Rövşən İsmayılov: “Sabit tarifin tətbiqində məqsəd maliyyə yükünü artırmaq deyil”

Sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil.
Bunu Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.
O bildirib ki, sabit tarif xərcəsaslı metodologiyanın tarif elementlərindən biridir: “Bunun tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Hər hansı əlavə tarif elementlərinin tətbiqi tarif xərclərini artıra bilməz”.
R.İsmayılov qeyd edib ki, sabit tarifin tətbiqində əsas məqsəd sabit və dəyişkən xərclər baxımından doğru şəkildə struktutlaşdırılmasıdır: “Məsələn, 2 abonent var və onlardan 1-nin 1, digərinin 2 mənzili var. Amma həcmdə istehlakı eynidir və eyni həcmdə ödəniş edir. Üç mənzilin infrastruktur xərcləri 2 abonent arasında bölünür. Bunun daha ədalətli olmasını sabit tarifə keçməkdə görürük. Sayğacla bağlı xərclər hətta istehlak olmasa belə həmin abonentin istehlak xərclərinə aid edilmiş olacaq. Bu beynəlxalq təcrübədə tətbiq olunan sistemdir”. \\Report
