaj deyil. Bununla Azərbaycan Ermənistana sülh danışıqları üçün bu kəndlərin də boşaldılmasını şərt kimi irəli sürüb. Azərbaycan müharibədən sonra bu məsələnin üzərindən sükutla keçirdi. Lakin Ermənistanın Azərbaycanın üçüncü sülh təkliflərinə cavab göndərməsi və yeni şərtlər irəli sürməsi prosesin kulminasiyası deməkdir. Buradan da görünür ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ona görə də Azərbaycan rəsmən səkkiz kəndin boşaldılmasını danışıqlar predmetinə salmalı və yalnız bu halda danışıqlara qatılacağını rəsmən elan etməlidir. Əks təqdirdə isə 8 kəndin azad olunması üçün hərbi əməliyyatlar keçirə bilər".

"Lavrov Vardanyanla bağlı "o bizdən deyil" desə də, Kremlin nəzarətindəki media ona informasiya dəstəyini artırıb"

Ruben Vardanyanın Qarabağa gəldiyi 4 ay ərzində separatçıların lideri halına gəldiyini və Araik Arutunyanı arxa plana keçirdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, müxtəlif istiqamətlərdən təzyiqlər rəsmi Bakının qərarlarlna təsir etmir: "Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır. Rusiya xarici işlər naziri Sergey Lavrov "o bizdən deyil" desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb. Vardanyan Xankəndidəki mitinqin piarını da təşkil edib, elə indicə "Evronyus" kanalında geniş reportaj yayınlandı, proqramda ermənilərin mövqeyi işıqlandırılıb. Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu hərbi qarşıdurma ilə yanaşı, həm də bir beyin yarışmasıdır, Odur ki, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq".

Politoloq onu da bildirib ki, Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən istifadə edirlər: "Nəticə yoxdur, etiraz davam edir. Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə deyib ki, bəs 26 dekabrda guya yol açılacaq. Niyə məhz 26 dekabrda? Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa "razılaşmaya" ümid edirlər. Ancaq həmin toplantıda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə, bunun yoldakı etiraza təsir edəcəyini söyləmək mümkün deyil. Çünki ermənilər etirazı dayandıracaq şərti – yataqlarda monitorinqə icazə vermək fikrində deyillər". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır: "Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır".

"Vardanyan faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində "tərəf" olaraq qəbul etdirilməsinə çalışır"

Ruben Vardanyanın məhz dekabrın 25-də Xankəndidə aksiya keçirməsinin təsadüfi olmadığını bildirən siyasi şərhçi Turan Rzayevin qənaətincə, o, MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşü ərəfəsində aksiya keçirməklə bir sıra planlarını reallaşdırmağa çalışır: "Bu, Vardanyanın ikinci cəhdidir. Məsələ ondadır ki, oktyabrın 30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş ərəfəsində Vardanyan Xankəndidə mitinq təşkil etdi. Vardanyan bu iki cəhdlə faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində "tərəf" olaraq qəbul etdirilməsinə çalışır. İkincisi, Vardanyan yaxşı bilir ki, separatçılar mövzusunda həm Qərb ölkələri, həm də Rusiya ortaq mövqeyə malikdir. Buna görə də mühüm görüşlər öncəsi aksiya təşkil edərək "Qarabağ əhalisi Bakını istəmir" mesajını ötürür. Üçüncüsü, Vardanyan mitinqdə çıxışı zamanı açıq şəkildə "Ya Azərbaycana inteqrasiya olunuruq, ya burdan köçüb gedirik, ya da savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir", deyə bildirib. Bu, Bakıya qarşı açıq müharibə elanı etməkdir".

Bununla da Vardanyanın son sözünü dediyini vurğulayan siyasi şərhçinin fikrincə, rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır: "Konkret desək, aksiyalara dövlət dəstəyi verilməli, mövcud aksiyaçı sayı 5-10 misli artırılmalıdır. Beləcə, Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər".

""Vaqner" tipli özəl hərbi şirkətlərin bölgəyə "sülhməramlı" formasında, yaxud "mülki geyim"də hərbçilər göndərə biləcəyi ehtimalı nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir"

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Laçın yolunda aksiyanın başlanmasından sonra Bakını bombalamaq çağırışı edən rus ekspertləri artıq "Vaqner" muzdlularının Qarabağa göndərilməsi təklifini gündəmə gətirirlər: "Belə ki, milli təhlükəsizliyin ictimai tətbiqi problemlərinin tətqiqi mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki tövsiyə verib. Birincisi, SEPAH-dan dəstək almaq: "Vardanyanın timsalında "arsax" rəhbərliyi Tehrandan hərbi kontingentin gəlməsini istəyə, SEPAH-ın real hərbi dəstəyini əldə edə bilər". İkincisi, "Vaqner"in Qarabağa gətirilməsidir: "Zəngin erməni diasporu bir neçə özəl hərbi şirkətə müraciət edə, "arsax ordusu"na dəstəyi təmin edə bilər, bunun "Vaqner" olması da mümkündür". İstisna deyil ki, ehtiyatda olan polkovnik bununla Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini də aparır və zəngin ermənilər özəl şirkətləri separatçıların "müdafiəsi"nə cəlb etmək təklifini dəyərləndirə, Xankəndidəki mitinqdə Bakıya "müharibə elan" edən milyarder Vardanyanın özü də bu işə pul xərcləyə bilər". Bu səbəbdən də siyasi şərhçi qeyd edib ki, "Vaqner" tipli özəl hərbi şirkətlərin bölgəyə "sülhməramlı" formasında, yaxud "mülki geyim"də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir.

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192538